Modern.az

Elmlər Akademiyasından orjinal təklif: "Korrupsiyaya qarşı mübarizədə alimlərin təcrübəsi tətbiq edilsin"

Elmlər Akademiyasından orjinal təklif: "Korrupsiyaya qarşı mübarizədə alimlərin təcrübəsi tətbiq edilsin"

Ölkə

10 Fevral 2011, 16:59

Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbədənkənar iclası keçirilib. Modern.az-ın məlumatına görə, elmi müəssisə rəhbərlərinin, alim və mütəxəssislərin iştirak etdiyi yığıncaqda AMEA prezidenti akademik Mahmud Kərimov yanvarın 27-də ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasının keçirildiyini xatırladıb.
Korrupsiyaya qarşı mübarizənin ölkənin prioritet istiqamətlərindən olduğunu qeyd edən M.Kərimov bu istiqamətdə ölkə başçısı tərəfindən “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya (2007-2011-ci illər)” və Fəaliyyət Planının təsdiq edildiyini, qanunvericilik və iqtisadi sistemlərdə, eləcə də idarəetmədə icra mexanizmlərinin təkmilləşdirilməsi, dövlət strukturlarının fəaliyyətinin şəffaflığı, vəzifəli şəxslərin məsuliyyətinin artırılması, bir sözlə qanunun aliliyi və sosial ədalət kimi fundamental əsasların qorunub saxlanması istiqamətlərində mühüm islahatların həyata keçirildiyini diqqətə çatdırıb. O, AMEA-nın sosioloji və hüquqi, həmçinin iqtisadi sahələrində əldə olunan mütərəqqi elmi-nəzəri təcrübələrin korrupsiyaya qarşı mübarizədə tətbiq edilməsi, aidiyyatı dövlət qurumları ilə qarşılıqlı elmi-praktiki əməkdaşlığın dərinləşdirilməsi, elmi araşdırma, ekspertiza, təhlil, proqnozlaşdırma, təbliğat, mütəxəssis hazırlığı işlərinin səmərəliliyinin yüksəldilməsi imkanlarına malik olduğunu, korrupsiyaya qarşı mübarizədə elmin bilavasitə iştirakının zəruriliyini qeyd edib.

AMEA RH-ın elmi-katibi, fil.e.n. Sərxan Xavəri AMEA RH tərəfindən hazırlanmış korrupsiyaya qarşı mübarizə tədbirləri haqqında qərar layihəsini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

İclasda çıxış edən AMEA RH-ın Maliyyə-iqtisad şöbəsinin rəisi, iqt.e.n. Zakir Nəcəfov elm üzrə ayrılmış xərc maddələrinin iqtisadi təsnifatı üzrə bölüşdürüldüyünü, ölkədə gedən uğurlu iqtisadi inkişafla bağlı bu xərclərin son 5 ildə 3,3 dəfə artırıldığını qeyd edib. O, subyektiv səbəblərdən elmi müəssisələrin fəaliyyətində normativ hüquqi sənədlərin düzgün tətbiq olunmadığını və ya nöqsanlara yol verildiyini, həmçinin beynəlxalq əlaqələrin gücləndirilməsində və büdcədənkənar gəlirlərin istifadəsində, ekspedisiya işlərinin sərbəst aparılmasında yaranan problemləri tənzimləmək üçün normativ hüquqi sənədlərin təkmilləşdirilməsinin zəruriliyini diqqətə çatdırıb. Həmçinin, müzakirə olunan mövzu ilə əlaqədar yerlərdə maliyyə intizamına riayət edilməsi, qarşıya çıxan məsələlərin mövcud qanunvericilik çərçivəsində həll edilməsini qeyd edib.

İclasda çıxış edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev bildirib ki, hazırlanmış qərar layihəsində əsas məqsəd AMEA-nın fəaliyyətində korrupsiya yarada biləcək mühitin təhlil edilməsi, ölkədə və ümumiyyətlə, cəmiyyətdə baş verə biləcək korrupsiya proseslərinin analiz olunması, bu proseslərin qarşısının alınmasına elmi dəstək göstərilməsidir.

Cəmiyyətimizdə belə neqativ halları yaradan səbəblərin araşdırılmasının vacibliyini vurğulayan alim sözügedən məsələdə şəffaflığın təmin olunması, bəzi qanunların, normativ-hüquqi bazanın yenidən təhlil edilməsi, sənədləşdirmə prosesində yaranan problemlərin müasir tələblərə cavab verən yeni texnologiyaların tətbiqi ilə aradan qaldırılmasının vacibliyini qeyd edib.

İnformasiya Cəmiyyətinin formalaşması istiqamətində İKT-nin rolundan danışan R.Əliquliyev ölkədə korrupsiya hallarının qarşısının alınması üçün hakimiyyət orqanlarının fəaliyyətində İT-nin tətbiqinin, sosial şəbəkələrdən, İnternetdən istifadənin zəruriliyini qeyd edib.

Hər il 9 dekabrın Beynəlxalq korrupsiya günü kimi qeyd olunduğunu söyləyən alim İT-nin inkişafının bəşəri problem olan korrupsiyaya qarşı mübarizədə əsas rol oynadığını diqqətə çatdırıb.

AMEA-da və ümumiyyətlə, respublikada İC-nin formalaşması, e-Hökumətin yaradılması istiqamətində mühüm işlərin görüldüyünü qeyd edən R.Əliquliyev idarəetmədə İT-nin tətbiqinin hökumət-vətəndaş əlaqəsində şəffaflığın təmin edilməsinə və korrupsiya hallarının aradan qaldırılmasına müsbət təsir göstərəcəyini bildirib. O, rəhbərlik etdiyi institutda aparılan dövlət qurumları ilə vətəndaşlar arasında münasibətləri E-dövlət mühiti vasitəsilə təmin etməyə yönəldilmiş elmi-tədqiqat işlərinin gücləndirilməsinin zəruriliyini qeyd edib.

Sözügedən məsələ ilə bağlı çıxış edən akademiklər Bəkir Nəbiyev, Arif Həşimov, Vaqif Fərzəliyev, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, hüquq elmləri namizədi Aytən Mustafayeva, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə ölkədə korrupsiya yaradan amillərə toxunaraq, bu neqativ halların aradan qaldırması ilə bağlı bəzi təkliflər verdilər və ölkə Prezidentinin apardığı bu siyasəti dəstəklədiklərini qeyd ediblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır