Modern.az

Ekspert: “Bəzi məmurlar fikirləşməsinlər ki, hardasa bir kod ilə vəsaiti gizlətmək olar"

Ekspert: “Bəzi məmurlar fikirləşməsinlər ki, hardasa bir kod ilə vəsaiti gizlətmək olar"

Ölkə

1 Mart 2011, 11:44


Tunisdən başlayan inqilab dalğası demək olar ki, bütün dünyanı cənginə alıb. Hədəf isə uzun müddət diktatorluq edənlərin taxtlarından salınmasıdır. Əvvəlcə Tunis diktatoru Ben Əli, sonra Misir prezidenti Hüsnü Mübarək devrildi. İndi də Liviyanın lideri Müəmmər Qəddafinin hakimiyyətinə son qoyulması üçün mübarizə gedir.

Məsələnin diqqətçəkən tərəflərindən biri də diktatorların xarici banklardakı pullarına qoyulan həbsdir. İş ondadır ki, həmin diktator bu vəsaiti xalqdan oğurlayaraq əldə edib. Və təcrübə göstərir ki, belə pullr sonradan nə diktatorun əqrabasına, nə də xalqa qaytarılır.

Belə çıxır ki, bu xaosdan daha çox dünyanın ən etibarlı bankları qazanc götürəcək.

İqtisadçı ekspert Nazim Məmmədovun sözlərinə görə, məsələnin çözüm yolu var:
“Diktatorlar və yaxud xalq tərəfindən devrilmiş rəhbərlərin şəxsi hesablarındakı vəsaitlər geri qaytarıla bilər. Ancaq bunun üçün öz ölkələrinin məhkəmə qərarı lazımdır. Məhkəmə sübut etsə ki, həmin vəsait xalqdan oğurlanıb və dövlət büdcəsinin talan olunması, yaxud cinayət yolu ilə əldə olunub. O zaman mütləq həmin ölkələrin məhkəmələrinin qərarı ilə o vəsaitlər geri qaytarılır”.

N.Məmmədov bildirib ki, adətən belə vəsaitlər İsveçrə kimi neytral ölkələrdə  saxlanılır: “Milli qanunvericiliyə uyğun olaraq, diktatoru devirmiş ölkələrin həmin vəsaitləri tələb etmək imkanları var”.

İqtisadçı ekspert qeyd edib ki,  belə vəsaitlərin banklarda qalması, geri qaytarılmaması faktı ilə rastlaşmayıb: “Sadəcə olaraq, ola bilsin ki, dövlətlər tərəfindın müəyyən hüquqi prosedurlar həyata keçirilməyib və banklar hüquqi prosedurlar olmadığına görə, o vəsaitləri dondurulmuş vəziyyətdə saxlayırlar.
Həmin vəsaitlərin cinayət yolu ilə əldə olunması sübut olunarsa, o pullar mütləq ölklərinə qaytarılacaq”.

N.Məmmədov bildirib ki, belə banklar əsasən Avropa və  Amerikadadır: “Ümumiyyətlə, terrorçuluq və cinayət yolu ilə əldə olunmuş gəlirlərə beynəlxalq konvensiyalarla həbs qoyulur. Ancaq belə vəsaitlərin banklarda qalması da o banklara imic gətirmir. Ona görə də özünə hörmət edən banklar hər halda vəsaitləri geri qaytarmaq əzmində olacaqlar. Çünki bu özlərinin marağındadır”.

N.Məmmədov deyib ki, ayrı-ayrı ölkələrin rəhbərləri və müxtəlif vəzifə sahibləri fikilərşməsinlər ki, əyri yollarla əldə etdikləri vəsait gizli qalır: “İstənilən halda Amerika valyutası dominant mövqedədir. O valyuta ilə hər hansı bir əməliyyat aparılırsa, hesaba pul qoyulursa, mütləq Amerika kəşfiyyatı, onların mərkəzi bankı bunu bilir.

Bəzi məmurlar fikirləşməsinlər ki - bu yüksək və orta vəzifəli məmurlara da aiddir - hardasa bir kod ilə vəsaiti saxlamaqla onlar geri qaytarılmayacaq. İstənilən halda cinayət yolu ilə əldə olunan gəlirlər geri qaytarılır. Azərbaycan da bu konvensiyaya qoşulub, bizdə də Milli Bankın nəzdində monitorinq orqanı var və hətta hər hansı məmurun cinayət yolu ilə qazandığı vəsaiti izləmək mümkündür”.

Nazim Məmmədovun fikrincə, ərəb ölklərində baş verən inqilablarda iqtisadi cəhətdən udan və uduzan tərəflər var: “Görünən odur ki, indiki dövrdə uzun müddət mübahisəli olan vəsaitləri idarə etmək hüququnu o banklar özlərində saxlayacaqlar. Milyardlarla vəsaitin qayatarılması üçün uzun müddət məhkəmə çəkişməsi ola bilər və bu proses on illərlə davam edə bilər. Vaxtilə Fillipin rəhbərinin də vəsaitləri ilə bağlı müəyyən məhkəmə çəkişmələri oldu və o vəsaitlər ölkəsinə geri qaytarıldı.

İstənilən diktatorun aqibəti məlumdur, ancaq bu inqilablardan hamı uduzur. Ümumilikdə, dünya iqtisadiyyatı bundan müsbət istiqmətlər gözləmir. Ona görə hamı istəyər ki, belə münaqişələr az olsun. Bu inqilablar nəticəsində neftin qiyməti qalxdı. Neft məhusulu da zəncirvari olaraq digər malların, xidmətlərin qiyməti artımına gətirib çıxaracaq. Bu prosesdən uduzan tərəf çoxdur, nəinki udan”.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq