Modern.az

İnterpolun Milli Mərkəzi Bürosu: “Xocalı soyqırımında təqsirləndirilənlərin axtarışı Ümumi Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə həvalə olunub”

İnterpolun Milli Mərkəzi Bürosu: “Xocalı soyqırımında təqsirləndirilənlərin axtarışı Ümumi Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə həvalə olunub”

25 Fevral 2011, 13:09

“Xocalı soyqırımı ilə bağlı beynəlxalq axtarışa verilənlərin sırasına daha bir nəfər də olunub”. Bu barədə Modern.az saytına açıqlamasında Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Əfraim Təhməzov məlumat verib. O, qeyd edib ki, Xocalı soyqırımının törədilməsində fəal iştirak edən 366-cı rus motoatıcı alayının üçüncü batalyonunun komandiri Nabokix Yevgeni Aleksandroviç də bu ildən haqqında axtarış verilənlərin siyahısına salınıb.
Mətbuat xidmətinin rəhbəri onu da deyib ki, indiyədək Azərbaycanın bu soyqırımları ilə bağlı beynəlxalq axtarışa verdiyi cinayətkarlardan bir nəfər də saxlanılmayıb.

Qeyd edək ki, hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev “Azərbaycan” qəzetinə müsahibəsində deyib ki, istintaqla 25 fevral 1992-ci ildə, saat 22.00 radələrində Ermənistandan Azərbaycan Respublikası ərazisinə qanunsuz keçmiş silahlı qüvvələr, habelə Dağlıq Qarabağın millətçi ermənilərindən təşkil olunmuş qanunsuz silahlı birləşmələrin keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının komandir heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçdiyi müəyən edilib:
“Hücumda Seyran Muşeqoviçin komandanlığı altında alayın 2-ci batalyonu, Nabokix Yevgeni Aleksandroviçin komandanlığı altında 3-cü batalyonu, həmçinin 1-ci batalyonun qərargah rəisi Çitçiyan Valeriy İsaakoviç, habelə alayda xidmət edən 50-dən çox erməni və digər millətlərdən olan zabit və gizirlər iştirak ediblər. Hücum zamanı 90-dan çox tank, piyadaların döyüş maşını, top, D-30 qaubitsası və digər müasir hərbi texnikadan istifadə olunub.
Hücumdan əvvəl şəhər şiddətli artilleriya atəşinə tutulub, sonra çoxsaylı ağır tanklar, PDM və zirehli transportyorlar şəhərə daxil olub, dinc əhali xüsusi amansızlıqla qətlə yetirilib. Erməni quldurları mülki əhaliyə, o cümlədən qadınlara, uşaqlara, qocalara aman vermədən, qarşılarına çıxan insanlara müxtəlif çaplı odlu silahlardan atəş açıb, tank, PDM və digər texnikanın altına salıb əzməklə öldürüblər”.

Hərbi prokuror mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıların yollarda, keçidlərdə, meşələrdə təqib edərək vəhşicəsinə öldürüldüyünü də vurğulayaraq rəqəmlər söyləyib: “613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil”.

Xocalı soyqırımı ilə bağlı aparılan istintaqa toxunan X.Vəliyev bildirib ki, 287 nəfər - sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş 239 nəfər, habelə ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adamöldürmə və digər cinayətlər törətmiş 48 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarları çıxarılıb: “Məhkəmə qərarlarına əsasən, onların barələrində həbs qətimkan tədbiri seçilib, axtarışları elan edilib”.

Bu axtarışlar nətıcəsində bir cinayətkarın belə saxlanılmamasının nə ilə bağlı olduğunu İnterpolun Milli Mərkəzi Bürosundan öyrəndik.

Modern.az saytına açıqlamasında İnterpolun Milli Mərkəzi Bürosunun əməkdaşı Mehman Quliyev bildirdi ki, Xocalı soyqırımında təqsirləndirilənlərin axtarışı ilə bağlı işlər İnterpolun Ümumi Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə həvalə olunub.

Onun sözlərinə görə, həmin şəxslərin axtarışı İnterpol vasitəsilə ilə aparılır, amma təəssüf ki, hələ indiyə qədər heç bir nəticə əldə edilməyib: “Biz də çalışırıq üzərimizə düşən öhdəlikləri yerinə yetirək, cinayətkarlar həbs edilsin”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu