Modern.az

“Bu halda həmin idman yarışlarının nəticəsi ləğv oluna bilər” - AÇIQLAMA

“Bu halda həmin idman yarışlarının nəticəsi ləğv oluna bilər” - AÇIQLAMA

Aktual

10 Noyabr 2016, 13:56

““Bədən tərbiyəsi və idman haqqında” qanuna təklif edilən dəyişiklər 2014-cü il 18 sentyabrda imzalanmış “İdman yarışlarının manipulyasiyasına dair” Konvensiyasının müdəalarına uyğunlaşdırmaq xarakteri daşıyır. Güman edirəm ki, bu dəyişiklər də idman qanunvericiliyinin bazasını təkmilləşdirəcək və Azərbaycanın beynəlxalq idman arenasında nüfuzunun daha da artmasına xidmət edəcək”.

 

Modern.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin bugünkü iclasında parlamentin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov deyib.

Deputat idman oyunlarında baş verə biləcək sövdələşmələrə görə məsuliyyətdən də danışıb:

“Bəzi idman yarışlarında sövdələşmələr ola bilər. Sövdələşməni də komandaların 1 və yaxud bir neçə üzvü həyata keçirə bilər. Bu halda həmin idman yarışlarının nəticəsi ləğv oluna bilər”.

Bədən tərbiyəsi və idman haqqında”, o cümlədən Cinayət və Cinayət Prosessual məcəllələrinə əlavələr edilməsi haqqında gedən müzakirələrdə deputat bildirib ki, idman yarışlarının gedişini qəsdən dəyişməyə, manipulyasiya yönəlmiş əməllərə görə cəzalar tətbiq olunacaq.

 

“Azərbaycanda idman yarışlarında manipulyasiya, onu təbliğ etmə və yarışlar zamanı yarışın gedişinə qanunsuz müdaxilə ilə bağlı qadağalar və yeni cəzalar müəyyənləşib”.

 

“Bədən tərbiyəsi və idman haqqında” qanuna təklif edilən əlavənin 40-2-ci (İdman yarışlarının manipulyasiyası ilə mübarizə) maddəsinə görə, idman yarışlarının manipulyasiyası qadağandır. Bununla bağlı Cinayət Məcəlləsinə əlavə edilən 192-2 (İdman yarışlarının manipulyasiyası) maddəsində, idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və digər şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa, dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, cəhd edilməsi və ya verilməsi, 3000 manatdan 5000 manata qədər cərimə və ya 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutur.

 

İdman yarışlarının manipulyasiyası məqsədi ilə idmançı, idman hakimi, məşqçi, sponsor və ya digər şəxs tərəfindən hər hansı hərəkətə (hərəkətsizliyə) görə onların özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemətin, imtiyazın, güzəştin istənilməsi, yaxud alınması, bu barədə təklifin və ya vədin qəbul edilməsi ilə bağlı 3000 manatdan 5000 manata qədər cərimə, 3 ilə qədər müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə 3 ildən 6 ilə qədər azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.

Layihələr səsə qoyularaq qəbul olunub.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?