Modern.az

Böyüklərin qohumları

Böyüklərin qohumları

11 Noyabr 2016, 15:25

Hidayət Elvüsal

 

Dünyada böyük adamın qohumu olmaqdan gözəl şey yoxdur. Elə ki, birini  vəzifəyə qoyurlar, dünənə kimi salamını almayan yekaxananın biri quyruğunu bulaya-bulaya qabağını kəsir:

- Əşi,  nə yaxşı oldu! Uşaqların anası o gün deyirdi ki, kişini yuxuda görmüşəm, yəqin vəzifəyə qoyacaqlar. Dədəmin goru haqqı təmiz maaşımdan məscidə nəzir də vermişdi ki, yuxusu çin olsun.

Bəli, qohumluq mərasimi başlayır. Sən demə, ömründə əlinə qələm almayan qohum, böyük dramaturq imiş. Vəzifəli adamın kirvəsinin xalası oğlunun yeznəsinin qızının nişanlısının bibisi oğlu klub müdirliyindən rayon rəhbərliyinə yüksəlir. Qohumların qapısında elçilərin biri  gəlir, beşi gedir. Nəzir deyən kim, sinə vuran kim, maşın alnın, vəzifə satanın əlindən tərpənmək olmur. Elə ki…

Elə ki, çərxi-fələyin təkəri dönür, kişinini taxtdan salırlar, pahoo… Quyruq bualayanlar buynuz çıxarır:

- Uşaqların anası onu televizorda görəndə allergiyayası tuturdu. Hər ay iki dəfə məscidə nəzir verirdi ki, bu mürtəd külli-kaf olsun.

«Böyük dramaturq»un əsəri o saat repertuardan çıxarılır. Məhkəmələrin qabağına boşanmağa gələnlərə baxanda göz qaralır. Vəzifədən qovulanlar, restoranda tutulanlar Müslümün balaları kimi boyun-boyuna verib zarıldaşırlar.

Dünənə qədər kişinin tərifini göylərə qaldıran, onun bütün hərəkətlərini elmi, bədii, iqtisadi, siyasi faktlarla əsaslandırmağa çalışan televiziya tutuquşularının, qəzet qarğalarının səsi batır. Onun vaxtında vəzifədən qovulan, qapısı bağlanan adamlar dəstə-dəstə ekrana çıxırlar, qəzetlərə girişirlər və kişini söyüb, sulayırlar.

Kişiyə  qohumluğu çatmayanlar, tərifləməyənlər isə yenə başlarını aşağı salıb, «Əşi, Allah kərimdi, özü bilən məsləhətdi» deyib, başlarını dolandırırlar. Bunlar «orta-mövqe» deyilən pillədə dayanan adamlardır.

Növbəti, qət-təzə kişinin qohumları peyda olur, elçilər, yeznələr dünyanı alır ağzına. Təzə dramaturqlar, tutuquşular, qarğalar ekrandan, qəzet səhifəsindən xalqa təzə ağıl öyrədirlər. O vaxta qədər ki… bu kişi də o söz…

Yox! Dünyada böyük adamın qohumu olmaqdan pis şey yoxdu. Beş gün restoranda, kurortda, «Mersedes» də, on beş il türmədə yaşamaq sizə asan gəlməsin. Böyük adamın qohumu olmaq böyük ürək istəyir.

Lap böyük!

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır