Modern.az

Sınaq imtahanlarından “2” alan şagirdlərin aqibəti necə olacaq?

Sınaq imtahanlarından “2” alan şagirdlərin aqibəti necə olacaq?

17 Fevral 2011, 11:28


Orta məktəblərdə keçirilən sınaq imtahanlarının nəticələrinə elə-belə yanaşmaq olmaz, çünki qiymətlər attestata da təsir göstərəcək. Bu sözləri Modern.az saytına Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsindən bildiriblər. Nazirlikdən onu da deyiblər ki, ötən şənbə və bazar günləri Bakı məktəblərində keçirilmiş sınaq imtahanlarından “2” qiyməti alan 11-ci sinif şagirdləri bu barədə ciddi düşünməli və buraxılış imtahanlarına yaxşı hazırlaşmalıdırlar ki, “nailiyyətlərini” təkrarlamasınlar, əks halda attestat ala bilməyəcəklər.
Əgər indiki sınaq imtahanlarından “2” alan şagirdlər yayda buraxılış imtahanlarından yuxarı qiymət alsalar, onların problemləri olmayacaq, yəni attestat ala biləcəklər.

Qeyd edək ki, 12-13 fevral tarixlərində Bakı şəhəri üzrə ümumi orta təhsil və tam orta təhsil səviyyələri üzrə mərkəzləşdirilmiş qaydada 26730 XI sinif şagirdi 72 mərkəzdə, 36085 IX sinif şagirdi isə 74 mərkəzdə yoxlama imtahanı verib. Bakı şəhərində məskunlaşan məcburi köçkün rayonlarının şagirdləri də 12-13 fevral tarixlərində keçirilmiş imtahanlarda iştirak ediblər. İmtahan XI sinif şagirdləri üçün 3,  IX sinif şagirdləri üçün isə 1 saat 30 dəqiqə davam edib.
Doqquzuncular ana dili və riyaziyyat fənləri üzrə hərəsi 25 sual olmaqla, cəmi 50 suala cavab veriblər.
Onbirincilər isə 120 sual olmaqla, 8 fəndən (ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil) imtahan olunublar.
2010-2011-ci dərs ilində keçirilən yoxlama imtahanlarında bir sıra yeniliklər tətbiq olunub. Belə ki, tam orta təhsil səviyyəsi üzrə yoxlama və buraxılış imtahanlarında ümumi sual sayı dəyişilməz olaraq 120 qalsa da, fənlər üzrə sual sayları dəyişilib. Ana dili və riyaziyyat fənləri üzrə sualların sayı 25-dən 21-ə endirilib, təbiət fənləri üzrə sualların sayı isə (kimya, bialogiya, fizika, coğrafiya) 10-dan 12-yə qaldırılıb.

Xatırladaq ki, imtahanlar test üsulu ilə keçirilib və əldə olunan nəticə şagirdlərin attestat qiymətlərinə də təsir göstərəcək.

Bəs imtahanlarda neçə şagird “2” qiyməti alıb? Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsindən bildiriblər ki, hazırda bununla bağlı statistika dəqiqləşdirilir və yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!