Modern.az

Azərbaycanın “Eurovision-2011”dəki ifaçıları bəlli oldu - Nigar Camal və Eldar Qasımov

Azərbaycanın “Eurovision-2011”dəki ifaçıları bəlli oldu - Nigar Camal və Eldar Qasımov

Ölkə

12 Fevral 2011, 00:36


Fevralın 11-dən 12-nə keçən gecə “Eurovision-2011” Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün Milli Final konserti keçirilib. Modern.az-ın məlumatına görə, finalda 5 ifaçı Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və İlhamə Qasımova mübarizə aparıb.
Akademik Milli Dram Teatrında keçirilən konsert proqramı 3 saatdan artıq davam edib və İctimai Televiziya ilə yayımlanıb.

Konsertin sonunda isə münsiflər heyətinin səsverməsi nəticəsində Azərbaycanın “Eurovision-2011”dəki təmsilçisi müəyyən edilib. Qeyd edək ki, münsiflər heyətində İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru İsmayıl Ömərov, sənətşünaslıq namizədi Lalə Kazımova, xalq artisti Rauf Babayev, bəstəkar Faiq Sücəddinov, müğənni Zülfiyyə Xanbabayeva, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyeva, “Eurovision” müsabiqəsi üzrə Azərbaycanın musiqi koordinatoru Zəhra Bədəlbəyli təmsil olunub.

Münsiflər heyəti adından danışan İsmayıl Ömərov qaliblərin Nigar Camal və Eldar Qasımov olduğunu bəyan edib. Deyib ki, Azərbaycanı bu ilin mayında Almaniyanın Düsseldorf şəhərində təşkil olunacaq “Eurovision-2011” beynəlxalq mahnı yarışmasında bu duet təmsil edəcək .

Beləliklə, N.Camal və E.Qasımov mayın 10-da keçiriləcək I yarımfinalda Albaniya, Finlandiya, Macarıstan, Litva, İsveçrə, Norveç, Gürcüstan, Türkiyə, Malta, Xorvatiya, San-Marino, Serbiya, Rusiya, İslandiya, Yunanıstan, Portuqaliya, Polşa və Ermənistan iştirakçıları ilə mübarizə aparacaq. 

Mayın 12-də II yarımfinal İsrail, Makedoniya, Danimarka, Belarus, Niderland, Bolqarıstan, Latviya, Bosniya və Hersoqovina, Ukrayna, Kipr, Estoniya, Rumıniya, Avstriya, Sloveniya, İsveç, Moldova, Belçika, İrlandiya və Slovakiya iştiraçılarının iştirakı ilə keçiriləcək.

İki gün sonra - mayın 14-də final keçiriləcək.  

Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və İspaniya isə mayın 14-də keçiriləcək final mərhələsində birbaşa çıxış edəcək.

 

Eldar Qasımov - 1989-cu ildə Bakıda dünyaya gəlib. 2001-2005-ci illərdə 2 saylı Musiqi Məktəbində fortepiano üzrə təhsil alıb. 2008-ci ildə Almaniyada vokalı, aktyor ustalığını və səhnə nitqini öyrənib. 2006-2010-cu illərdə Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsində təhsil alıb. 2010-cu ildə həmin təhsil ocağının beynəlxalq əlaqələr ixtisası üzrə magistratura pilləsinə qəbul olunub. Alman dilində sərbəst danışır.

 

Nigar Camal - 7 sentyabr 1980-ci ildə Bakıda dünyaya gəlib. 1988-95-ci illərdə musiqi məktəbində təhsil alıb. 1995-96-cı illərdə "Pöhrə" respublika müsabiqəsində iştirak edib və 1996-nın mayında müsabiqənin fəxri diplomantı adını qazanıb.
1997-ci ildə 203 saylı məktəbi bitirmişəm. 1997-2001-ci illər ərzində "Xəzər" Universitetində iqtisadçı ixtisası üzrə təhsil alıb. 2005-ci ildə ailə həyatı qurub və Londona köçüb. RnB, Soul, Pop tərzlərində mahnılar oxuyur.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü