Modern.az

Dünyanın yaxşı ali məktəbləri və Azərbaycan

Dünyanın yaxşı ali məktəbləri və Azərbaycan

15 Fevral 2011, 10:33


Yaxşı ali məktəb elmi tədqiqatlara geniş yer verməklə, maddi-texniki bazasını və kadr potensialını daimi inkişaf etdirməklə, keyfiyyətli təhsil verməsi ilə tanınır. Müasir dünyada ali məktəb də müasir, modern olmalıdır, dünyanın inkişaf meyllərini nəzərə almalı, əslində bu inkişafın hazırlanmasında iştirak etməli, dünyada görünməlidir. Bir ali məktəbin adı-sanı onun beynəlxalq aləmdə tanınması, dünya universitetləri, şirkətləri və mediası tərəfindən bəyənilməsi ilə birbaşa bağlıdır. Müasir tanınma elektron dünyada, internetdə, çap olunmuş əsərlərin dünyaya yayılmasında özünü göstərir. Kölgə adamın boyu ilə mütənasib olduğu kimi, ali məktəbin gücü və səviyyəsi də onun dünyaya düşən kölgəsində, onun gördüyü işlərin dünyada tanınmasında özünü göstərir. Bir ali məktəb haqqında uzaqlarda, elm və təhsil dairələrində söhbət gütmirsə, deməli orada görülən işlər dünya ilə ayaqlaşmır, o ali məktəb müəyyən mənada dünyaya lazım deyil. Ali məktəblərimizin müasirləşməsi yavaş getdiyi üçün onlar az tanınır və müxtəlif kriteriyalar əsasında dünyada aparılan çoxsaylı reytinq araşdırmalarında Azərbaycan ali məktəbləri görünmür.

Azərbaycanın müstəqillik əldə etdiyi dövr dünyada informasiya texnologiyalarının inqilabi dəyişikliklərə uğradığı və qloballaşmanın aparıcı gücə çevrildiyi dövrə təsadüf edir.

2004-cü ildən bəri dünya ali məktəblərinin Webometrics adlı reytinqi elan olunur. Bu reytinq tədqiqatını dünyanın nüfuzlu tədqiqat mərkəzlərindən biri - İspaniyanın məşhur Dövlət Elmi Tədqiqat Mərkəzi (Consejo Superior de İnvestigac Cientifacasiones) aparır. Onlar Stanford universitetinin və Google tədqiqatçılarının metodologiyasını əsas götürürlər. Bu mərkəz 1907-ci ildə Nobel mükafatı laureatı prof. Ramon y Cajal tərəfindən yaradılıb.

Universitetlərin qiymətləndirməsi dörd nominasiya üzrə aparılır. Əsas kriteriyalar ali məktəbin dünyada tanınması, elektron məkanda tutduğu çəki və başqaları tərəfindən qiymətləndirilməsi, müasir elmi nəşrlərin çəkisidir.

Dövlət ali təhsili ilə yanaşı özəl ali məktəblərin yaranması ali təhsilə bir rəqabət, yarış xarakteri gətirdi. Yeni yaranmış bəzi özəl universitetlər bir sıra məsələlərdə - keyfiyyətli təhsil, müasir tədris proqramları, müasir təhsil modellərinin tətbiqi, dil siyasəti, beynəlxalq əlaqələrin inkişafı, informasiya texnologiyalarının tətbiqi, hətta fərqli  maddi baza kimi məsələlərdə daha fəal oldular və daha müasir göründülər.

Dünya ali məktəblərinin ümumi gücü, müasirliyi, o cümlədən elektron-virtual dünyada gücü, tanınması əsas götürülərək  növbəti dəfə, 2011-ci ilin yanvar ayında dünyadakı 19266 ali məktəb, o cümlədən Azərbaycandan 36 ali məktəb növbəti dəfə öyrənilib, tədqiq olunub. Nəticədə 12 min ali məktəbin adı açıqlanıb, onların hər birinin tutduğu yer elan olunub.

12 min ali məktəb arasında Azərbaycandan cəmi 4 ali məktəb düşüb. Onlar belə sıralanıb: Xəzər Universiteti (5097-ci yer), Qafqaz Universiteti (7054-cü yer), Diplomatiya Akademiyası (7653-cü yer) və Tibb Universiteti (11.108-ci yer)


Yüksək liqa hesab olunan ilk 6 min ali məktəblər arasına Azərbaycana, təəssüf ki, yalnız bir ali məktəb – Xəzər Universiteti daxil ola bilib.

Halbuki, bu sırada Gürcüstan- 2, Ermənistan -5, Moldova -4, Belarus – 7, Estoniya – 8, Latviya – 10, Litva – 17, Qırğızıstan -3, Qazaxstan -3 ali məktəblə təmsil olunub. Türkmənistan və Tacikistan heç təmsil olunmayıblar.

Azərbaycana yaxın böyük dövlətlərdən Türkiyənin 82, İranın 49, Ukraynanın 38, Rusiyanın 238 ali məktəbi dünyanın 6 min yaxşı ali məktəbi sırasındadır. Ərəb ölkələrinin hamısından birlikdə bu sırada 75 ali məktəb var.

Yüksək liqada ən çox təmsil olunan ölkələr:

ABŞ (1722), Çin (567), Yaponiya (388).

Webometrics tədqiqatı nəticəsində 2011-ci ilin yanvar ayında həmçinin dünyada ən yaxşı, müasir, elektron gücə malik 1120 kitabxana da müəyyən edildi. Bu siyahıda tək Azərbaycandan deyil, bütün Qafqaz və Orta Asiyadan daxil olan yeganə kitabxana Xəzər Universitetinin kitabxanasıdır (892-ci sırada).


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir