Modern.az

Ali məktəblərdən nə qədər tələbə qovulub? (SİYAHI)

Ali məktəblərdən nə qədər tələbə qovulub? (SİYAHI)

Ölkə

28 Fevral 2011, 12:41

Azərbaycandakı dövlət və özəl ali məktəblərdə oxuyan tələbələr sırasından hər il bir qrupu müxtəlif səbəblərdən təhsil müəssisəsindən xaric olunurlar. Həmin tələbələr təhsildən Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında əsasnaməyə uyğun kənarlaşdırılırlar.
Qeyd edək ki, sözügedən əsasnaməyə görə, tələbələrin tədris müəssisəsindən xaric olunması qış və yay tətilləri dövründə aparılır. Əsasnamədə tələbənin öxuduğu ali məktəbdən xaric edilmə səbəbləri də göstərilib. Belə ki, tələbə öz arzusu ilə,  başqa təhsil müəssisəsinə köçürüldüyünə görə, tədris intizamını, təhsil müəssisəsinin daxili qaydalarını ciddi şəkildə pozduğuna və üzürsüz səbəblərdən müəyyən olunmuş miqdardan (bir semestr ərzində ali məktəbin  müəyyənləşdirdiyi miqdardan) çox dərs buraxdığına görə, müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının  arayışına əsasən)  ali məktəbdən xaric edilə bilər.
Modern.az ötən və bu il ərzində bəzi universitetlərdən nə qədər tələbənin qovunlduğunu araşdırıb. Tələbələrin ali təhsil ocağından xaric edilmələrinin səbəbləri müxtəlifdir.

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova saytımıza bildirib ki, 2009-2010-cu tədris ilində universitetdən ümumilikdə 13 tələbə xaric olunub. Onun sözlərinə görə, bu tələbələrdən 7-si bakalavr, 6-sı  magistratura pilləsində təhsil alırmış.  Bakalavrlardan 2-si qiyabi, 5-i isə əyani şöbənin tələbələri olub.   
Z.Kazımovanın sözlərinə görə,  bu il - 2010-2011-ci dərs ilində universitetdən 8 tələbə qovulub. Universitetdən xariç olanun tələbələrdən 5-i bakalavr pilləsində əyani,  2-si isə qiyabi təhsil alırmış. Qovulan digər bir tələbə isə magistratura pilləsində təhsil alırmış.
Tələbələrin universitetdən xariç olma səbəblərinə gəlincə mətbuat xidmətinin rəhbəri bildirib ki, səbəblər müxtəlifdir. “Bir nəfər Almaniyada təhsillini davam etdirməyə gedib, iki tələbə möhlət götürüb geri qayıtmayıb, bir tələbə başqa universitetə köçürülüb, başqa bir tələbə isə çox sayda dərs buxaxdığı üçün universitetdən kənarlaşdırılıb. İki tələbə isə vəfat edib, bu tələbələr də avtomatik olaraq universitetdən xariç olunub”.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin xəhbəri Pərvanə İbrahimova Modern.az-a  bildirib ki, 4 semestr ərzində, yəni 2009-2010, 2010-2011-ci dərs ilində universitetdən 180-ə yaxın tələbə xaric olunub. Tələbələr universitetdən daxili nizam-intizam qaydalarını pozduqları, davamlı olaraq dərs buraxdıqları və akedemik borcu olduqları üçün qovulub. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən 2009-2010-cu dərs ilində 27 tələbə qovulub. Bu barədə saytımıza universitetin tədris şöbəsinin müdiri Fəxriyyə Kərimova məlumat verib. Onun sözlərinə görə, müvəffəqiyyətsizliyə görə 7, yekun attestasiyasından 3, digər səbəblərə görə isə 17 tələbə universitetdən qovulub.
F.Kərimova bildirib ki, 2010-2011-ci dərs ilində universitetdən 7 tələbə xaric olunub. Müvəffəqiyyətsizliyə görə 6, digər səbəblərə görə isə 1 nəfər tələbə qovulub.

Azərbaycan Dövlət Tibb Unversitetinin rektoru Əhliman Əmiraslanov Modern.az-a bildirib ki, unversitetindən 60-a yaxın əcnəbi, təxminən bir o qədər də azərbaycanlı tələbə qovulub. Rektorun sözlərinə görə, tələbələr davamiyyətə, imtahandakı kəsirlərə görə ali məktəbdən xaric ediliblər.

Xəzər Universitetinin mətbuat xidmətinin rəhbəri Əlövsət Əmiraslanov bildirib ki, bu ali məktəbdən 2009-2010-cu tədris ilində qovulan tələbə olmayıb, əvəzində isə başqa universitetlərə köşürülən tələblər var. Onun sözlərinə görə, ötən il Xəzər Universitetindən 41 tələbə başqa özəl ali məktəblərə öz istəkləri ilə köcürülüb.
Tələbələrin başqa universitetlərə getmək istəmələrinin səbəbinə gəlincə isə müsahibimiz bildirib ki, Xəzər Universitetində dərslər həddindən artıq ağırdır və  tələbələr bu dərs yükünü qaldıra bilmirlər, elə bu səbəbdən də başqa universitetlərə getməyə üstünlük verirlər.Ə.Əmiraslanov qeyd edib ki, 2011-ci dərs ilində universitetdən  köçürülən tələbə olmayıb.

Bakı Slavyan Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetindən isə qovulan tələbələr barədə şifahi məlumat vermək istəməyiblər. Həmin universitetlərin mətbuat xidmətlərindən bildirilib ki, bunun üçün onlara rəsmi məktub yazmaq lazımdır.

Sədaqət SÜLEYMANOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir