Modern.az

Azad Rəhimov da korrupsiyaya qarşı iclas keçirdi

Azad Rəhimov da korrupsiyaya qarşı iclas keçirdi

24 Fevral 2011, 18:18

Bu gün korrupsiya ilə mübarizəyə həsr olunmuş daha bir kollegiya iclası Gənclər və İdman Nazirliyində keçirilib. Modern.az saytının məlumatına görə, Naziri Azad Rəhimov kollegiya iclasında arayışla çıxış edib.
O, deyib ki, 2010-cu il ərzində Gənclər və İdman Nazirliyinə cəmi 691 müraciət daxil olub ki, onlardan 526 ərizə, 140 şikayət və 25 təklifdir:
“Faktiki 308-i Prezident Administrasiyasından, 10-u Milli Məclisdən, 8-i Nazirlər Kabinetindən, 20-i isə digər qurumlardan müşahidə məktubu ilə daxil olub, bundan başqa 277 ərizə, 61 şikayət, 7 təklif nazirliyin mərkəzi aparatına birbaşa ünvanlanaraq qeydiyyata alınıb və icraata götürülüb.
“Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunlardan irəli gələn vəzifələrin icra edilməsi, vəzifə təlimatlarının məsuliyyətlə yerinə yetirilməsi mütəmadi olaraq hər bir əməkdaşın diqqətinə çatdırılır.
Nazirliyin tabeliyindəki təsərrüfat hesablı qurumlarda göstərilən xidmətlər barədə bağlanılan müqavilələrin tam şəffaf olması, neqativ hallara yol verilməməsi, vətəndaşlara və hüquqi şəxslərə yüksək səviyyədə xidmətlər göstərilməsi daim diqqət mərkəzində olub, bununla bağlı müvafiq göstərişlər və tapşırıqlar verilib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında dövlət və semestr imtahan və məqbulların gedişinə nəzarət üçün və eyni zamanda, nəzəri və praktik dərslərin aparılması üçün 6 nəfər tərkibdə xüsusi komissiya yaradılıb. Bundan əlavə rektorluq tərəfindən ayrı-ayrı kafedralarda fərdi söhbətlər aparılmış, imtahan dövründə “qaynar xətt” xidməti təşkil edilmişdir .

Nazir deyib ki, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası tərəfindən 2010-cu ildə etik davranış qaydalarını pozmuş dövlət qurumlarının adları açıqlanıb:
“9 dövlət orqanının etik davranış qaydalarını pozan 242 əməkdaşına intizam tənbehi tətbiq olunub, 3 dövlət orqanında isə 14 əməkdaşın dövlət qulluğuna xitam verilib.
(İqtisadi İnkişaf Nazirliyində 13, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 7, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 2, Kənd Təsərrüfatı Nazirliyində 2, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 1, Sənaye və Energetika Nazirliyində 1, Dövlət Statistika Komitəsində 23, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 170, Əmlak Məsələləri üzrə Dövlət Komitəsində 23 dövlət qulluqçusuna intizam tənbehi tətbiq olunub. Dövlət Statistika Komitəsinin 3, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 2 dövlət qulluqçusunun dövlət qulluğuna xitam verilib).
Gənclər və İdman Nazirliyinin adının həmin siyahıda olmaması bizim üçün müsbət hal hesab edilə bilər”.

Azad Rəhimov ölkə Prezidenti İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasında verilmiş tapşırıqları və yuxarıda deyilənləri nəzərə alaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının qərarını da diqqətə çatdırıb:
“Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilmiş Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın 27 yanvar 2011-ci il tarixli iclasında verilmiş tapşırıqların icra vəziyyəti haqqında” arayış nəzərə alınsın və iclasda verilmiş tapşırıqlar və göstərilən nöqsanların aradan qaldırılması Nazirlik və onun strukturuna daxil olan bütün qurumlarda işdə rəhbər tutulsun.

2. Gənclər və İdman Nazirliyinin Mərkəzi aparatı, onun struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlara tapşırılsın:

2.1. Korrupsiyaya qarşı mübarizə sahəsində aparılan işlər müvafiq qaydada davam etdirilsin.

2.2. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasında verilmiş tapşırıqların icrası ilə əlaqədar konkret fəaliyyət proqramı işlənib həyata keçirilsin.

3. Gənclərlə iş, İdman, Maliyyə və maddi-texniki təchizat və İqtisadiyyat şöbələrinə tapşırılsın ki, şəffaflığın qorunması və büdcə xərclərinin məqsədli istifadəsini təmin etmək məqsədi ilə tədbirlərin keçirilməsi zamanı “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ciddi riayət edilsin.

4. Regionlarla iş və kadrlar şöbəsinə tapşırılsın:

4.1. Görülən işlərin davamı olaraq korrupsiyaya qarşı mübarizə ilə bağlı hüquqi biliklərin artırılması məqsədi ilə müxtəlif maarifləndirici tədbirlərin həyata keçirilməsini təmin etsin.

4.2. Rayon(şəhər) gənclər və idman idarələri (baş idarələr) tərəfindən bu istiqamətdə həyata keçiriləcək tədbirlərə nəzarəti gücləndirsin.

5. Ümumi şöbəyə tapşırılsın ki, vətəndaşlardan daxil olan ərizə və şikayətlərin operativ və hərtərəfli araşdırılması, pozulmuş hüquqların tam bərpa olunması istiqamətində Nazirliyin səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini təmin etsin.

6. Elm və təhsil şöbəsi Nazirliyin tabeçiliyində olan tədris müəssisələrində dövlət və semestr imtahan və məqbullar, attestasiya, sınaq və buraxılış imtahanları zamanı neqativ halların qarşısının alınmasına nəzarəti gücləndirsin.

7. Gənclər və İdman Nazirliyinin tabeliyində olan bütün qurumlar mütəmadi olaraq rüşvətxorluq və korrupsiyaya qarşı fəaliyyətləri haqqında məlumatları Nazirliyin Mərkəzi Aparatına təqdim etsinlər.

8. Hazırkı Qərar Nazirliyin tabeliyində olan bütün qurumlara göndərilsin”.

Nazir qərarın icrasına nəzarəti öz üzərində saxladığını da diqqətə çatdırıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı