Modern.az

Deputat mədəniyyət sahəsinə dair maraqlı təklif irəli sürüb

Deputat mədəniyyət sahəsinə dair maraqlı təklif irəli sürüb

15 Fevral 2011, 18:19

Bu gün Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib. Modern.az saytının verdiyi məlumata görə, komitənin gündəliyində 2 məsələ müzakirəyə çıxarılıb. Komitə “Mədəniyyət haqqında” qanuna əlavə və dəyişikliklər, eləcə də 2011-ci ildə  qanunvericilik sahəsi üzrə işlər planını müzakirə edib.

Müzakirələr zamanı məlum olub ki, “Mədəniyyət haqqında” qanun layihəsi ilə bağlı sənəd ilkin olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanıb. Komitə üzvləri belə qərara gəliblər ki, 8 fəsil, 44 maddədən ibarət olan sənəd tam hazırlandıqdan sonra yenidən müzakirəyə çıxarılsın.

İclasda çıxış edən komitə üzvləri qaldırırlan məsələlərlə bağlı müxtəlif təkliflər irəli sürüblər. Millət vəkili Rəfael Hüseynov bildirib ki, Azərbaycanın xaricində və daxilində tarixi sənəd nümunələrinin qorunması ilə bağlı məsələlər komitənin müzakirələrində xüsusi yer almalıdır, biz bununla Azərbaycan xalqının tarix boyu yaratdığı sənət nümunələrinə sahib çıxa bilək.

Millət vəkili Jalə Əliyeva da maraqlı təklif irəli sürüb. O, reklam mədəniyyəti ilə bağlı məsələnin "Mədəniyyət haqqında" qanunda əks olunmasının tərəfdarı olduğunu bildirib.

J.Əliyeva onu da qeyd edib ki, bununla bağlı ayrıca qanun mövcuddur. “Mən hesab edirəm ki, bu məsələ "Mədəniyyət haqqında" qanuna əlavə və dəyişiklikdə əks olunmalıdır”.

İclasda daha sonra “Yaradıcı şəxslərlər haqqında” qanun layihəsi də müzakirə olunub.

Qeyd edək ki, “Yaradıcı şəxslər haqqında” qanun birinci oxunuşda parlamentin plenar iclasına çıxarılıb, “Mədəniyyət haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı isə ayrıca bir fəsil ayrılıb.

Millət vəkili Jalə Əliyeva ad və soyaqlarla bağlı ayrıca bir qanun layihəsi hazılanması ilə bağlı təkliflə çıxış edib.

Komitənin iclasında iştirak edən millət vəkili Leyla Abdullayeva maraqlı təklif irəli sürüb. O, bildirib ki, Milli Məclisin Mədəniyyət komitəsi ilə mədəniyyət sahəsinin ayrı-ayrı şəxsləri arasında vaxtaşırı görüşlərin keçirilməsi, dövlət qurumları ilə fikir mübadiləsinin aparılması vacib məsələlərdəndir. L.Abdullayeva hesab edir ki, bütün görülən işlər Azərbaycan mədəniyyətinin inkişafı üçün öz təhfəsini verəcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir