Modern.az

Tarixin şəxsiyyət yaddaşı – Con Kennedi

Tarixin şəxsiyyət yaddaşı – Con Kennedi

Reportaj

22 Fevral 2011, 10:51

Con Kennedi: “Asan həyat arzu etmə, güclü insan olmağı arzu et


Yarım əsr ötməsinə baxmayaraq Con Kennedi amerikalıların əksəriyyəti tərəfindən ən yaxşı prezident sayılır. 1990-cı ildən Hellap institutunun keçirdiyi sorğu nəticəsində Amerikanın 35-ci prezidenti hər dəfə populyarlıq qazanaraq birinci yeri tutur.

Con Kennedi 1917-ci il mayın 29-da Bruklaynda doğulub. İrland mənşəli katolik ailəsində dünyaya göz açan Conun atası ABŞ-da ən cavan bank müdirlərindən olub. Uşaqlıq illərində çox zəif olan və tez-tez xəstələnən gələcək prezident elmə, təhsilə, kitablara və hətta məktəb illərində qəzetlərə xüsusi marağı ilə fərqlənib. Bu maraq onda o qədər güclü olub ki, o, iyirmi dəqiqəyə dörd qəzet oxuya bilirmiş.
1935-ci ildə orta məktəbi bitirən Con Kennedi London İqtisadiyyat Məktəbinə, sonra isə Prinston Universitetinə daxil olur. 1940-cı il iyunun 21-də isə Harvard Universitetini bitirir. Təhsilini başa vurduqdan sonra ordu sıralarına daxil olan Con Sakit okeanda torpedo katerində xidmət edir. O, burada leytenant rütbəsi alır, xidmətdə fərqləndiyinə görə Hərbi Dəniz Qüvvələrinin mükafatlarına layiq görülür. 1943-cü ildə isə Dəniz Piyadaları Medalı ilə təltif olunur.

Kennedinin siyasi karyerasında İngiltərənin Münhen sövdələşməsindən bəhs edən “İngiltərə niyə yatmışdı?” adlı kitabı böyük rol oynayır. 1946-cı ilin əvvəlində Kennedi ABŞ Konqresinin Nümayəndələr Palatasına öz namizədliyini təqdim edir. 1947-53-cü illərdə o, on birinci Massaçusets Konqres dairəsindən Nümayəndələr Palatasının üzvü, 1953-cü il yanvarın 3-dən 1960-cı il dekabrın 22-dək isə senator olur. Bu dövrdə o, Duayt Eyzenhauerin siyasətini tənqid edir.
1949-cu ildə Kennedi Polşada, Sovet İttifaqında, Türkiyədə, Fələstində və Balkanlarda olur. 1951-ci ildə isə o, İngiltərəyə, Fransaya, İtaliyaya, İspaniyaya, AFR-ə və Yuqoslaviyaya səfər edir.

1953-cü il sentyabrın 12-də Kennedi Jaklin Buvye ilə ailə həyatı qurur. Nigah mərasimi Nyu-Portda keçirilir. Bu evlilikdən 4 uşaq doğulur ki, bunlardan 2-si doğulduqdan dərhal sonra vəfat edirlər.

1960-cı il yanvarın 2-də Kennedi özünün prezidentliyə namizədliyini irəli sürməsi haqqında qərarını elan edir. Onun Demokratlar Partiyasından rəqibləri Hubert Hemfri, Stüart Sayminqton, Adlay Stivenson və Lindon Conson idi. Bütün prezidentliyə namizədlərdən Kennedi müxtəlif ştatlara daha çox səfərlər edir və seçki kampaniyasında başqa namizədlərdən daha çox fərqlənir. Bu ərəfədə onun nitqlərindən ibarət "Sülhün strategiyası" adlı toplu dərc edilir. 1960-cı il iyulun 13-də Demokratlar Partiyasının Qurultayı prezident seçkilərində partiyanın vahid namizədi kimi Con Kennedini irəli sürür. O, 20 yanvar 1961-ci ildə ABŞ tarixində ilk katolik və Teodar Ruzveltdən sonra ölkənin ikinci ən gənc prezidenti olur.

Con Kennedi prezidentliyi dovrundə ciddi sosial-iqtisadi proqramlar həyata keçirir, hərbi blokların və ABŞ Silahlı Quvvələrinin gucləndirilməsinin tərəfdarı olur. 1962-ci ilin oktyabrında SSRİ-nin Kubada nüvə raketləri yerləşdirmək cəhdi ilə əlaqədar Sovet-Amerika munasibətləri son dərəcə gərginləşdiyi dövrdə məsələni danışıqlar yolu ilə həll etməyə nail olur, novbəti dunya muharibəsinin başlanmasının qarşısını alır.

Kennedi "Kütləvi qisas" doktrinasını rədd edərək, kommunizmin dayandırılması  və "Çevik əks-tədbir" doktrinalarını qəbul edir. 1961-ci ildə xaricə texnika və təhsil sahəsində kömək edən Sülh Korpusu yaradılır. Birləşmiş Ştatların Vyetnamdakı hərbi müdaxiləsini artırması haqqında təklifi rədd edir.

Con Kennedinin qadınlara qarşı özünəməxsus münasibəti olub. Həm də məhəbbət məcarələri ilə məhşurlaşan prezidentin sevgi münasibətləri dillərdə gəzib. Kennediyə yaxınlığı ilə tanınan Merilin Monronun məşhur "Ad günün mübarək, cənab prezident" mahnısı məhz ona həsr edilib. Ötən il Con Kennedinin sevgi məktubları hərraca çıxarılıb. O isveçli məşuqəsi Qunille fon Posta ünvanladığı sevgi dolu namələri 1950-ci illərdə senator olduğu müddətdə yazıb. Hərrac zamanı məktubların başlanğıc qiyməti 25 min dollar olub. Qeyd edək ki, amerikalı prezidentin isveçli xanımla məhəbbət hekayəsi evliliyindən öncə başlayıb və sonra da davam edib. 78 yaşlı Qunille fon Post 1997-ci ildə buraxdığı kitabda ABŞ prezidenti ilə yaşadığı eşq macərasını qələmə alıb. Lakin Kennedinin 11 məktubu və 3 teleqramı indiyə kimi nəşr olunmayıb.

Con Kennedi 1963-cu il noyabrın 22-də Texas ştatının Dallas şəhərində qətlə yetrilib. Həmin gün saat 12:30-da Kennediyə snayper tüfəngindən iki dəfə atəş açılır, birinci mərmi onun boynuna, ikincisi isə başına dəyir.

Prezident mühafizəsinin zabiti Klinton Hill Kennedini qorumaq üçün yük yerinə çıxır və prezidentin avtomobili sürətlə Parklend Hospitalına üz tutur. Həkimlər iyirmi dəqiqə ərzində Kennedini xilas etməyə çalışırlar, lakin saat 1-də rəsmi olaraq onun ölüm xəbəri elan edilir. Saat 13:46-da Senat işini dayandırır, bir dəqiqə sonra Nyu-York birjası bağlanır. Saat 13:49-da sui-qəsd haqqında əhaliyə xəbər verilir. Saat 15:41-də tabut Vaşinqtona uçan prezident təyyarəsinə yüklənir. Vaşinqtonda tabut gücləndirilmiş mühafizə altında Endrüs hava bazasına çatdırılır. Noyabrın 25-də Con Kennedi Arlinqton milli qəbiristanlığında torpağa tapşırılır.

Rəsmi qatili sayılan Li Harvi Osvald həbs edilsə də, hadisə ilə bağlı şubhələr və müəmmalar hələ də qalmaqdadır. Çunki qatil özunu gunahkar bilməyib və iki gun sonra isə polis əməkdaşları tərəfindən gullələnib.

Con Kennedinin xatirəsi amerikalılar tərəfindən əziz tutulur və o həmişə ehtiramla yad edilir. Onun şəkli 1964-cü ilin 50 sentlik qəpiklərində yer almışdı. 1963-cü ildə Nyu-Yorkda yerləşən Aydlaud hava limanı onun şərəfinə Con Kennedi adına hava limanı adlandırılıb. 1966-cı ildən Harvard Universitetinin fakültələrindən biri Con Kennedinin adını daşıyır.

Var-dövlətinə görə ABŞ-ın ən varlı prezidenti hesab olunan Kennedi, prezidentlər arasında yeganə Pulitser mükafatı laureatıdır. O, bu mükafata müəllifi olduğu “Şücaətin xassələri” kitabına görə layiq görülüb.

Amerikanın 35-ci prezidenti Con Kennedi zamanından əvvəl dünyasını dəyişsə də onun söylədiyi dəyərli bir fikir istənilən zaman və məkanda öz böyük mənasını itirmir:  «Soruşma ki, ölkə sənə nə verə bilər, özündən soruş ki, sən ölkəyə nə verə bilərsən...».

 

 

 


Azər Qardaşlı

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı