Modern.az

Dəlidən doğru XƏBƏR...

Dəlidən doğru XƏBƏR...

1 Oktyabr 2016, 14:58

Fürsəti vaxtından əvvəl dəyərləndirəcəyini  bu formada gözləmirdik. Heç toyuq-cücələrimizi də sayıb-qurtarmağa imkanımız olmadı.

Çox güman ki, bu boyda həngamədən sonra paytaxt Bakını  islanmış obrazda bir daha görmək istəmirik.

 

Həftənin hesabatını təqdim edirəm

 

Min cavana dəyən siyasətçi

 

Yola saldığımız həftə, dünyanın gözü İsrail dövlətinə tuşlandı. Səbəb isə İsrailin  9-cu prezidenti olmuş Şimon  Peresin 94 yaşında dünyasını dəyişməsi idi. “Nadir şahı taxtda, şah Abbası qundaqda” görən Şimon Peresin prezidentlik dövründə ölkənin inkişaf tempi sürətlənib.

 

İki il bundan əvvələ qədər prezidentlik kürsüsündə əyləşən mərhumun 91 yaşı olub. Nə az nə çox 91 ha! Biz də yanğından mal qaçırırmışıq  kimi 70 yaşlılarımızın kürsüdən birbaşa təqaüdə çıxmasını istəyirik. Hərçənd ki, siyasətdə ağıl yaşda olmur, başda olur.

 2009-cu ildə Davosda keçirilən forum zamanı bülbül kimi 25 dəqiqə danışan Peres, min cavana dəydiyini Rəcəb Tayyib Ərdoğana sübut etmişdi. Amma etiraf edək ki, Türkiyə prezidenti ( o zaman baş nazir) Rəcəb Tayyib Ərdoğan da Peresə yaxşı cavab vermişdi.

 

Belə görünür ki, əzrail Peresin qapısını döyməsəydi, bəlkə də,  siyasi arenada liderlik statusu bu gün də aktual idi.

 

Jirinovski nə istəyir?!

 

Təlxəklik  obrazına girib aktuallığını diqqətdə saxlayan  Jirinovski, demokratik addım atıb. Azərbaycanda daha çox  Rusiyanın Hafiz Hacıyevi kimi tanınan siyasətçinin, mandatdan imtina etməsi  xəbərini eşidəndə adama elə gəldi ki, günəş qərbdən çıxıb. Rusiyanın Liberal-Demokrat Partiyasının (RLDP) lideri Jirinovski Saratov şəhər dumasına keçirilən seçkilərdə siyahıya liderlik edirdi. Birdən-birə mandat məsələsində güzəşt etmək qərarına gəlib. Burda deyiblər. “Dəlidən doğru xəbər”.

 

 

Vicdan qatilləri

 

Yola saldığımız həftə bütün Qafqazın şeyxindən xəbər gəldi. Daha doğrusu, şeyx həzrətləri dini televiziyanın açılması təklifini irəli sürüb. Hər halda, təklifdi də. Dəyərləndirməyə dəyər.

 

Amma televiziyalarımızda hər şey o sanki dərəcədə “idealdır” ki, dini televiziyanın yaranması ümumi mənzərəni tamamlayacaq. İllərdir ki, televiziyalarımız  ekspert qismində xalis fırıldaqçıları tamaşaçıların “gözünə soxur”. Biçarə Fatmanisələr, Güldəstələr də hardan bilsinlər ki, onları mühakimə edənlər, əslində, özləri  cinayət məsuliyyətinə cəlb olunmalıdır. Şərt deyil ki, əllərini qana batırıblar, kiminsə mülkünü yarıblar. Vicdan qatillərinin günahı, qanuna belə sığmır. Bəla ondadır ki, əxlaq oriyentasiyası çirkli olanlar bütövlükdə cəmiyyətə təmizlik dərsi keçir.

 

Təəssüf ki, 19-cu əsrdə şeyx Nəsrullahın yalanlarına uyan kütlənin dünyaya açılan pəncərəsi, bu gün də qapalıdır.  İnternetin meydan suladığı zəmanədə dünya ovcumuzun içində oynayır. Amma biz öz günümüzə oynaya bilmirik. Çünki nə gözlərimiz açıqdır, nə də beynimiz işlək vəziyyətdədir.

Məncə dini televiziyanın açılması isə mövhumatçı toplumun inkişafına yol açacaq.  Bundan sonra Fatmanisələrin, Güldəstələrin gəlhagəli olacaq. Bu dəfə onlar mühakimə olunmayacaqlar.

Sadəcə,   hocalara üz tutub gecə yatıb yuxuda gördüklərinin səhər yozumunu istəyəcəklər. Onsuz da, gözü çıxmış qardaşlarımızdan dərs götürə-götürə gəlirik. Nə olar ki! “Hərşeyşünas” ekspertlərimizi növbəti dəfə dinşünas obrazda görərik. Zatən, buna da alışacağıq.

Aktyorlarımız, aktrisalarımız toylarda  tamadalıq edəndə, aktyorluq  sənəti elə efirlərdə can verməyə başladı. Bəziləri də fürsəti çox gözəl dəyərləndirdi. Aktyorluq sənətinin “Fatihə”sini oxuyub çömçəni də əllərinə aldılar. Məhz həmin çömçə tutanlar bu gün cəmiyyətin bir qism təbəqəsinin nümunə mərkəzinə çevrilib.

Di gedin, yeni obraza hansı formada girəcəyinizə hazırlaşın!

 

“Cücəni payızda sayarlar”. AMMA...

Yola saldığımız həftə paytaxta bir yağış yağdı ki, tutub ucundan göyə çıxmağa gücümüz də çatmadı. Əslində, payızda yağar da. Di gəl ki, bir əmma var.

Yağış yağanda Bakı lap Tıq-tıq xanıma bənzəyir. Yağış yağan kimi göz oxşayan gözəllikdən əsər-əlamət qalmır.  Üstəgəl, Bakının bir nömrəli bəzəyinə çevrilən tıxac, yağışla harmoniyaya girəndə, aləm dəyir bir-birinə.  

 

Hacıbala müəllimin qurub-yaratdığı Bakının gözəlliyi bir damcı yağışın əlində itib-batır. O dəqiqə hiss olunur ki, qızmar yayın istisindən paytaxt küçələrinin ciyəri çox pis formada  yanıb. Yarım saatlıq yağışın yağması kanalizasiyalara artıqlıq edir. Həə, bu zaman yaranmış mənzərəni sözlə ifadə etmək çətindir.

 

Əslində, paytaxt üçün nə yağış yenidir, nə də onun yaratdığı problemlər. İllərdir ki, yağış başımıza yağsa da, müvazinətini itirən ayaqlarımız olur. Hacıbala müəllim, inciməsin. Kanalizasiyaların işinə bu neçə ildə bir əncam çəkə bilməyibsə, profilaktik tədbir olaraq qayıqlar təşkil etsin.

 

Heç olmasa, yolun bu başından növbəti dayanacağa qədər  ayağımızı yerdən götürə bilək. Bu  yağışdan üzüb sahilə güclə çıxa bildik. Növbəti yağışdan Allah qorusun bizləri.

 

Deyirəm, yazda toyuq-cücə basdıranlar çətin ki, yaxşı məhsuldarlıq əldə edə bilsinlər. Bu payızda cücəni saymağa belə fürsət olmadı. Çünki ortada nə fal qalıb, nə də yumurta!

 

Namidə BİNGÖL

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir