Modern.az

Deputat: “Yaşıllıqların məhvi adamların gözü qarşısında baş verir”

Deputat: “Yaşıllıqların məhvi adamların gözü qarşısında baş verir”

Aktual

11 Noyabr 2016, 14:35

“Meşə, ağac-kol bitkiləri və digər yaşıllıqların qorunması ilə bağlı müxtəlif qanunvericilik aktlarına təklif edilən dəyişiklikləri yüksək qiymətləndirirəm. Bu, dövlətimizin bitkilər aləminə olan həssas münasibətini və yüksək qayğısının əyani göstəricisidir. Nəzərə alsaq ki, Abşeronun quraq torpaqlarında ağac və bitkilərin yetişdirilməsi necə böyük zəhmət və çətinlik hesabına başa gəlir, onda bu dəyişikliklər daha da aktuallıq qazanır”.

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisdəki çıxışı zamanı millət vəkili Elmira Axundova söyləyib.

Deputat deyib ki, bu cür hüquqi tədbirlərlə yanaşı cəmiyyətin özünün ətraf aləmə münasibəti dəyişməlidir.

“Hal-hazırda sanki insanlarda təbiətə qarşı bir laqeydlik müşahidə olunur. Düşünürəm ki, hər birimiz vətəndaşlıq mövqeyindən çıxış edərək ağac və kolların qırılmasının, yaşıllıqların məhv edilməsinin, onların zibillənməsinin qarşısını almalıyıq. Bunun üçün də ilk növbədə sosial xarakterli roliklər hazırlanmalı, maarifləndirmə işləri hələ məktəb yaşlarından başlanmalıdır. İnanın ki, meşələrimizin, ümumiyyətlə ətraf mühitin zibillənməsi ölkəmizin bir çox yerlərində əsl bəlaya çevrilməkdədir.

Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəllələsinə nəzər yetirdikdə görürük ki, meşələrin, ağacların qanunsuz kəsilməsinə görə qüvvədə olan müddəalar onsuz da sərtdir. Amma bununla belə yaşıllıqların məhv edilməsi prosesi davam edir. Özü də bir çox hallarda Bakının mərkəzində, sakinlərin gözü qarşısında. Ona görə də biz cəzaları nə qədər sərtləşdirsək də, ciddi faydası olmayacaq, ilk növbədə düşüncə tərzimizi dəyişməliyik. Misal üçün, mən hörmətli nazirimiz Hüseynqulu Bağırovla danışanda cənab nazir bildirdi ki, məhkəmədə bu cür şəxslərə qarşı yüzlərlə iddia qaldırılır, hətta Nazirlik məhkəmədə qalib gəldikdə belə təyin olunan cərimələri hərdən ala bilmirlər və icra prosesi illərlə uzanır. Odur ki, təkcə cəza sərtləşdirməklə problemi həll etmək mümkün deyil”.


Elmira Axundova deyib ki, bu məsələdə ən böyük iş dövlət hakimiyyəti orqanlarının üzərinə düşür. Həm yaşıllaşdırma işlərinin aparılması, ağac və kol bitkilərinin əkilməsi, həm də onların qorunmasında müvafiq qurumlar daha məsuliyyətli olmalıdırlar.


“İlk olaraq elə götürək iri tikinti şirkətlərini. Onlar bina tikməzdən əvvəl ərazidə və onun yaxınlığında olan ağacları kəsirlər, hətta ciddi cəzalar ödəmək müqabilində. Təkcə özəl şirkətlər yox, elə dövlət orqanları özləri də bunu edirlər. Məsələn, bir müddət əvvəl Bakının Sumqayıt tərəfdən girəcəyində, avtovağzala yaxın hissədə yol genişləndirilərkən də eyni mənzərəni görmək mümkün idi. Bənzəri hallar çoxdur. Başa düşürük bəlkə də bu ağaclar abadlıq və genişləndirmə işlərinə maneçilik törədir. Lakin Avropa ölkələrində yüksək texnologiyalar var ki, ağacları qırmadan kökü ilə birgə başqa yerə köçürür. Olmazmı ki, bizdə də müvafiq qurumlar bu texnikadan alsın və tikinti, abadlıq və quruculuq işləri apararkən müəyyən haqq ödəmək müqabilində ağaclar başqa yerə köçürülsün. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də mütləq bu prosesə rəhbərlik və nəzarət etməlidir.

Həmçinin, icra hakimiyyəti və bələdiyyələr təkcə yaşıllaşdırma işlərinin görülməsi, ağacların əkilməsi ilə kifayətlənməməli, onların sonrakı taleyi haqqında da düşünməlidirlər. Bir çox yerlərdə ağaclar isti yay aylarında susuzluqdan quruyub məhv olur. Bu mənzərəni hamımız ürək ağrısı ilə izləyirik.

Eyni zamanda, xüsusən təpəciklərdə, dağ ətəklərində ağacların əkilməsi normalarına bir çox hallarda əməl edilmir. Bildiyimiz kimi ağaclar əkilərkən onlardan əvvəl kollar əkilməlidir. Bu kollar iri buynuzlu mal-qaranın əkilən meşəliyə girməsində çəpər rolunu oynayır. Kollar olmadığı üçün mal-qara yenicə əkilən ağac fidanlarını yeyib məhv edə bilər.

Digər bir ziddiyyətli məsələ odur ki, ölkədə sağlam ağaclar çox rahatlıqla kəsildiyi halda, təhlükə mənbəyi olan qurumuş ağacların kəsilməsi hərdən aylarla uzanır. Vətəndaşların müraciəti əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxış keçirir və rəy verir ki, ağac həqiqətən də quruyub. Amma problem bundan sonra başlayır. Heç cür bu ağacı kəsmək olmur, müvafiq qurumlar bildirir ki, ağacı kəsmək üçün vəsait ödənməlidir. Və belə ağaclar həm əhalinin özləri, həm də mənzilləri üçün təhlükə mənbəyi olaraq qalmaqdadır.

Xahiş edirəm müvafiq qurumlar burada səsləndirilən fikirlərə ciddi yanaşsınlar və müvafiq tədbirlər görsünlər”.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü