Modern.az

Ekspertdən çox bədbin proqnoz: “Ərzaq malları sürətlə bahalaşacaq”

Ekspertdən çox bədbin proqnoz: “Ərzaq malları sürətlə bahalaşacaq”

Ölkə

14 Fevral 2011, 15:34

Vüqar Bayramov: “Proseslərə müdaxilə edilməlidir, qiymətlərin tənzimlənməsi ilə bağlı prezident fərmanına ehtiyac var”

Dünya bazarında bir sıra ərzaq məhsullarının bahalaşmasının ardınca yerli bazarlarda da analoji proses müşahidə edilməkdədir. Diqqəti çəkən isə, taxıl, ət, süd, yağ  və digər ərzaq məhsullarının deyil, tərəvəz məhsullarının qiymətinin qalxmasıdır. Hansıki bunda dünya bazarında cəryan edən proseslərdən çox daxili iqtisadi faktorların rolu var. Belə ki, inhisarçılar dövlət başçısının 2011-ci ildə qiymət siyasətinin tənzimlənməsi ilə bağlı göstərişinə baxmayaraq qiymətlərdə yenə artımlara gediblər. Son bir həftədə dünya bazarında 70 qəpiyə satılan bananın bir kiloqramının qiyməti 4 manata qədər yüksəlib.  

İqtisadçı-alim Vüqar Bayramov hesab edir ki,  rəsmi və eələcə də qeyri-rəsmi müzakirələr inflyasiya dərəcəsinin bir rəqəmli olub-olmaması üzərində deyil, qiymət artımlarına qarşı necə mübarizə aparılması istiqamətində olmalıdır. Onun fikrincə, antiinflyasiya tədbirləri ilə bağlı yeni sənədin hazırlanmasına ehtiyac var:
“Artıq qiymət artımları iqtisadiyyatın ən ciddi problemlərindən birinə çevrilib. Yeni sənəd prezident fərmanı ilə təsdiq edilməli və iqtisadi qurumlar üçün xüsusi vəzifələr müəyyənləşdirilməlidir. Fərmanla nazirliklər və komitələr üzrə vəzifələrin ayrı-ayrılıqda müəyyənləşdirilməsi vacibdir. Son qiymət artımları göstərir ki, indiki metodlar ilə inflyasiyaya qarşı mübarizə aparmaq mümkün olmayacaq. Praktik olaraq, dövlət başçısının şifahi göstərişlərinə baxmayaraq, hələ də hər ayın yekununda qiymətlər əvvəlki aya nisbətən yüksəlir. İndiki qiymət artımları gələn il üçün inflyasiya ilə bağlı verilən proqnozları yalanlaycaq. Çünki yeni ildən qiymət artımlarının davam etməsi ilə bağlı psixoloji əsaslar var”.

V.Bayramov deyir ki, bir sıra qanunvericilik aktlarının keyfiyyətinin yüksək olmasına baxmayaraq, onların icrasında ciddi nöqsanlar var. Məsələn, prezidentin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi” haqqında 31 mart 2005-ci il tarixli fərmanında nəzərdə tutulan tədbirlərin əksəriyyəti həyata keçirilməyib:
“Sənədlə məhsulların idxal, topdan və pərakəndə satış qiymətlərinin monitorinqinin aparılması nəzərdə tutulsa da, hələ də bu sahədə heç bir ciddi addım atılmayıb. Və ya tənzimlənən qiymətlərin son artımından sonra prezident ailə gəlirlərinin hesablanması qaydalarında düzəlişlərin edilməsi ilə bağlı göstəriş verdi. Amma hökumət qurumları bu sahədə redaktə xarakterli fəaliyyətdən başqa heç nə etmədilər. Buna görə də yeni sənəd imzalandığı halda onun icrasına xüsusi nəzarət həyata keçirilməlidir”.

İqtisadçı-alim təkcə yerli istehsal məhsullarının deyil, idxal məhsullarının da qiymətinin yüksək olduğunu vurğuladı: “Regionda banan ən baha Azərbaycanda satılır. Böyük Britaniya ilə müqayisədə banan 3 dəfəyə yaxın bahadır.  Rusiya ilə müqayisədə isə bu rəqəm 2,5 dəfə təşkil edir. Praktiki adıçəkilən məhsulların qiymətinin baha olması onların idxalındakı inhisarçılıqla bağlıdır”.

“İnhisarçılıq bazarlarda qiymətlərin diqtə edilməsinə gətirib çıxarıb” deyən V.Bayramov bildirir ki,  ölkə prezidenti dəfələrlə inhisarçılığa qarşı mübarizənin aparılması istiqamətində  göstəriş versə də, hökümət qurumları bu yöndə ortaya real iş qoya bilməyiblər: “Bunun nəticəsidir ki, inhisarçılıq Bakı bazarlarında qiymətləri diqtə edən əsas faktordur”.

İnhisarçılıq aradan qaldırıldığı təqdirdə istehlak bazarlarında nələrin dəyişəcəyinə gəlincə, mütəxəssis bildirir ki, kənd təsərrüfatı məhsullarının qiymətləri tez bir zamanda aşağı düşər: “İdxal ölkələrindəki qiymətlərin müqayisəsini və  Azərbaycanda tətbiq edilən idxal rüsumlarını nəzərə alsaq inhisarçılığın aradan qaldırılması ölkədə kənd təsərrüfatı məhsullarının qiymətlərinin 2 dəfə aşağı düşməsinə səbəb olar. İnhisarçılığn aradan qaldırılması yalnız qiymət azalmalarının baş verməsinə deyil, bazarda  idxal məhsullarının qıtlığının aradan qalxmasına gətirib çıxaracaq”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir