Modern.az

Əhəd Abıyev Daşkəsənə icra başçısı təyin edildi

Əhəd Abıyev Daşkəsənə icra başçısı təyin edildi

Ölkə

23 Fevral 2011, 18:15

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə sabiq deputat Əhəd Abıyev Daşkəsən rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Prezidentin sərəncamında bildirilib:
"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Əhəd Mikayıl oğlu Abıyev Daşkəsən rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin".

Modern.az-ın məlumatına görə, Abıyev Əhəd Mikayıl oğlu 1958-ci il yanvarın 15-də Masallı şəhərində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini və "Təfəkkür" Universitetinin hüquq fakültəsini bitirib. 

1979-cu ildən Bakı şəhərində tikinti-quraşdırma idarəsinin ustası, mənzil-istismar sahəsinin texniki, "Azərittifaq"ın universal bazasının iqtisadçısı olub. 1984–1995-ci illərdə Bakı Şəhər İcraiyyə Komitəsində inspektor, iqtisadçı, şöbə müdiri vəzifələrində çalışıb.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci və ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Sonuncu  dəfə 2005-ci il noyabrın 6-da 70 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilmişdi. 2010-ci il seçkilərində isə namizədliyini Suraxaı rayonundan verən Ə.Abıyev mandat qazana biməyib.

Evlidir, 2 övladı var.

Qeyd edək ki, ölkə başçısının bir neçə gün öncə imzaladığı sərəncamla Daşkəsən rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Tahir Kərimov Salyan rayonuna icra başçısı  göndərilib.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır