Modern.az

Siqaretçəkməyə görə cəriməni kim yazacaq?

Siqaretçəkməyə görə cəriməni kim yazacaq?

10 Noyabr 2016, 15:37

2015-ci ildən İnzibati Xətalar Məcəlləsində ictimai yerlərdə siqaret çəkənlərə qarşı maliyyə cərimələrinin olması öz təsdiqini tapıb.

Amma hələ də indiyə qədər cərimənin hansı dövlət orqanının yazacağı bəlli deyil. Yəni siqaretə görə maliyyə cəriməsi yazan mərkəzi icra hakimiyyəti orqanı tapmaq müşkül işə çevrilib.

Hətta bununla bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sonuncu iclasında deputat Hüseynbala Mirələmov da komitə sədri Eldar İbrahimova sual ünvanlamışdı:

“Bu günə qədər siqaretə görə kim cərimə olunub? Əlbəttə ki heç kim... Axı siqaretə görə vətəndaşı hansı dövlət orqanı cərimə edir ki? Bu səlahiyyət hansı quruma tapşırılıb?”.

 

Komitə sədri Eldar İbrahimov deputat həmkarı Hüseynbala Mirələmova belə cavab vermişdi:

 

“Bu cəriməni müvafiq icra hakimiyyəti orqanı etməlidir. Biz bu quruma şərti olaraq müvafiq icra hakimiyyəti orqanı deyirik.  Bu cərimələri kim yazacaq, onu hələ mən özüm də bilmirəm. “Mexanizmi göstərməyə bizim ixtiyarımız yoxdur. Məhkəmə hakimiyyətinə biz göstəriş verə bilmərik”.

 

Bəs görəsən siqaretə görə pul cəriməsinin hansı dövlət orqanının yazmalı olduğunu kim bilir ?

 

“Siqaret cəriməsi polisə verilsə, nüfuzu aşağı düşər...”

 

Hüquqşünas deputat Tahir Kərimli Modern.az-a açıqlamasında bildirib ki, siqaretin maliyyə cəriməsini polisə həvalə etmək olar, amma...

“İctimai yerlərdə siqaret çəkməyə görə cərimə yazılması bir çox dövlətlərdə var. Siqaretə görə cərimələrin yazılması dünyanın bir çox ölkələrində polisə aiddir. Amma bu məsələdə ikili fikir də mövcuddur. Düşünürlər ki, polis siqaretə görə cərimə yazsa, onun nüfuzu aşağı düşər.

Azərbaycanda da belə bir fikir var. İnsanlar belə hesab edir ki, siqaretə görə cəzalandırma funksiyalarının polisə verilməsi onun hörmətini aşağı salar. Bizdə polisə ictimai dəstək məqsədilə yaradılan xidmət isə təzədir”.

 

“Bələdiyyələr bu işin öhdəsindən gələ bilməz...”

 

Deputat deyib ki, ictimai yerlərdə siqaret çəkməyə görə tətbiq olunan cərimələri bələdiyyələr də yerinə yetirə bilməz:

 

“Şəhər bələdiyyələrinin xidmətləri də yox dərəcəsindədir. Siqaret cəriməsi tətbiq edə biləcək yeganə dövlət orqanı polisdir. Bələdiyyələr mərkəzi icra orqanı olmadığına görə onlara hansısa inzibati məsələlərin icrası səlahiyyəti verilməyib. Buna görə də bu işi bələdiyyələrin görməsi mümkün deyil. Bələdiyyələr onsuz da Azərbaycanda çox zəifdir, onların işçi qrupları yox dərəcəsindədir.

Sumqayıt kimi şəhərdə siqaretə görə maliyyə cəriməsi yazmaq üçün ən azı bir neçə yüz nəfər bu işə cəlb olunmalıdır. Onlara əmək haqqı vəsaiti ayrılmalıdır. Təkcə Moskva bələdiyyəsinin büdcəsi Azərbaycan bələdiyyələrinin cəmi büdcəsindən 40 dəfə çoxdur. Bələdiyyələrin bu işi görə bilməsi üçün maliyyə əsasları gücləndirilməlidir. Parklar, bəzi digər obyektlər Mədəniyyət və Turizm Nazirliyinə, icra hakimiyyətlərinə aiddir. Bu obyektlərin hər birinə nəzarətçi təyin etmək çox çətindir”.

 

“Polisə ictimai dəstəkçilərin “burda siqaret çəkmə” deməsi təsirsiz görünür...”

 

Tahir Kərimli siqaretin maliyyə cəriməsinin yeni yaradılan polisə ictimai dəstəkçilərə də verilməsinin effektsiz olacağını deyib:

“Çünki polis bu işə hər yerdə nəzarət edə bilər. Amma nüfuz məsələsinə görə, bu səlahiyyət hələ ki, polisə verilmir. İctimai yerlərdə siqaretə görə cərimə yazılması səlahiyyətini polisə ictimai dəstəkçilərə vermək çox çətindir. Çünki onlar mülki şəxslər olur və inzibati təsir funksiyaları azdır.

Polisə ictimai dəstəkçilər müəyyən mənada könüllü olduğuna görə bu da öz effektini verə bilməz.Onların ictimai yerlərdə siqaret çəkənlərin hamısına nəzarət etməyə gücü çatmaz. Mən hər zaman Azərbaycanda mənəviyyat, əxlaq polisinin yaradılmasını təklif etmişəm. İndiyə kimi buna nail ola bilməmişəm. Bunu həyata keçirmək üçün dövlət büdcəsindən pul ayrılmalıdır”.

 

“Siqaretə maliyyə cəriməsinin tətbiqi effekt verə bilməz...”

 

“Mən ictimai yerlərdə siqaretə görə maliyyə cəriməsinin təyin olunmasının əleyhinəyəm. Çünki gördüyümüz kimi, bu qanunu icra etmək mümkün deyil. Siqaretə görə maliyyə cəriməsi tətbiq edincə, maarifləndirmə işləri ciddi aparılmalıdır.

Dünyanın bir çox ölkələrində siqaretə görə pul cəriməsi effekt verməyib. Hətta Şimali Avropa ölkələrində yüngül dozada narkotik maddələrdən istifadəyə də icazə verilir. Bu məsələni qanunla, inzibati həll etmək çox çətindir”-deyə Tahir Kərimli bildirib.

 


Ağa AKİFOĞLU

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir