Modern.az

Azərbaycanda 96 qadının, 530 kişinin Baş nazirə deyiləcək dərdləri var

Azərbaycanda 96 qadının, 530 kişinin Baş nazirə deyiləcək dərdləri var

21 Sentyabr 2016, 16:06

Azərbaycanda yaşı 100-dən yuxarı olan insanların sayı o qədər də çox deyil. Lakin ahıl kateqoriyasına daxil olan insanlara xüsusi imtiyazların verilməsi məsələsi bir müddət öncə deputat Elmira Axundova tərəfindən gündəmə gətirilsə də, irəliləyiş görünmədi.

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə məsələ ilə bağlı Modern.az-a bildirib ki, yaşı 100-dən yuxarı olanlara imtiyazların verilməsi məsələsi hələ ki, Milli Məclisdə aktual deyil.

 

“Bu kateqoriyadan olan insanlara xüsusi imtiyazların verilməsi üçün vacib deyil ki, qanun layihəsi hazırlansın. Sadəcə olaraq, Nazirlər Kabinetinin xüsusi bir sənədi olsa daha məqbul sayılar. Çünki 100 yaşdan yuxarı insanların sayı məhduddur. Bunu sənədlərlə də həyata keçirmək olar. Mütləq deyil ki, bu məsələ qanunda öz əksini tapsın”.

 

Komitə sədri qeyd edib ki, 100 ildən çox yaşayan insanlara xüsusi imtiyazların verilməsində  icra hakmiyyətləri də yaxından iştirak edə bilər. “Sadəcə, gərək, Nazirlər Kabineti xüsusi bir sənəd imzalasın ki, bunu icra etmək də mümkün olsun. Eyni zamanda, bu məsələdə maddi vəsaitlərin ödənilməsi çətinlik yarada bilər. Düşünürəm ki, məsələ həll olunsa, bununla bağlı büdcə müzakirələri  zamanı həmin maddi vəsaiti həll etmək olar”.

 

Hadı Rəcəbli, ailələrin də yardımını istisna etməyib.

 

“100 yaşdan yuxarı insanlara QHT-lər, ictimai birliklər, icra hakimiyyətləri xeyriyyəçilər, hətta, ailələri də  yardım edə bilər. Eyni zamanda, yaşı 100-dən yuxarı olan insanların 70-ə yaxın nəvə-nəticəsi olar. Çox təəssüf ki, bu gün belə məsələlərlə bağlı köməyi hökumətdən istəyirik. Bu yaşda olan insanların bəzilərinin övladlarının heç vecinə də deyil. 100 yaşlı kişiyə pul veriləndə onu da aparıb nəvə-nəticə xərcləyəcək. Ona görə də bu həssas məsələdə diqqətli olmalıyıq”.

Azərbaycanda 100 və daha yuxarı yaşda əhali əsasən Bakı, Lənkəran şəhərlərində, Tərtər, Ağdam, Tovuz və Gədəbəy rayonlarında yaşayırlar. Onların ümumi sayı 626 nəfərdir.

 

100 yaşdan yuxarı kişilərin sayı 96, qadınların sayı isə 530 nəfərdir.

 

Qeyd edək ki, bu məsələ ilə bağlı müxtəlif vaxtlarda Modern.az saytına müraciətlər edilir. Bu yazıdan sonra yəqin ki, bu 626 nəfər öz sözünü Baş nazirə deyəcək, ona müraciət edəcəklər.

 

 

Namidə BİNGÖL

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir