Modern.az

Milli Məclisdə bələdiyyə "davası"...

Milli Məclisdə bələdiyyə "davası"...

11 Fevral 2011, 16:31


Bu gün Milli Məclisd bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib. Modern.az-ın məlumatına görə, ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib ki, 1567 bələdiyyənin birləşməsi nəticəsində 574 bələdiyyənin yaradılması nəzərdə tutulub. Naxçıvanda isə 84 bələdiyyənin birləşməsi nəticəsində 40 yeni bələdiyyə yaradılıb.

Ötən il ərzində birləşmə prosesi davam etdirilib. Qısa müddət ərzində görülmüş tədbirlər nəticəsində birləşmiş 1552 bələdiyyənin əmlakı, maliyyə vəsaitləri və mal-material qalığı, borları müəyəyn edilərək aktlaşdırılıb. Zəruri sənədlər yenidən yaradılmış 569 bələdiyyəyə təhvil verilib. Birləşmə komissiyaları 11 bələdiyyənin fəaliyyətini araşdırıb və ciddi qanun pozuntuları müəyyən edilərək toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. 501 yeni bələdiyyənin nizamnaməzi Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb, 1332 bələdiyyənin nizamnaməsi ilə qüvvədən düşmüş hesab edilib.

Hesabat dövrü ərzində Ədliyyə Nazirliyində 26635 bələdiyyə aktına baxılıb. Onların əksəriyyəti qanunauyğun hesab edilib. Cəmi  400 bələdiyyə aktı ləğv edilib.

2010-cu ildə bələdiyyələr tərəfindən qanunsuz olaraq 79,07 ha torpaq sahəsinin ayrı-ayrı şəxslərin mülkiyyətinə, 3210,54 ha icarəyə, 27.85 ha sahənin isə istifadəyə verilməsi haqqında qırarlar ləğv edilib.

İl ərzində  tərtib edilmiş inzibati xəta protokolları  (cəmi 481) əsasında 409  bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib. İnzibati araşdırmalar zamanı cinayət xarakterli qanun pozuntuları aşkar edilib.  27 bələdiyyə ilə əlaqədar toplanan materiallar Baş Prokurorluğa göndərilib. Onlardan 21-i üzrə CM-nin 308.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Şamaxının Mədrəsə bələdiyyəsi, Quba rayonunu Vladimirovka bələdiyyəsində, Qusarın Xürəl və digər bələdiyyələrdə qanunsuz pul vəsaitlərinin xərclənməsi aşkarlanıb. 

Vilayət Zahirov bələdiyyələrlə bağlı qanunvericilik aktlarına tövsiyələri də səsləndirib.

Məsələnin müzakirəsi zamanı çıxış edən millət vəkili Əli Məsimli təklif edib ki, bələdiyyələr deputat köməkçiləri ilə sıx işləməlidir.

Vahid Əhmədov bildirib ki, bir çox təşkilatların bələdiyyələrə borcları artır.
“Təklif edərdim Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yerli bələdiyyələ kömək etsin, zəbt edilmiş torpaqların müəyyənləşdirilməsinə yardım göstərilsin.

Bələdiyyələr ərazisində bina və tikililərin qiymətləndirilməsi məsələsində də problemlər mövcuddur. Qiymətləndirmə düzgün aparılmalıdır və buna əlavə vəsait tələb olunur. Birləşmə haqqında qanunun qəbulundan 2 il vaxt keçsə də, bir çox yeni bələdiyyələr hələ də öz torpaq sahələrinin dəqiq bilmirlər. Bu prosesi tezləşdirmək lazımdır. Bələdiyyələrin səlahiyyətlərinin artırılması da vacibdir. Çünki bələdiyyə yalnız torpaq satışı ilə məsələləri həll edirlər. Əhalinin problemini həll etmək üçün səlahiyyətləri yoxdur. Yavaş-yavaş icra hakimiyyətlərinin səlahiyyətləri onlara verilməlidir”.

Deputat Yevda Abramov deyib ki, bələdiyyələrin maliyyə təsərrüfat sistemini yüksəltmək lazımdır. “Bizim bələdiyyələr Almaniya modeli üzərində qurulub. Amma onları Türkiyə modelinə çevirmək lazımdır. Niyə bələdiyyələrə hakimiyyət vermkdə çətinlik çəkirik? İcra hakimiyyətləri bələdiyyəlrələ əlbir olub birgə iş görməlidirlər”. Y.Abramov bələdiyyələrdə aparılan audit yoxlamasına da toxunaraq deyib ki, bəzi hallarda bu, bələdiyyələrin fəaliyyətinə mane olur.

Spiker Oqtay Əsədovun sözlərinə görə, audit nəzarət təşkilatıdır. Onu bələdiyyə özü dəvət edə bilər. Amma söhbət Hesablama Palatasından gedirsə, onun yoxlamağa ixtiyarı var. Hər şey bələdiyyələrin öz hüquqlarını bilməmədiyinən irəli gəlir.

Tahir Rzayev bildirib ki, bu qurmların yaradılmasından 10 il keçir, amma  bələdiyyələr hələ də öz torpaqlarını tanımır. Bələdiyyələrin xəritəsi yoxdur.

Qüdrət Həsənquliyev  söyləyib ki, Azərbaycanda bələdiyyələr Türkiyə modelinə keçirilməlidir. Bələdiyyələrə münasibət dəyişməlidir, onlara səlahiyyətlər verilməlidir. O, bələdiyyələrə büdcədən ayrılan 3 milyon manatın çox az olduğunu vurğulayıb: “Mən çox fikirləşirdim ki, niyə bu qədər çox sayda bələdiyyələrə cəmi 3 milyon manat pul ayrılır. Bu 3 milyon ona görə ayrılır ki, bələdiyyələrin işini yoxlamağa, neqativ hallar müəyyən etmək və cərimələmək imkanı yaransın”.  
Deputatın sözlərinə görə, növbəti hesabat ilin üçün ya bələdiyyələrin səlahiyyətləri genişləndirilməlidir, ya da bu hesabatın əhəmiyyəti yoxdur. Bu, millət vəkillərinin vaxtını almaqdan başqa bir şey deyil.

Fəzail Ağamalı da bələdiyyələrin icra hakimiyyətlərində asılı olduğunu deyib.
“Hansı bələdiyyə icra hakimiyyətinin razılığı olmadan torpağı kimsəyə verə bilər? Hələ də icra hakimiyyətinin qorxusu bələdiyyələr üzərindən Domokl qılıncı kimi asılıb qalıb...

Bələdiyyələrin birləşməsi ilə bağlı atılan addımlar düzgün deyil və xüsusi yanaşma tələb edən məsələdir”. 
F.Ağamalı deyib ki, rayon rəhbərləri ayrı-ayrı bələdiyyələrə qarşı yoxlama rıçaqlarından istifadə edib özünə tabe etdirməyi bacarır

Azay Quliyev deyib ki. bələdiyyə institutlarının illik dövriyyəsi nə qədərdir, ÜDM formalaşmasında payı nə qədərdir, hansı həcmdə sosial layihələrin icra olunur və bu kimi bir çox suallara Ədliyyə Nazirliyinin hesabatında cavab tapmaq mümkün olmur. A.Quliyev hesabatda xeyli qüsurların olduğunu deyib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər