Modern.az

Azərbaycanda bir sıra dövlət qurumlarının ləğvi təklif edilir

Azərbaycanda bir sıra dövlət qurumlarının ləğvi təklif edilir

Ölkə

9 Fevral 2011, 17:28

Vüqar Bayramov: “Ölkədə korrupsiyasiz mühitə nail olmaq üçün idarəetmə aparatında institusional və  sturktur islahatlara ehtiyac var


Nazirliklərdə anti-korrupsiya müşavirələri davam etməkdədir. Hələlik ortada olan nəticə bir sıra qurumlarda vəzifə öhdəliklərinin icrası zamanı korrupsiyaya yol verən kadrların işdən azad edilmələri, həbslərdir. Antikorrupsiya tədbirlərinin ölkə iqtisadiyyayına, bazarın seqmentlərinə  necə  təsir edəcəyi sual olaraq qalmaqdadır.
 İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov  korrupsiyaya qarşı mübarizənin daha səmərəli aparılması üçün təkcə inzibati metodları deyil, institusional və  sturktur islahatların aparılmasını vacib sayır. Onun sözlərinə görə,  beynəlxalq maliyyə qurumları dəfələrlə struktur islahatlarının aparılması təklifləri ilə çıxış  ediblər: “Müəyyən dövrlərdə  struktur islahatları diqqəti çəksə də, son illər Azərbaycanda idarəetmə strukturunun dəyişməsinə yönələn islahatlar hələlik aparılmır. Struktur islahatlarının aparılmaması bürokratik aparatın şişməsinə, korrupsiya imkanlarının genişlənməsinə zəmin yaradıb. O baxımdan korrupsiyaya qarşı mübarizənin ciddi şəkildə aparılması məqsədilə idarəetmə aparatında institusional və  sturktur islahatlara ehtiyac var. Yalnız struktur islahatları aparmaqla korrupsiyaya qarşı mübarizəni gücləndirmək mümkündür”.

V.Bayramovun fikrincə, idarəetmə aparatının səmərəliliyinin qorunması, bürokratik əngəllərin və korrupsiya hallarının qarşısının alınması üçün bir sıra dövlət qurumları birləşdirilməli, bəzi idarələrə isə müstəqil dövlət qurumu statusu verilməlidır: “Struktur islahatları iqtisadi idarəetmənin müxtəlif sektorlarını əhatə etməlidir. İslahatlar nəticəsində “Azərsu” ASC ,  “Meliorasiya və Su Təsərrüfatı” ASC ləğv edilərək, hər iki qurumun  bazasında yeni agentliyin – Dövlət Su Agentliyinin yaradılmasını, “Azərenerji” SC-nin Dövlət Neft Şirkətinə birləşdirilməsini, Dövlət Gömrük Komitəsinin ləğv edilərək Vergilər Nazirliyinin tərkibində idarə formasında fəaliyyət göstərməsini, Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilərək İqtisadi İnkişaf Nazirliyinin tərkibinə verilməsini, Dövlət Sosial Müdafiə Fondunun ləğv edilərək departament şəklində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsini, eləcə də İqtisadi İnkişaf Nazirliyinin tərkibindəki Antiinhisar Departamentinin nazirlikdən ayrılaraq Rəqabətin Müdafiəsi Agentliyinin yaradılmasını təklif edirik”.

İqtisadçı  MDB-nin əksər ölkələrində Rəqabətin Müdafiəsi Agentliyinin fəaliyyət göstərdiyini diqqətə çatdırır: “Agentliyə  bazara müdaxilə, inhisar hallarının qarşısının alınması üçün ciddi səlahiyyətlərin verilməsinin təmin olunmasını təklif edirik.Bundan əlavə Sənaye və Energetika Nazirliyinin ləğv edilərək, funksiyalarının bir qisminin Neft Şirkətinə verilməsini, o cümlədən İqtisadi İnkişaf Nazirliyinin bazasında Yanacaq Energetika Departamentinin formalaşmasının təmin olunmasını təklif kimi irəli sürürük. Sahibkarlıq subyektləri və əhali ilə daha çox işləyən nazirliklərdə müşahidə şüraları yaradılmalıdır. Həmin  şuraların tərkibinə yalnız dövlət qurumlarının deyil, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri daxil edilməlidir”.

İSİM rəhbərinin fikrincə, struktur dəyişikliklərinin aparılması   idarəetmə aparatının daha sağlam, çevik işləməsinə imkan verə bilər: “Bu, korrupsiya hallarının qarşısının alınması ilə bağlı uzunmüddətli, dayanıqlı mübarizənin təmin olunmasına imkan yarada bilər”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır