Modern.az

Keçmiş deputatlar nə işlə məşğuldurlar?

Keçmiş deputatlar nə işlə məşğuldurlar?

Ölkə

2 Noyabr 2009, 12:34

İkinci Çağırış Milli Məclisin deputatları olmuş şəxslərin hazırda nə işlə məşğul olmaları maraq doğurur. Onların arasında cəmiyyət tərəfindən tanınanlar da olub, tanınmayanlar da. Qeyd edək ki, 2005-ci il parlament seçkilərində İkinci Çağırış zamanı deputat olmuş şəxslərin hamısı yenidən namizədliklərini irəli sürmüşdülər. Amma onların təxminən yarısı yeni mandat qazana bilmədi. Onlar indi haradadırlar, nə işlə məşğuldurlar? Modern.az saytı bu istiqamətdə araşdırma apararaq keçmiş deputatlar barədə bəzi məlumat topladı. Ötən çağırış parlamentin gənc deputatlarından biri olmuş Anar Axundzadə hazırda heç bir dövlət işində çalışmır. Mətbuatdan da gen gəzir. Araşdırmamız nəticəsində onun bizneslə məşğul olduğunu dəqiqləşdirdik.

Sabiq millət vəkili, iqtisadçı Əli Əlirzayev hazırda Dövlət İqtisad Universitetində kafedra müdiridir. Mətbuat aradabir iqtisadi məslələr barədə onun da fikirlərini dərc edir. Bu da Əli Əlirzayevin cəmiyyətdə tanınmış simalardan biri olduğunu deməyə əsas verir.

 

Milli Məclisin sabiq üzvü Vüqar Rəhimzadə hazırda “İki sahil” qəzetinin baş redaktorudur. Bununla yanaşı, o, həm Mətbuat Şurasının, həm də Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbərliyində təmsil olunur.

Keçmiş parlamentari Gülçöhrə Məmmədova Memarlıq və İnşaat Universitetinin rektorudur. Onu yalnız memarlıq və inşaat məsələlərinə aid rəsmi tədbirlərdə görmək olar. Milli Məclisin başqa bir keçmiş deputatı, sabiq AXCP-çi Əliməmməd Nuriyev “Konstitutsiya Araşdırmaları Fondu” adlı qeyri-hökumət təşkilatının rəhbəridir. O, həm də Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası İdarə Heyətinin üzvüdür.

Vaxtilə Milli Məclisdə yeganə müsavatçı deputat olmuş  Şirzad Əyyubovu da bir zamanlar mətbuat səhifələrində tez-tez görmək olardı. Sonradan Müsavat Partiyasından çıxan, ardınca da Üçüncü Çağırış Milli Məclisdən kənarda qalan Şirzad Əyyubov hazırda sahibkarlıq fəaliyyətilə məşğuldur. 

Parlamentin YAP-dan olan sabiq üzvü, “Yeni Azərbaycan” qəzetinin keçmiş baş redaktoru Alqış Musayev hazırda işsizdir. O, əvvəlcə Milli Məclisdən kənarlaşdırıldı, sonra da rəhbərlik etdiyi qəzetdən.  

Vladimir Timoşenko-Milli Məclisin rusdilli keçmiş deputatı. Vaxtilə Azərbaycan parlamentində təmsil olunan, amma Azərbaycan dilini bilıməyən bu sabiq deputat həmişə yanında tərcüməçi otuzdurardı. Onun hazırda təqaüddə olduğunu öyrəndik.

 

Modern.az-a məlum olub ki, əvəllər Milli Məclisdə Sumqayıtı təmsil edən sabiq deputat, parlamentin passiv üzvlərindən olmuş Xıdır Alovlu hazırda təqaüddədir. Amma onu da deyirlər ki, təqaüddə olmasına baxmayaraq, o, həm də biznes fəaliyyətilə məşğuldur.

Südeyif İmamverdiyev səhiyyə sahəsində tanınmış mütəxəssisdir. Milli Məclisin bu sabiq deputatı hazırda öz ixtisası üzrə urologiya sahəsində fəaliyyət göstərir. Ötən ilin yayında, ad günü ərəfəsində “Şöhrət” ordeni ilə təltif olunan S.İmamverdiyev Tibb Universitetinin kafedra müdiri, Respublika Klinik Xəstəxanasında urologiya şöbəsinin rəhbəridir.

2000-2005-ci illərdə Milli Məclisdə Cəbrayıl rayonunu təmsil edən sabiq deputat Kərəm Əliyev ondan öncə həmin rayonun icra başçısı olmuşdu. Həm icra başçısı, həm də deputat olduğu zamanlarda cəbrayıllıların etimadını itirən K.Əliyev indi bizneslə məşğuldur.

 

İki çağırış dalbadal Milli Məclisin üzvü olmuş Şaitdin Əliyev 2005-ci ildə üçüncü dəfə parlamentə düşə bilmədi. Bununla belə, deputat mandatı qazanmasa da, onu Milli Məclisdən kənarda qoymadılar. Ş.Əliyev hazırda Mili Məclisin qapılarını millət vəkili kimi deyil, qanunverici orqanın Aparat işçisi kimi açır.

 

Gülmət Pirmətov. Ötən çağırış parlamentdə belə bir deputat da fəaliyyət göstərirdi. O, Milli Məclisin iclaslarında çox nadir halarda çıxış edirdi. Adı ictimaiyyətə yaxşı tanış olmayan sabiq deputat hazırda “Azəreneji” ASC-də işləyir. Digər sabiq deputatlarla bağlı araşdırmalarımızı da təqdim edəcəyik.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər