Modern.az

"Bu təltiflər bizi daha da yaxşı işləməyə ruhlandıracaq"

"Bu təltiflər bizi daha da yaxşı işləməyə ruhlandıracaq"

Aktual

11 Noyabr 2016, 13:56

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə bir sıra KİV nümayəndələri ali mükafatlara layiq görülüb. Sərəncama əsasən “MİR” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin direktoru İlqar Tahir oğlu Paşazadə də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

“MİR” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin təltif olunan əməkdaşlara ürək sözlərini bildirib: “İlqar Tahir oğlu Paşazadə vətənpərvər, öz ölkəsini sevən, gözəl ailə başçısı və  sevimli babadır. O ötən illər ərzində “MİR” Teleradio Şirkətinin çox millətli əməkdaşlarının  hörmətini qazanmışdır. Elə bu səbəbdən   teleradio şirkətinin hər bir üzvü, o cümlədən ailəsi İlqar Paşazadə ilə fəxr edir.”

Modern.az xəbər verir ki, “MİR” Dövlətlərarası Teleradio Şirkətinin 25 illik yubleyi ərəfəsində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Azərbaycan Milli Nümayəndəliyinin direktoru, “Əməkdar jurnalist” İlqar Paşazadə söyləyib ki, “MİR” telekanalının fəaliyyəti daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir:

“1993-cü ildə Azərbaycanın mərhum prezidenti Heydər Əliyev ölkə prezidenti seçildikdən dərhal sonra, ölkəmizin Müstəqil Dövlətlər Birliyinə daxil olması barədə qərar verdi. Beləliklə, Azərbaycan Respublikası “Mir” Dövlətlərarası Teleradio Şirkətinin həmtəsisçilərindən biri oldu. Şəxsən Heydər Əliyev Azərbaycan Milli Nümayəndəliyinin ofisinin açılış mərasimində iştirak edib. Ümummilli lider Heydər Əliyev üç dəfə Milli Nümayəndəliyə təşrif buyuraraq kollektivə dəstək olub. Ulu öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə “MİR” telekanalına ekskluziv müsahibə verib. Prezidentin göstərişinə əsasən Nazirlər Kabinetinin xüsusi əmrinə uyğun olaraq şirkətin maddi-texniki bazasının artırılması üçün əlavə vəsait ayrılmışdır. 2010-cu ildə dövlət başçısının sərəncamı ilə mənə “Əməkdar jurnalist” fəxri adı verilib. 2016-cı il noyabrın 7-də isə prezident İlham Əliyev məni 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni ilə təltif edib və baş mühəndis İlham Məmmədovu “Əməkdar mühəndis” fəxri adına layiq görüb. Fürsətdən istifadə edərək mənim fəaliyyətimə verdiyi yüksək qiymətə görə cənab prezident İlham Əliyevə öz adımdan, həmçinin çoxmillətli kollektiv adından minnətdarlığımı bildirirəm”.

“MİR” dövlətlərarası Teleradio Şirkətinin MDB-də, Şərqi Avropa və Baltikyanı ölkələrində yayımlandığını vurğulayan İlqar Paşazadə bununlarla bərabər “MİR” Dövlətlərarası Teleradio Şirkətinin tərkibində “MİR”, “MİR 24”, “MİR HD”, “MİR” radiostansiyası və mir24.tv xəbər portalının fəaliyyət göstərdiyini qeyd etdi:

“Qeyd edim ki, bu dövlət təltifləri bizi gələcəkdə daha da yaxşı işləməyə ruhlandıracaq və bizi MDB informasiya məkanında daha məhsuldar çalışmağa sövq edəcək.”

Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə iki nəfər “Şöhrət” , üç nəfər “3-cü dərəcəli Vətənə Xidmətə görə” ordenləri, 48 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub.

 

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü