Modern.az

Rauf Arifoğlu deputata cavab verdi

Rauf Arifoğlu deputata cavab verdi

Media

16 Fevral 2011, 17:56

Modern.az saytının xəbər verdiyi kimi 28 saylı Sabunçu III seçki dairəsində yaşayan 300-dək seçicinin imzası ilə Nizami rayonu Məhkəməsinə, Mətbuat Şurasına və ölkə mediasına göndərilən müraciətdə 28 saylı Sabunçu III seçki dairəsində deputat seçilmiş Eldar Quliyevə qarşı “Yeni Müsavat” qəzetində dərc olunan silsilə yazılara etiraz ifadə olunub. Bildirilib ki, son günlər «Yeni Müsavat» qəzetində silsiləvi olaraq E.Quliyevə qarşı qara piar kapmpaniyası aparılır. “Qərəzli, üslub baxımından kobud və təhqiramiz, məzmun baxımından isə məntiqə söykənməyən, qarşı tərəfin şəxsiyyətinə, işgüzar imicinə, şərəf və ləyaqətinə xələl gətirən, dərindən araşdırılmamış və həmçinin faktlara söykənməmiş dedi-qodu səviyəsində olan materilalların xüsusi bir ardıcıllıq və canfəşanlıqla hər nömrədə manşetə çıxarılması millət vəkili Eldar Quliyevə qarşı yönəlmiş adı çəkilən qəzetin təsisçisi Rauf Arif oğlu Abbasovun təşkil etdiyi başdan ayağa iftira və  şər-böhtan kampaniyası kimi qiymətləndiririk” deyən müraciət müəllifləri “Yeni Müsavat”dan təkzib tələb ediblər.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu məsələ ilə əlaqədar Modern.az saytına deyib ki,  həmin müraciəti hazırlayanlar Eldar Quliyevin və onun əlaltılarının işidir.
“O, hərəkat lideri, iqtidar sahibi, təriqət şeyxi deyil ki, tərəfdarları olsun. Bu cür kampaniyanı dayandırmasa, onun üçün daha pis olacaq”.
Baş redaktor deyib ki, qəzetlərlə, jurnalistlərlə bu dildə danışmaq olmaz, onları hədələmək, şantaj eləmək cinayət əməlidir. “Əminəm ki, bu adam Bakı kəndlərinin sakinlərinin səsi ilə deputat seçilməyib....
Əlindən gələni etsin. Bizi məhkəməyə verib - əslində bu proses onun özünün ittihamına çevriləcək. İnanıram ki, dövlət böyükləri də onun ölkəyə zərər gətirən bu yanlış addımına lazım olan cavabı verəcəklər. Mən də tələb edirəm ki, Eldar Quliyev “Yeni Müsavat”a qarşı təqib və təhdid kampaniyasını dayandırsın, redaksiyadan üzr istəsin. Bəlkə biz də bu zaman ona qarşı ifşa yazılarını dayandıraq. Əks halda, bu proses onu bitirəcək”.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir