Modern.az

Xocalılar bütün dünyada yad ediləcək

Xocalılar bütün dünyada yad ediləcək

21 Fevral 2011, 10:32

Ermənilərin və rus hərbçilərinin 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində xalqımıza qarşı törətdikləri soyqıqımdan 19 il keçir. Həmin gecə Xocalı şəhəri yerlə yeksan edilib, qadınlar, qocalar, əlillər, uşaqlar xüsusi amansızlıqla öldürülüb, misli görünməmiş qəddarlıqla diri-diri yandırılıb, başlarının dərisini soyulub, gözləri çıxarılıb. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımı adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoyub, 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər itkin düşüb.

Bu faciənin 19-cu ildönümü ilə bağlı dünyanın əksər ölkəsində müxtəlif formatda tədbirlər keçiriləcək.

Qardaş Türkiyənin demək olar ki, bir sıra şəhərlərində də anım mərasimləri, konfrans və dəyirmi masalar, fotosərgilər təşkil olunacaq. Belə tədbirlər qonşu Gürcüstanda da düzənlənəcək.

Özbəkistan, Qazaxıstan, Qırğızıstanda yaşayan azərbaycanlılar tərəfindən də Xocalı soyqırımı ilə bağlı tədbirlər təşkil olunacaq. Misir, Birləşmiş Ərəb Əmirlikləri, İsraildə Xocalı faciəsi ilə bağlı elmi-praktik konfranslar keçiriləcək, fotosərgilər təşkil olunacaq.

Rusiyanın da ən böyük şəhərlərində - Moskva, Sankt-Peterburq, Yekaterinburqda - Ümumrusiya Azərbaycanlıları Konqresi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təşkilatçılığı ilə anım mərasimləri, dəyirmi masa və konfranslar keçiriləcək, Xocalıda dinc əhalinin qətlə yetirilməsini əks etdirən fotosərgilər, sənədli filmlər nümayiş olunacaq.

Keçmış MDB məkanında, Ukrayna, Belarus, Estoniya, Litva, Latviya və Moldovada, həmçinin Avropanın ayrı-ayrı ölkələrində, o cümlədən Almaniya, Fransa, İtaliya, Danimarka, İsveç, Niderland, Polşa, Rumıniya, Macarıstan, Finlandiya, Çexiyada keçiriləcək tədbirlərə bu ölkələrdəki Azərbaycan diasporu ilə yanaşı, türk, yəhudi icmalarının, eləcə də ölkələrin ictimai-siyasi təşkilatlarının, parlament nümayəndələrinin qatılacağı gözlənilir.

Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı tədbirlər İsrail, ABŞ Corc Vaşinqton, Hyuston, Vaterloo, Florida, Kanadanın Toronto universitetlərində, Avstraliya və Yeni Zelandiyada da keçiriləcək.

Bununla da bu il demək olar ki, dünyanın əksər ölkəsində Xocalı soyqırımı qeyd ediləcək.

Modern.az saytının məlumatına görə, bu il Xocalı soyqırımının dünya səviyyəsində keçirilməsi üçün Azərbaycanın Diasporla İş Üzrə Dövlət Komitəsi, xarici ölkələrdəki diasporalarımız, xarici ölkələrdəki diplomatik korpusumuzun nümayəndələri xüsusilə fəallıq göstərirlər. Həmçinin Türkiyə diasporu da bu məsələdə xüsusi yardımlar göstərir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir