Modern.az

Hansı deputatlar zövqlə geyinirlər? (Parlament jurnalistlərinin cavabları)

Hansı deputatlar zövqlə geyinirlər? (Parlament jurnalistlərinin cavabları)

15 Fevral 2011, 14:30


Zövqlü geyim istənilən insanın xarici görünüşə yaraşıq verən əsas amillərdən biridir. Elə buna görə də nahaq yerə demirlər, gözəllik ondur, doqquzu dondur. Bəzən belə də deyirlər ki, zövqlə geyinmək insanın maddi durumundan asılıdır. Amma bu fikirlə 100 faiz razılaşmaq olmaz, çünki yaxşı pal-paltar almağa imkanı olan elə tanınmış şəxslər müşahidə edilir ki, onların geyimi nüfuzuna müəyyən qədər xələl gətirir.
İctimai-siyasi həyatda hər zaman diqqət mərkəzində olan şəxslərin xarici görünüşü, geyimi həmişə müzakirə olunan mövzulardandır. Millət vəkillərini də bu sıraya əlavə etmək olar.
Modern.az saytı Milli Məclisdə millət vəkillərini müşahidə edən, daim onlarla ünsiyyətdə olan parlament jurnalistlərinə müraciət edib: “Sizcə, hansı deputatlar zövqlə geyinirlər?”.

Jurnalistlər öz cavablarında zövqlü geyinən deputatların adlarını açıqlayıblar.

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə millət vəkillərinin geyimlərindən daha çox onların siyasi fəaliyyətlərinə fikir verdiyini söyləyib: “Mən xüsusi olaraq, ad çəkə bilmərəm. Ancaq deyə bilərəm ki, millət vəkilləri heç də ucuz paltarlar geyinmirlər. Onlar daha çox zövqlə və dəblə geyinməyə çalışırlar”.

“Şərq” qəzetin parlamentdəki təmsilçisi Rəşad Baxşəliyev isə hesab edir ki, millət vəkilləri arasında ən zövqlə geyinənlər bunlardır: Rəbiyyət Aslanova, Gülər Əhmədova, Qüdrət Həsənquluyev, Aydın Abbasov, Azay Quliyev, Adil Əliyev, Ziyafət Əsgərov, Əli Əhmədov və Jalə Əliyeva.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan məsələyə bir qədər fərqli prizmadan yanaşıb. O, qadın millət vəkillərinin şalvar geyinməsini düzgün hesab etmir:
“Mən bunu qəbul etmirəm ki, qadın millət vəkilləri şalvar geyinib Milli Məclisə gəlsinlər”.
A.Aslan daha sonra vurğulayıb ki, eks-millət vəkili Gültəkin Hacıbəylinin geyim tərzi onun daha çox xoşuna gəlirdi. Onun fikrincə, hazırki millət vəkillərindən Məlahət İbrahimqızı, Jalə Əliyeva və Qənirə Paşayeva hər zaman zövqlə geyinirlər.

“Yeni Müsavat”
qəzetinin əməkdaşı Elşad Paşasoy millət vəkillərinin geyimləri ilə bağlı sorğumuza cavabında maraqlı məqamlara toxunub. Millət vəkillərini geyimlərinə görə qiymətləndirməyin düzgün olmadığını deyən E.Paşasoy bildirib ki, deputatlara qaldırdıqları məsələlərə, təşəbbüslərə görə qiymət vermək lazımdır.
“Deputatın seçildiyi dairənin problemlərinə necə yanaşması, ölkənin, xalqın taleyinə münasibəti onu qiymətləndirmək üçün əsas meyar olmalıdır. Elə səliqəli geyinən insan ola bilər ki, o, ağzını açıb bir kəlmə deyəndən sonra müvafiq qiymətini almış olar. Baxırsan ki, onun danışığı ilə geyimi tərs mütənasibdir. Təbii ki, zövqlə geyinənlər də var, geyimi önəmli saymayıb öz işi ilə məşğul olanlar da var”.
Geyim məsələsini fərdi məsələ sayan jurnalist sonda onu da vurğulayıb ki, bəzən elə deputat olur ki, daşıdığı statusa uyğun geyimlə iclaslara qatılmır. Bu da bəzən ironiya və gülüşlə qarşılanır.

APA-nın əməkdaşı Rəşad Süleymanov bildirib ki, Əli Hüseynli və  Qüdrət Həsənquliyev kimi bir çox deputatlar daim standart geyinirlər. Fazil Mustafanın geyimində isə tez-tez fərqliliklər hiss olunur. Ziyafət Əsgərovun da geyimini bəyəndiyini deyən R.Süleymanov bildirib ki, deputatların geyimlərinəki fərqlər göz qabağındadır.
“Hətta Ziyafət Əsgərov və Hadi Rəcəbli kostyumdan tutmuş qalstuka kimi zövqlə geyinir. Mən hesab edirəm ki, Əli Əhmədov da zövqlü deputatların sırasındadır”-deyə R.Süleymanov əlavə edib.
R.Süleymanovun fikrincə, Fəzail Ağamalı və Fərəc Quliyev zövqsüz geyinən deputatların sırasındadır. Eldar Quliyev isə hələ də köhnə dəblə geyinir.

“525-ci” qəzetin əməkdaşı Kamil Həmzəoğlu hesab edir ki, millət vəkillləri və siyasətçilər ciddi geyimə üstünlük verməlidirlər: “Onlar şou əhli deyil ki, istədikləri formada, məsələn, idman geyimində və başqa əndrəbadi geyimdə gəzsinlər. Onların kostyumları, köynəkləri, qalstukları və ayaqqabıları biri-birlərini tamamlamalıdır ki, kənardan baxanlarda ikrah doğurmasın”.
K.Həmzəoğlunun fikrincə, qadın millət vəkilləri arasında Rəbiyyət Aslanova, Qənirə Paşayeva, Bahar Muradova, Gülçöhrə Məmmədova hər zaman zövqlə geyininlər: “Bu xanımlar sanki öz zahiri gözəlliklərinə yüksək geyim zövqləri ilə də daha bir gözəllik əlavə etmiş olurlar. Eyni zamanda, hesab edirəm ki, milllət vəkillərinin intellekt səviyyəsi, dünyagörüşü və onların siyasi fəaliyyəti ilə yanaşı, geyim zövqləri də bir-birlərini tamamlamalıdır. Bu baxımdan deyə bilərəm ki, eks-millət vəkili, şəxsiyyətinə və intellekt səviyyəsinə böyük hörmət bəslədiyim Gültəkin Hacıbəyli yüksək zövqə malik idi”.
K.Həmzəoğlu kişi deputatların geyim zövqlərinə də münasibət bildirib: “Kişi millət vəkilləri daha çox sadə geyinirlər. Hadi Rəcəbli, o cümlədən, Vahid Əhmədov nisbətən yaşlı deputat olmalarına baxmayaraq, geyimlərinə hər zaman diqqət yetirməyi bacarırlar. Gənclərdən isə Aydın Abbasov, Fuad Muradov zövqlə geyinən millət vəkilləri sırasındadır”.
Onun sözlərinə görə, parlamentə üzv olan insanların dəblə yanaşı, zövqlə geyinməsi də mühüm şərtlərdəndir.
“Biz dünya siyasətçilərini izləyəndə onların hərəkətləri ilə yanaşı, zövqlə geyinib-geyinməməsi məsələsinə də diqqət yetiririk. Mən bu baxımdan istərdim ki, bizim deputatlar da geyim seçimində çox diqqətli olsunlar”-deyə jurnalist əlavə edib.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı sorğumuzda maraqlı fikirləri ilə seçilib. O, millət vəkillərinin geyimlərini daim izlədiyini bildirib. E.Muradlının fikrincə, xanım millət vəkillərindən Rəbiyyət Aslanov, Qənirə Paşayeva, Bahar Muradova geyim baxımından parlamentin ən zövqlüləridir. Həmkarımızın adlarını çəkdiyi millət vəkilləri də heç də zövq və dəb baxımdan xanımlardan geri qalmır.
 “Mən deyə bilərəm ki, Əli Hüseynli, Aydın Abbasov, Azay Quliyev, Fuad Muradov, Ziyafət Əsgərov hər zaman öz geyimləri zövqlə geyinməyə çalışırlar”-deyə E.Muradlı qeyd edib.
Parlament jurnalisti onu da əlavə edib ki, zövqlə geyinən deputatların siyahısında müxalifət nümayəndələrindən İlyas İslayılov və YAP-çı İmamverdi İsmayılovun adını qeyd etmək lazımdır.

“Lent.az” saytının əmməkdaşı Elxan Salahov hesab edir ki, parlament üzvləri arasında ən zövqlü geyinənlər bunlardır: “Məncə, spiker Oqtay Əsədov hər zaman zövqlə geyinir, daha sonra qeyd edə bilərəm ki, Qənirə Paşayeva, Vahid Əhmədov, Əli Məsimli, Cavid Qurbanovun geyim zövqü mənim xoşuma gəlir”.

“Xalq cəbhəsi”qəzetinin əməkdaşı Ağa Cəfərli kişi deputatların hər zaman eyni formada geyindiyini bildirib. “Kişi millət vəkillərinin hamısı qara kostyum, ağ köynək və müxtəlif rəngli qalstuklar geyinərək Milli Məclisə gəlirlər. Demək olar ki, hamısı eyni cür geyinir. Bu baxımdan dəqiq deyə bilmərəm hansılar zövqlüdür, hansılar zövqsüz”.
A.Cəfərlinin onu da qeyd edib ki, xanım millət vəkilləri arasında Jalə Əliyevanın və Gülər Əhmədovanın geyimi digərlərindən fərqli olur.
“Onlar yüksək zövqə malik olduqlarını geyimlərində əks etdirirlər. Amma başqalarını o qədər də zövqlü hesab eləmirəm”-deyə jurnalist əlavə edib.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı daha çox xanım millət vəkillərinin geyimlərinə diqqət etdiyini bildirib. “Məncə, xanım deputatlar arasında ən zövlə və dəblə geyinlər ölkənin birinci xanımı Mehriban Əliyeva, Bahar Muradova və Rəbiyyət Aslanovadır”.
N.Bayramlının fikrincə, kişi millət vəkilləri də daşıdıqları statusa uyğun geyinməyi bacarırlar.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli bildirib ki, Ziyafət Əsgərov, Zahid Oric, Əli Məsimli, Fəzail İbrahimli, Jalə Əliyeva, Azay Quliyev daha yaxşı zövqə malidirlər.

Bizim deputatların geyimi ilə bağlı tanınmış stilist Anar Ağakişiyev də Modern.az-a danışıb.
Anar Ağakişiyev bildirib ki, Azərbaycanda xanım siyasətçilər arasında ən zövqlü və dəblə geyinən ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevadır.
Tanınmış stilist deputatların geyim üslublarını şərh edərək bildirib ki, millət vəkilləri Bahar Muradova, Qənirə Paşayeva, Zeynəb Xanlarova, Rəbiyyət Aslanova hər zaman zövqlə geyinirlər.
Anar Ağakişiyevin fikrincə, həmin xanımları digərlərindən fərqləndirən əsas cəhət sadə və zövqlü geyinmələridir.
Stilist kişi deputatların eyni cür geyindikləri qənaətindədir.

Anar Rüstəmov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir