Modern.az

Məşhurların övladları: Qabil Hüseynlinin pianoçu oğlu - FOTOLAR

Məşhurların övladları: Qabil Hüseynlinin pianoçu oğlu - FOTOLAR

4 Noyabr 2016, 11:10

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai-siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, elm, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.


Budəfəki təqdimatımız tanınmış politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynlinin oğlu Toğrul Hüseynli haqqındadır.


10 Noyabr 1953-cü il tarixində dünyaya gələn Qabil Hüseynli uzun illərdi ki, Azərbaycan mediasında politoloji təhlillər, şərhlərlə çıxış edir. O, siyasətə gələnə qədər elmlə məşğul olub. Azərbaycan Texniki Universitetinin fəlsəfə və politologiya kafedrasının müdiri vəzifəsində işləyib.
1988-ci ildə Dağlıq Qarabağda separatizm hərəkatı yüksələndə və meydan hərəkatı başlayanda xalqa qoşularaq milli azadlıq hərəkatında iştirak edib. Meydan hadisələrinin sıravi iştirakçısı olan Q.Hüseynli sonra siyasətə qoşulub. O  dövrün ilk kütləvi təşkilatı olan Azərbaycan Xalq Cəbhəsinə üzv olub. AXC Məclisinə seçilərək, orada Qaçqınlar Komissiyasının sədri olub. Bundan sonra aktiv siyasi fəaliyyəti başlayıb.
Q.Hüseynli Fəzail Ağamalı ilə birlikdə ideyası ona məxsus olan Ana Vətən Partiyasının qurulması üçün təşkilat komitəsi yaradıb. Bu partiyanın yaradılması prosesində iştirak edən Q.Hüseynli sonra kənara çəkilib. O, 1992-ci ildə AXC-nin dağılması nəticəsində yaranan ilk siyasi partiyaya Azərbaycan Milli İstiqlal Partiyasının sıralarına daxil olub. AMİP-in Siyasi Şurasına üzv seçilib.

O zamanlar Q.Hüseynli həm də Azərbaycan Televiziyasında siyasi verilişin aparıcısı idi.
1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldiyində AMİP-də təmsil olunmuş bir sıra şəxslərə -  Elçin Əfəndiyev, Babək Hüseynoğlu, Gündüz Cəlilov və digərlərinə iqtidarda müxtəlif vəzifələr verilib. O cümlədən də Qabil Hüseynli Prezident Aparatında dövlət müşaviri vəzifəsinə təyin edilib.
Heydər Əliyevlə şəxsi münasibətləri dövlət müşaviri təyin olunmağında önəmli rol oynayan Q.Hüseynli bu vəzifədə uzun müddət qala bilməyib. Belə ki, o, 1995-ci ilin mart hadisələrindən sonra istefaya getmək haqqında ərizə yazıb.

Dövlət müşaviri postundan gedəndən sonra bir müddət Türkiyədə yaşayıb. Həmin dövrdə o, “Azadlıq” radiosunun Türkiyə üzrə təmsilçisi kimi fəaliyyət göstərib.
Q.Hüseynli 1999-cu ildə Müsavat Partiyasının sıralarına qəbul olunub. 2011-ci ildə isə Müsavat sıralarından istefa verib.
Q.Hüseynli hazırda Azərbaycan Texniki Universitetdə fəlsəfə kafedrasında professor vəzifəsində çalışır.


Qabil Hüseynlinin bir qız, bir oğlan övladı var. Həm qızı, həm də oğlu musiqiçidir. Qızı Bülbül adına musiqi məktəbini fərqlənmə diplomu ilə bitirib. Daha sonra magistraturada təhsilini davam etdirib. Hazırda pedaqoq kimi Musiqi Akademiyasında dərs deyir, elmlər namizədi, dosentdir, evlidir.

Qabil Hüseynlinin oğlu Toğrul Hüseynli subaydır.

Toğrul Hüseynli 1 iyun 1984-cü ildə Bakı şəhərində anadan olub. Musiqiyə lap kiçik yaşlarından həvəs göstərən T.Hüseynli ilk vaxtlar görkəmli bəstəkar Oqtay Zülfüqarovun Uşaq Filarmoniyasının nəzdindəki "Aysel" uşaq teatrının solisti olub. Fortepiano ilə tanışlığı isə 4 yaşında baş verib. 6 yaşında Bülbül adına Orta İxtisas Musiqi məktəbinə daxil olub.
11 illik təhsil müddətində bir çox respublika və beynəlxalq səviyyəli müsabiqələrdə çıxış edib, çoxsaylı mükafatlar qazanıb.

9 yaşında olarkən Nazim  Əliverdibəyov adına  gənc ifaçıların  4-cü ümumşəhər  müsabiqəsinə qatılaraq  birincilik əldə edib. Toğrul beynəlxalq müsabiqələrdə də müvəffəqiyyətlər qazanıb. 2005-ci ildə Cürcüstanda keçirilən  pianoçuların II beynəlxalq müsabiqəsində  III yeri tutaraq bürünc medala layiq görülüb. 2006-cı ildə Rauf Adıgözəlovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Simfonik  Orkestri ilə  filarmoniyada konsert verib.

2008-ci ildə görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş gənc musiqiçilərin birinci respublika müsabiqəsinin qalibi olub. Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdə keçirilən Beynəlxalq musiqi festivalında da uğur qazanıb.
Bir il sonra prezident İlham Əliyevin sərəncamı ilə adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb və prezident təqaüdünə layiq görülüb. Elə həmin il M.Rostropoviç adına Beynəlxalq musiqi festivalındakı uğurlu çıxışından sonra qərara alıb ki, təhsilini xarici ölkələrdən birində davam etdirsin. 2009-cu ildə Minsk şəhərində keçirilən beynəlxalq musiqi festivalında Köln konsertvatoriyasının professoru Vasiliy Lobanovla tanış olandan sonra bu fikrini qətiləşdirib.
 Bübül adına orta  ixtisas musiqi məktəbini fərqlənmə diplomu ilə bitirən Toğrul daha sonra Bakı Musiqi Akademiyasında ali təhsil alıb.Bakı Musiqi Akademiyasına qəbul olunduqdan 1 il sonra Almaniyanın Köln şəhərinə yollanıb. Akademiyanı bitirəndən sonra o, dövlət proqramı xətti ilə təhsilini Almanaiyada davam etdirib.

Köln Musiqi Konservatoriyasının fortepiano şöbəsinin bakalavr pilləsini fərqlənmə ilə bitirən Toğrul Hüseynli hazırda həmin ali məktəbin magistratutasında 2-ci kurs tələbəsidir.

T.Hüseynli pianoçu kimi bir sıra beynəlxalq musiqi yarışmalarında uğurla çıxış edərək mükafatlar qazanıb. Təsadüfi deyil ki, Köln Musiqi Konservatoriyası İtaliyada keçirilmiş musiqi yarışmasına öz tələbələri sırasından yalnız Toğrulu seçərək göndərib.

T.Hüseynli 2015-ci il 20-27 noyabr tarixlərində İspaniya kralının sponsorluğu ilə keçirilən 29-cu Beynəlxalq Piano yarışmasında bir çox musiqiçilərin arasında fəxri ikinci yeri tutub. T.Hüseynli bu müsabiqədə ən gənc iştirakçı olub. Müsabiqədə dünyanın 29 müxtəlif ölkəsindən olan pianoçu gücünü sınayıb.
O, Fərhad Bədəlbəylidən sonra Azərbaycan piano sənətində ikinci şəxsdir ki, beynəlxalq yarışlarda laureat olub. Onu İspaniyada fantastik musiqiçi adlandırıblar. 


Torulun arzusu solo pianoçu kimi Azərbaycan adını ən böyük musiqi arenalarında təmsil etməkdir.



A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir