Modern.az

Ələbaxımlılığa öyrəşən gənclərə MƏSLƏHƏT: “Özünüzün “daydayısı" olun!”

Ələbaxımlılığa öyrəşən gənclərə MƏSLƏHƏT: “Özünüzün “daydayısı" olun!”

23 Sentyabr 2016, 14:15

Devalvasiya, iqtisadi çətinliklər və bunların həyatımızda doğurduğu fəsadlar danılmazdır. Amma hazırda bir qisim insanlar da var ki, əlini göyə açıb Allahdan iş umur. Onlar unudur ki, Allah  “səndən hərəkət, məndən bərəkət” deyib.

Xüsusilə “işsizəm” deyib bütün gününü sosial şəbəkələrdə keçirən gənclər, az-çox tanınan şəxslərin paylaşıımlarını “like” etməklə iş tapa bilməyəcəklərinin fərqində deyillər? Əgər bunun fərqində olsaydılar, zatən işsiz olmazdılar. Əksəriyyət də “mənim “daydayım” yoxdur, harda işləyim?” deməklə özünün digərlərindən bir az üstün səbəblərə malik olduğunu düşünür. Hətta bu kimi adi səbəblərdən dolayı ölkə başçısına müraciət edənlərin sayı-hesabı günbəgün artır. Səbəb nədir?


Modern.az
-ın məsələylə bağlı suallarını tanınmış psixoloq Elnur Rüstəmov cavablandırır.

 

“Yaşamaq üçün işləmək lazımdır”

 

Psixoloq deyir ki, bu, qlobal məsələdir:

“İnkişaf etmiş ölkələrdə qəbul olunub ki, hər bir insan yaşamaq üçün həftədə 40 saat (günə 8 saat edir) işləməlidir.

İşləməlidir ki, o, yaşaya bilsin. Bundan artığını karyera, özünüinkişafla bağlı gələcəyə yatırım edə bilər.

Təəssüflər olsun ki, bəzən bizim insanlar az işləməklə çox qazanmaq istəyirlər. Yaxud hansısa yollarla tez varlanmaq niyyətinə düşürlər”.


İşçi müdir kimi yaşamaq istəyir...


Psixoloq bildirir ki, insanlar əksərən malik olduqlarından çoxuna can atır:

“İşləyən adamlar bir-birini başa düşür. Bilir ki, bir işi hansısa məqama gətirmək çox çətindir. Məsələn, sizin çalışdığınız xəbər portalının rəhbəri var. O da portalı saxlamaq üçün min cür əziyyətə qatlaşır. Eyni zamanda sizinlə bərabər çalışır. Hər halda onun məsuliyyəti, portal qarşısındakı cavabdehliyi, sorunluluğu sizlərdən daha çoxdur. Bu bir portalın timsalında mövcud olan bütün strukturlara aiddir. Bəzən görürük ki, işçi müdir qədər qazanmaq istəyir. İstəyir ki, müdirdə olan komfort onda da olsun. Alınmayanda hansısa, əyri, dolayı yolla az zamanda tez varlanmağa çalışır.

Məhz bu yanaşmada biz itiririk, müəyyən şeyləri öz yerinə qoya bilmirik. Bu istiqamətdə çalışıb problemləri həll etmək lazımdır. Çünki bizim insanın fərd olaraq özünə yatırım etməklə, həyata yanaşmaqla bağlı baxış bucağı dəyişməlidir.

Fikir verin ki, çalışan insanlar nə qədər işə faydalıdırlar, nə qədər işə canıyananlıq göstərirlər.

Bu gün fərdlər arasında ən böyük problemlərdən biri də inamsızlıqdır. Məsələn, həkimə gedəndə fikirləşirsən ki, görəsən həkim mənə artıq dərman yazacaqmı, artıq yoxlanışa göndərəcəkmi? Evə təmir üçün usta gətirirsiniz. O dəqiqə düşünürsünüz ki, nə qədər lazımsız material aldıracaq.

Hazırda insanlar arasında çox böyük inamsızlıq, güvənsizlik var. Məhz bu güvənsizlikdən dolayı əksəriyyət adi bir problemdən dolayı belə, üz tutur birinci adama-Prezidentə ...”.

 

Özünüz özünüzün “daydayı” olun!

 

E.Rüstəmovun sözlərinə görə, insanların yaşamaqla bağlı yanaşmaları dəyişməlidir:

“Əgər yanaşma dəyişəcəksə, o zaman həyat tərzimiz də gözəl olacaq. Hər kəs çalışdığı sahədə vicdanlı olmalıdır.

Əgər qəbul edirsənsə ki, bu məvacibə bu işdə çalışırsan, onda işinə faydalı ol. Sadəcə “adım işdə getsin” xatirinə çalışmama. İşçi işinə faydalı olduqca çalışdığı qurum, müəssisə də yüksəlməyə başlayacaq. Sonda sən özün də inkişaf edəcəksən.

Bir-birimizə, çalışdığımız işə inamsızlıq gətirib o yerə çıxarır ki, biz işə faydalı ola bilmirik. İnsanlarımızda eyni zamanda  özgüvən də azdır. Onlar özgüvən problemi yaşayırlar.

Əgər işdə yüksəlməyin üçün mütləq sənin arxanda kiminsə olacağını düşünrsənsə, bu, kökündən yanlışdır. Bu gün uğur qazanan, nailiyyət əldə edən insanların heç bir “daydayı” olmayıb. “Dayday” özləridir. Sadəcə işləyiblər və çalışdıqları yerdə dürüst olublar.

Məqsədli, dürüst, çalışqan insana hər kəs kömək edəcək. Hətta qəhrəmana tealeyin özü də kömək edir.

Kimlər ki, düzgün yolda olub, sonuna qədər gedib, əziyyət çəkib, onlara hər kəs “dayday” olmaq istəyəcək. Heç bir şey bacarmayan, əlindən iş gəlməyən, yalnız ziyan vuran birinə kim “daydaylıq” etmək istəyəcək ki?..

İnsan ilk növbədə özünə güvənməlidir, zəhmətkeş olmalıdır. Xüsusən də iş tapmaqda çətinlik çəkən bəzi insanlar kiməsə baxıb deyir “mənim də adamım olsaydı işləyərdim”.

Sənin potensialın varsa, mücadilə et. Mövcud strukturlara baxın:  imtahan verirsən keçirsən, ya da keçmirsən. Yaxud özəl struktur olsun. Mənə lazımdır ki, əmim, dayım, xalam oğlu və s. işləsin mənim yanımda? Əsla yox. Mənə lazımdı ki, yanımda işi bacaran işləsin. Lazım gələrsə, mən o qohuma  kömək edərəm. Təki işimə mane olmasın. Kapitalizmin təməl prinsipləri məhz budur”.

 

Gülşən RAUFQIZI

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir