Modern.az

Qanunsuz ağackəsməyə görə cəzalar SƏRTLƏŞDİRİLDİ

Qanunsuz ağackəsməyə görə cəzalar SƏRTLƏŞDİRİLDİ

11 Noyabr 2016, 12:53

Milli Məclisin iclasında Meşə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə olunub.

Modern.az-ın xəbərinə görə, təklif olunan layihəyə əsasən yaşıllıqların məhv edilməsinə görə cəzalar sərtləşdirilir.

Təklif edilən dəyişikliyə əsasən, meşələrdə və ya xüsusi mühafizə olunan ərazilərdə ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manata qədər miqdarda cərimə tətbiqinə səbəb olacaq.

Və ya iki ilədək müddətdə islah işləri və ya üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

 

İndiki qanunvericilikdə qeyd olunan əməllərə görə 2 500 manatdan 3500 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətdə azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Deputat Elmira Axundova müzakirə zamanı bildirib ki, təbiətə qarşı cəmiyyətimizdə laqeydlik var: “Qüvvədə olan müddəalar onsuz da sərtdir, indi daha da sərtləşdiririk. Amma buna baxmayaraq yaşıllıqlar məhv edilməyə davam edilir. Bu məsələ ilə bağlı maarifləndirmə işləri aparılmalıdır. Bu barədə nazirə də dedim. O da deyir ki, bu barədə məhkəmədə işlər var, qərarlar da qəbul olunur, amma icrası mümkün olmur”.

 

E.Axundova onu əlavə edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəmə yolu ilə ağac kəsənləri cərimələtdirsə də, həmin cərimələri ala bilmir.

Deputat Fərəc Quliyev yaşıllıqların məhvinə görə daha sərt addımlara çağırıb: “Biz burda danışırıq, amma təkcə Yasamal rayonunda bir gecədə 40 ağacı kəsiblər. Biz qanunları dəyişirik, amma şəhərin mərkəzində yaşıllığı qırıb yerində bina tikirlər. Şəhər, məhəllə salınırsa, kənarda salın. Yeni binaların tikilməsi ilə bağlı ciddi güzəştlər var. Belə adamlar cəzalandırılmalıdır və bizim qanunlar kağız üzəruində qalmamalıdır”.

F.Quliyev parlamentə səslənən fikrəri ümumiləşdirib müvafiq qurumlara göndərməyi təklif edib.

“Bəlkə nazirlər burda səslənən təklifləri nəzərə alacaq. Məsələn, yeni tikilən binalara qaz verir, qanunda göstərilir ki, sayğac ilk dəfə pulsuz qoyulmalıdır. Amma gəlib 500 manata sayğac qoyurlar. Təklif edirəm ki, burada səsələnən fikirləri müvafiq qurumlara çatdıraq ki, müvafiq qurumlar bir az məsuliyyətli olsun”.

Spiker Oqtay Əsədov deyilənlərə cavab olaraq bildirib ki, indiki mövcud vəziyyətə görə cərimələr daha da sərtləşdirilir.

“O ki, qaldı çıxışlara, burada səslənən fikirlər stenoqramda əksini tapır və bütün ünvanlara çatır”-sədr əlavə edib.

 

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu siyasəti komitəsinin sədri Əli Hüseynli vurğulayıb ki, zamanında yaşıllıqların qırılması ilə bağlı faktlar az idi, ancaq indi məsələni aktual edən qanunsuzluqların artmasıdır.

“Qanunsuz hallar baş verirsə, ona qarşı sərt tədbirlər görülməlidir”- o, bildirib.

Deputat Qüdrət Həsənquliyev deyib ki, Bakı şəhərində ağac yetişdirməyin nə qədər çətin olduğunu hər kəs yaxşı bilir:

“Biz bilirik ki, Bakı şəhərində oksigen çatışmazlığı var, bu da yaşıllıqların az olması ilə əlaqədardır. Biz övladlarımızın sağlamlığımız naminə yaşıllıqları qorumalı, artırmalıyıq”.

 

Deputat sanksiyaları sərtləşdirməyi təklif edib. O, vəzifəli şəxslərin min manat cərimə olunması ilə bağlı dəyişiklikdən danışarkən deyib ki, bu, kifayət qədər az məbləğdir.

"O şəxs ağacı kəsəndən sonra həmin məbləği ödəyəcək. İlk növbədə vəzifəsini yerinə yetirə bilməyən məmur işdən azad olunmalıdır. Qanunda alternativ sanksiya çıxarılmalıdır. Çünki alternativ sanksiya nəzərdə tutulanda məhkəmə daha yüngül cəzanı verir. Vəzifəli şəxs qanunu pozursa, birinci cəza onun vəzifədən azad olunması olmalıdır”.

Qanun layihəsi yekdilliklə ilə qəbul edilib.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır