Modern.az

Lalə Şövkət yubiley yaşını qeyd edir

Lalə Şövkət yubiley yaşını qeyd edir

7 Noyabr 2016, 09:40

Modern.az xəbər verir ki, bu gün Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyevanın doğum günüdür, onun 65 yaşı tamam olub.

Lalə Şövkət 1951-ci ildə noyabrın 7-də Bakıda ziyalı ailəsində anadan olub. Atası Şövkət bəy Müslüm bəy oğlu Hacıyev Azərbaycan Xalq Azadlıq Partiyasının yaradıcılarından biri və partiyanın rəhbəri olub. (1940-cı il, Quba). Bu partiya 1948-ci ildən "MARS" –Müstəqil Azərbaycan Respublikasının Səadət Partiyası adı ilə gizli fəaliyyət göstərib. Məqsədi Azərbaycanın kommunist imperiyası müstəmləkəsindən, Stalin zülmündən xilas etmək, müstəqil milli dövlət yaratmaq idi.

Lalə xanım 1968-ci ildə 189 saylı Bakı şəhər orta məktəbini bitirərək Azərbaycan Tibb İnstitutuna daxil olub. İlk elmi əsərləri hələ tələbə olarkən dərc olunub. 1974-cü ildə institutu bitirdikdən sonra internaturaya Sovet Ittifaqının cərrahiyyə üzrə güclü elmi mərkəzi sayılan Moskvada Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinin cərrahiyyə kafedrasına Azərbaycan səhiyyə nazirliyi tərəfindən göndərilib.

1975-ci ildə internaturanı bitirdikdən sonra həmin elmi mərkəzdə klinik ordinaturanı dünya şöhrətli alim, akademik V.V.Vinoqradovun rəhbərliyi ilə davam etdirib və 25 yaşında cərrahiyyə üzrə namizədlik dissertasiyasını müdafiə edib.

37 yaşında səhiyyənin təşkili və idarə edilməsinə dair doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək o zaman SSRİ-də bu sahədə ən gənc elmlər doktoru olur və RSFSR-nin Elmi Tədqiqat Mərkəzinin Səhiyyə idarəsinin rəhbəri vəzifəsinə təyin edilir. Onun elmi tədqiqatları SSRİ-də səhiyyənin inkişafına səmərəli təsir göstərmiş, benəlxalq aləmdə yüksək qiymətləndirilib.Yüzdən çox elmi əsərin müəllifidir. Professordur.

1991-ci ildə RSFSR-nin baş naziri İ.Silayev tərəfindən rəsmi olaraq Rusiyanın sosial-siyasət konsepsiyasının hazırlanması işinə cəlb edilib. Lalə Şövkət RSFSR Ali Sovetinin səhiyyə qanunvericiliyi üzrə ekspert qrupunun rəhbəri, Beynəlxalq Sosial Gigiyena Mütəxəssisləri və Səhiyyə Təşkilatçıları assosiasiyasının vitse-prezidenti, Beynəlxalq Eko-Fəlsəfə Fondunun Rəyasət Heyətinin üzvü olub. Fəlsəfə və hüquq elmləri doktoru fəxri adına layiq görülüb.

1980-ci illərin sonunda Qarabağ probleminin kəskinləşməsi Lalə Şövkətin ictimai-siyasi fəaliyyətini gücləndirib.1990-ci il "Qanlı yanvar" hadisəsi onun siyasi fəaliyyətində və həyatında dönüş nöqtəsi olur. Yanvarın 20-də və 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyində sovet ordusunun Bakı şəhərində mülkü əhaliyə qarşı tətbiq etdiyi hərbi təcavüz barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə ilk mətbuat konfransının təşkilinə və keçirilməsinə rəhbərlik edib.

1991-ci ildə SSRİ-nin paytaxtı Moskvada Eduard Şeverdnadze, Yakovlev, Sobçak, Brazauskas və digər tanınmış demokratlarla birgə "SSRİ-də Demokratik İslahatlar Uğrunda" Hərəkatın təşəbbüsçülərindən biri olub və "Azərbaycan Respublikasında Demokratik İslahatlar və İnsan Hüquqlarının Müdafiəsi Uğrunda" Beynəlxalq İctimai-siyasi Hərəkat yaradıb. Bu Hərəkat Azərbaycan Respublikasının Moskvada SSRİ Ədliyyə Nazirliyində rəsmən qeydə alınan ilk siyasi təşkilatdır.

1993-cü ildə Azərbaycanın prezidenti vəzifəsini icra edən H.Əliyev tərəfindən Bakıya dəvət olunan Lalə Şövkət iyulun 7-də Azərbaycan Respublikasının dövlət katibi vəzifəsinə təyin edilib. 1994-cü ilin yanvarında istefa verib və ilk olaraq Azərbaycan tarixində ali dövlət vəzifəsindən könüllü istefa presedenti yaradıb. Dövlət katibi vəzifəsindən istefaya getdikdən sonra ona fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib və o, Azərbaycanın BMT-də daimi nümayəndəsi təyin edilir. Lakin, o, bundan imtina edib.

1995-ci il iyunun 3-də Qarabağda (Bərdə şəhərində) təsis konfransı keçirilən Liberal Partiyanın sədri seçilib. 7 iyun 2003-cü ildə Azərbaycan Liberal Partiyasının qurultayında partiya sədrliyindən istefa verən Lalə Şövkət  prezident seçkilərinə qurumun lideri kimi qatılıb.

2005-ci il parlament seçkilərinə Mili Birlik və Liberal Partiyasının lideri olaraq qatılan Lalə Şövkət öz dairəsində böyük qələbə qazanıb və  onun mandatı rəsmən təsdiq edilir. Lakin seçki saxtakarlığına etiraz əlaməti olaraq Lalə Şövkət rəsmən millət vəkili mandatından imtina edib.

Sonralar heç bir seçkiyə qatılmayıb.  

Azərbaycan Liberal Partiyasının üzvləri Lalə Şövkəti 65 yaşı münasibətilə təbrik edib. ALP-çilərin təbrikində deyilir:

“Əzizimiz Lalə Şövkət Xanım!

Biz Sizi yalnız  siyasi, hətta mənəvi Lider kimi deyil, MƏNƏVİ ANA kimi qəbul edirik. Siz bizim üçün örnəksiniz! Siz bizə həmişə öyrədirdiniz ki, “sözlərə uymayın, əməllərə baxın. İnsan öz əməllərin həm cəmi, həm girovudur”. Bu gün biz Sizin siyasi hərəkətlərinizə ötəri baxış keçirtməyə cəhd göstərdik. Və özümüzü mənəvi övladınız sanmaqla qürur duyuruq.
Sizi 65 illik yubileyiniz münasibətilə bir daha qəlbən təbrik edirik, Ulu Tanrıdan Sizə cansağlığı, uzun ömür və Böyük Uğurlar arzulayırıq”.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?