Modern.az

Etik qaydaları pozan nazirliklərin adları açıqlandı

Etik qaydaları pozan nazirliklərin adları açıqlandı

Ölkə

10 Fevral 2011, 14:13

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddə­si­nin birinci hissəsinə uyğun olaraq Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 2010-cu il ərzində beş müsahibə elan edilib. Modern.az-ın məlumatına görə, bu barədə Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan xəbər verilib.  
Birinci müsahibəyə 3 dövlət orqanı üzrə 3 vakant dövlət qulluğu vəzifəsi çıxa­rılıb. Müsahibədə iştirak etmək üçün 8 namizəd qeydiyyata alınıb. Nami­zədlərdən 1-i müsahibədən uğurla keçib və vakant vəzifəyə təyin edilib.
İkinci müsahibəyə 6 dövlət orqanı üzrə 35 vakant dövlət qulluğu vəzifəsi çıxarıl­ıb. Müsahibədə iştirak etmək üçün 30 namizəd qeydiyyata alınıb. Namizəd­lərdən 12-si müsahibədən uğurla keçmiş və onlardan 11-i vakant vəzifələrə təyin edilib.
Ötən ilin 21, 29 oktyabr və 26 noyabr 2010-cu il tarixində növbəti müsahibələr elan edilib. Müsahibələrə ümumilikdə 21 dövlət orqanı üzrə 204 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb. Müsahibələrdə iştirak etmək üçün 119 namizəd qeydiyyata alınıb. 21 və 29 oktyabr tarixdə elan edilmiş müsahibələr başa çatıb və müsahibələrdə uğur qazanmış namizədlər vakant vəzifələrə təyin edilmək üçün müvafiq dövlət orqanlarının rəhbərlərinə təqdim edilib.
26 noyabr 2010-cu il tarixli elan üzrə namizəd kimi qeydə alınmış vətəndaşlarla isə müsahibələrin 2011-ci ildə keçirilməsi nəzərdə tutulub.
2010-cu il ərzində 19 dövlət orqanında 110 vəzifə üzrə daxili müsahibə keçirilib. Müsahibə üzrə qeydiyyatdan keçmiş 101 namizəddən 75 nəfəri iddia etdiyi vəzifəyə uyğun hesab edilib.
Hazırda 14 dövlət orqanı üzrə 111 inzibati vəzifə daxili müsahibəyə çıxarılıb. Qeydiyyatdan keçmiş namizədlərlə müsahibələrin keçirilməsi 2011-ci ilin yanvar ayı üçün nəzərdə tutulub.
2010-cu ildən başlayaraq inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulması ilə bağlı mərkəzləşdirilmiş qaydada müsabiqə və müsahibələrin keçirilməsi prosesində apellyasiya məhkəmələri, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi, bir sıra yerli iqtisad, hərbi və rayon (şəhər) məhkəmələri iştirak edib.
2010-cu il ərzində Komissiyaya müsahibələrin nəticələri üzrə ümumilikdə 43 apellyasiya şikayəti daxil olub. Bunlardan 35-i təmin olunmayıb. Apellyasiya komissiyasının qərarına əsasən apellyasiya şikayəti təqdim etmiş namizədlərdən 7 nəfərinin müsahibə nəticələri ləğv edilərək yeni müsahibə keçirilib. Keçirilmiş yeni müsahibələr nəticəsində 3 namizəd iddia etdiyi vəzifəyə uyğun hesab edilib, 4 nəfər isə keçid balını toplamayaraq iddia etdiyi vəzifəyə uyğun hesab edilməyib. Bir namizədin isə müsahibə nəticəsi Apellyasiya komissiyasının qərarına əsasən ləğv edilmiş və namizəd, yeni müsahibə keçirilmədən iddia etdiyi vəzifəyə uyğun hesab edilib.

Dövlət Komissiyasından bildirilib ki, dövlət qulluqçuları və vətəndaşlardan etik davranış qaydalarının pozulması ilə bağlı Komissiyaya daxil olmuş şikayət və məlumatlar üzrə araşdırma aparılıb. Komissiyaya daxil olan müraciətlərdən 5-i etik davranış məsələləri ilə bağlı olub. Komissiya tərəfindən aparılan araşdırma nəticəsində həmin müraciətlərdən 3-nün əsassız olduğu müəyyən olunub, 2-si isə təmin olunub.
Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi  İnkişaf Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Sənaye və Energetika Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Qubadlı Rayon İcra Hakimiyyəti, Kürdəmir Rayon İcra Hakimiyyəti, Kəlbəcər Rayon İcra Hakimiyyəti, İmişli Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti, Laçın Rayon İcra Hakimiyyətində qulluq keçən dövlət qulluqçuları tərəfindən etik qaydaların pozulması hallarına yol verilmiş və bununla bağlı müvafiq intizam tənbeh tədbirləri tətbiq olunub.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür