Modern.az

Magistratura imtahanlarının cavabları açıqlandı

Magistratura imtahanlarının cavabları açıqlandı

22 Fevral 2011, 18:26

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) fevralın 20-də  cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirib. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə  Modern.az-a məlumatında bildirib ki, magistraturaya qəbul imtahanın nəticələri artıq bəllidir. Nəticələr TQDK-nın saytında yerləşdirilib.
(Nəticələr bu linkdə - //www.tqdk.gov.az/mag1netice/)

Bakalavrlar topladıqları ballar haqqında məlumatı "İmtahancell" xidmətindən də öyrənə bilərlər. Bunun üçün iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərmək kifayətdir.

Qeyd edək ki,  imtahanlar respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəranda keçirilib.

İmtahanda iştirak etmək üçün 16510 bakalavr sənəd vermişdi. (Ötən il bu rəqəm 15362 olub). 
Onlardan 14447 nəfəri Azərbaycan bölməsi, 2063 nəfəri rus bölməsi üzrə imtahan verir. Ərizə verənlərin 8047 nəfəri oğlan, 8463 nəfəri isə qızlardır. Bakalavrlardan 9569 nəfəri 2011-ci ilin məzunlarıdır. 

E.Nağızadə bildirib ki, 356 nəfər imtahana gəlməyib.

İmtahanda iştirak etmiş bakalavrlardan 19 nəfəri qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunub.

Qəbul imtahanının I mərhələsinin nəticələrinə görə:

1) İxtisaslaşma seçimi cədvəlinə uyğun İİM və HSM istiqamətlərinə daxil olan ixtisaslaşmaları (xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar istisna olmaqla) topladığı bal 50-dən az olmayan bakalavrlar seçə bilərlər.
2) İxtisaslaşma seçimi cədvəlinə uyğun TM, TTM, MM, TEM və ETM istiqamətlərinə daxil olan ixtisaslaşmaları topladığı bal 45-dən az olmayan bakalavrlar seçə bilərlər.
3) İxtisaslaşma seçimi cədvəlinə uyğun ATM istiqamətinə daxil olan ixtisaslaşmaları topladığı bal 40-dan az olmayan bakalavrlar seçə bilərlər.
4) İxtisaslaşma seçimi cədvəlinə uyğun HSM istiqamətinə daxil olan xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları topladığı bal 40-dan az olmayan bakalavrlar seçə bilərlər.

Qəbul imtahanlarının I mərhələsinin nəticələri ilə əlaqədar müraciətlərə 2011-ci il fevralın 23 - dən 26-dək apellyasiya komissiyası tərəfindən baxılacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!