Modern.az

Azərbaycanda 14 minədək adam quduzluğa yoluxub

Azərbaycanda 14 minədək adam quduzluğa yoluxub

27 Fevral 2011, 18:37

2010-cu ildə Respublika Taun Əleyhinə Stansiyasına quduzluq problemi ilə əlaqədar 13 min 951 müraciət daxil olub. Mürciət edənlərdən 12 nəfər vəfat edib. Modern.az-ın məlumatına görə, bu barədə Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Rakif Abdullayev bildirib. Onun sözlərinə görə, bu il hələlik quduzluqdan bir nəfər – 23 yaşlı Xəzər rayon sakini dünyasını dəyişib. R.Abdullayevin sözlərinə görə, insanlarda quduzluq xəstəliyi əsasən sahibsiz itlərin və çöl heyvanlarının – tülkü, çaqal, canavar, təsadüfi hallarda pişiklərin dişləməsi nəticəsində baş verib. Bəzən isə ev heyvanlarının quduz heyvan tərəfindən dişlənməsi də faciə ilə nəticələnib. Direktor müavini buna misal da göstərib. Ötən il Lənkəranda quduz heyvan tərəfindən dişlənmiş inəyi sağan zaman onun ağız köpükləri qadının gözünün selikli qişasına düşüb. Nəticədə 19 gündən sonra həmin qadın ölüb. R.Abdullayev ötən il Azərbaycanda 79 min 881 itin, 526 pişiyin məhv edildiyini, itlərin peyvənd olunduğunu deyib, amma onu da bildirib ki, görülən tədbirlərə baxmayaraq sahibsiz itlərin sayı yenə çoxdur. Direktor müavininin sözlərinə görə, ölüm hallarına səbəb it qapmasından zərər çəkən insanların bir çox hallarda həkimə vaxtında müraciət etməməsidir.

Hazırda Bakı şəhərində quduzluğa qarşı peyvənd olunmaq üçün 37 tibb müəssisəsində xüsusi yer ayrılıb. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, 2010-cu ildə təkcə Bakı şəhərində 4501 nəfərin heyvanlar tərəfindən dişlənməsi hadisəsi qeydə alınıb. Onlardan 3545 nəfəri it, 465 nəfəri siçovul, 430 nəfəri pişik, 61 nəfəri isə digər heyvanlar dişləyib.    2010-cu ildə Bakı şəhərində 3 nəfər quduzluqdan ölüb.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir