Modern.az

Deputatın hüquqlarını müdafiə komitəsi məhkəməyə və Mətbuat Şurasına müraciət etdi

Deputatın hüquqlarını müdafiə komitəsi məhkəməyə və Mətbuat Şurasına müraciət etdi

16 Fevral 2011, 17:55

Modern.az saytına 28 saylı Sabunçu III seçki dairəsində yaşayan 300-dək seçicinin imzaladığı müraciət daxil olub. Surəti həm də Nizami rayonu Məhkəməsinə, Mətbuat Şurasına və ölkə mediasına göndərilən müraciətdə 28 saylı Sabunçu III seçki dairəsində deputat seçilmiş Eldar Quliyevə qarşı “Yeni Müsavat” qəzetində dərc olunan silsilə yazılara etiraz ifadə olunub.

“Seçki qərərgahının təbliğatçıları və müşahidəçiləri, həmçinin ərazidə yaşayan minlərlə seçici «Yeni Müsavat» qəzetinin 5 fevral, 8 fevral, 11 fevral, 12 fevral, 13 fevral 2011-ci il tarixli saylarında ardıcıl dərc olunan qərəzli, üslub baxımından kobud və təhqiramiz, məzmun baxımından isə məntiqə söykənməyən, qarşı tərəfin şəxsiyyətinə, işgüzar imicinə, şərəf və ləyaqətinə xələl gətirən, dərindən araşdırılmamış və həmçinin faktlara söykənməmiş dedi-qodu səviyəsində olan materilalların xüsusi bir ardıcıllıq və canfəşanlıqla hər nömrədə manşetə çıxarılması millət vəkili Eldar Quliyevə qarşı yönəlmiş adı çəkilən qəzetin təsisçisi Rauf Arif oğlu Abbasovun təşkil etdiyi başdan ayağa iftira və  şər-böhtan kampaniyası kimi qiymətləndiririk”-deyə müraciətdə qeyd olunub.
   
Müraciət müəllifləri bildiriblər ki, həmin silsilə yazılar öz spesifik xusisiyyətləri ilə seçilən Zabrat, Maştağa, Bilgəh və Nardaran əhalisini olduqca hiddətləndirib, insanlarda qəzəb və etiraz hissləri doğurub.

“Seçicilərin böyük əksəriyyətinin səsini qazanan Eldar Quliyev öz alicənablığı, səxavəti, təşkilatçılıq bacarıqı ilə əhali arasında böyük hörmətə və ehtirama layiq olan millət vəkilidir”-deyə müraciət müəllifləri vurğulayıblar.

Onlar qeyd ediblər ki, bu cür qara piar kampaniyası aparan baş redaktor R.Arifoğlu seçkiləri uduzduğunu həzm edə bilmir: “Rauf Arif oğlu Abbasov unudur ki, 28 saylı III seçki dairəsinin seçicilərinin hissiyatına toxunmaqla, onların seçiminə hörmətsiz münasibət göstərməklə özünü oxuculardan aralayır, sanballı bir qəzetin yaradıcı kollektivinin imicinə xələl gətirir”.

Müraciət müəllifləri millət vəkili Eldar Quliyevin əlehinə yönəlmiş bu kampaniyanı dayandırmağı, ondan qəzet vasitəsi ilə üzr istəməyi tələb etdiklərini vurğulayıblar.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir