Modern.az

Ağdamın məscid məhəlləsi  

Ağdamın məscid məhəlləsi   

Aktual

12 Noyabr 2016, 15:07

Vüqar Tofiqli

Mən “şəhər uşağı” olmasam da,  Ağdama olan hörmətim-izzətim, məhəbbətim sonsuzdur. Bu sevgini, bu istəyi  mən deyərdim ki, elə şəhər özü yaradıb.

Təzadlarla dolu olan şəhərin  fəxr ediləsi məqamları  çox idi. Təəssüf edirəm ki, bu fikri keçmiş zamanda yazmaq məcburiyyətindəyəm. Şəhər şirin təkəbbürlüyü, çevik hərəkəti, yazılmamış qanunlarla idarəedilməsiylə seçilirdi.

Açıq etiraf edilməlidir ki, Ağdam bir cox adamlar ücün çörək yeri də olmuşdu.

Mən Ağdam  şəhərinə qayıdacağımıza yüz faiz əminəm, amma sonda dediklərimin yenidən olacağına  nə isə inana bilmirəm…

Yolum yenə  Ağdama düşəsi olur. Hər dəfə olduğu kimi, bu dəfə planımda yaşlı şəhər sakinləriylə  görüşmək də var. Hər dəfə bu istəyimi reallaşdırmağa çalışsam da, bəzən alınmır. Xoş təsadüfdən budəfəki qısa müddətli səfərimdə iki nəfərlə - həm Nadir Əliyevlə, həm də Mehdi Mehdiyevlə görüşə bildim.

Əlavə edim ki, bu günə kimi çoxsaylı həmyerlilərimlə görüşmüşəm. Mİn dəfələrlə Ağdamı, onun küçələrini qarış -qarış gəzmişəm. Virtual olaraq gəzidyim şəhərə bu gün bəlkə də gözüyumulu gedə də bilərəm.

Bizim orta  nəsli  yaşadan Ağdama olan istəkdirsə, ağsaqqal və yaşlı sakinlərimizi yaşadan  kövrək xatirələridir. İndiyədək görüşdüyüm insanların artıq bir qismi dünyasını dəyişib. Yaxşı ki, indi o şəxslərlə vaxtında görüşə, nələrsə soruşa bilmişəm. Sözün həqiqi mənasında, bu gün dünyasını dəyişən hər bir orta və yaşlı ağdamlı özüylə canlı bir tarix aparır…

Bu yazını bu günlərdə səksən yaşını qeyd etməyə hazırlaşan Nadir Əliyevə həsr etmişəm.

Maraqlı məqam ondadir ki, xarakterimizdəki  müəyyən oxşarlığa görə həmsöhbətimdən  ilk olaraq nə vaxt anadan olduğunu soruşdum.

-Oxatanam, deməsi elə bil ki ürəyimdən xəbər verdi…

Atası Əşrəf Əliyev köhnə kişilərdən olub, təmiz, saf, sədaqətli partiya işçisi olmasıyla daim seçilib.

- Atam Tofiq müəllimin doğma dayısı  Əşrəf kişi və bibisi Firəngiz xanımı barəsində hər zaman xoş sözlərlə danışması ailəyə olan marağımı bir qədər də artırıb.

Söhbətə başlayıram. Gəlişimin məqsədini hiss etdiyindən söhbəti də elə şəhərdən və şəhərə köçməklərindən başlayır.

Öyrənirəm ki, Ağdama 1926-cı ildə köçüblərmiş.

- O vaxt Əşrəf Əliyevi Kəhrizli Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsindən azad edib öz doğma rayonuna işləməyə göndərmişdilər. Atamı Ağdam rayon Su İdarəsinə rəis təyin etmişdilər. İlk olaraq şəhərdə, sonralar  “KQB”nin yerləşdiyi  binanın iki otağını bizim ailəyə vermişdilər. Düz üç il o mənzildə yaşadıq. Deyim ki, bidiyim qədər mənzil tanınmış muğam ifaçısı İslam Abdullayevə məxsus olmuşdu.


Nadir kişi danışır ki, atası 1929-cu ildə MTS-in siyasi şöbəsinə müdir təyin edirlər.

- Siyasi şöbənin müdiri MTS-də  ikinici vəzifə sayılırdı. Elə o zamanda Axundov küçəsindəki mənzilmizə köçəsi olduq. MTS-in inzibati binası və həyəti bizim Axundov küçəsində yerləşirdi. Behbud Əsədov, Soltan həkimgilin mənziliylə qonşu olub. Burada söhbət 30-cu illərdən gedir. MTS-in inzibati binası qonşumuz Həsənqara gilin evləri idi. 

- Bəs sonadək yaşadığınız binanı kim inşa etmişdi?

- Bildiyim odur ki, binanın üzərində  onun 1927-1929 -cu illərdə inşa edildiyi yazılmışdı. Bir İranlı tacir  tikdiribmiş. Axundov küçəsində bizim binaya oxşar bir neçə bina var idi. “NEP” dövründə (Söhbət SSRİ-nın o illərdə irəli sürdüyü “Yeni iqtisadi siyasətindən” gedir ) tacirə ciddi vergi qoyulduğundan binanı hökumətə təhvil  verib İrana qayıdası olur.

- Bəs şəcəriniz haqqında  bilgi varmı?

- Quzanlıda “Allahverənlilər”adlanan tayfanın nümayəndəsiyik. Atam Əşrəf kişi 1891-ci ildə,  onun atası Həmid kişi isə  1854-cü ildə anadan olub. Həmid kişinin atasının adı  Əli, onun atası adı isə Nəcəfqulu idi. Nəcəfqulunun atasının adı  Allahverən olub. Tayfanın adıda məhz onun adıyla bağlıdır. Bu da 1750- ci illərdən sonrakı illərə təsadüf edir. Quzanlı kəndinin salınması da məhz həmin illərdə olub.

- Yaşadığınız binanı bəlkə bir anlıq gpzünü önündə canlandırasınız?

Həmsöhbətim bu məqamda kövrəlir.

- Ev zirzəmili idi. Əvvəl iki ailə yaşayırdıq. İki otaq- 4 metrin 6 metrə, dəhliz 3.2 metrin - 7 metrə olmaqla, mənzildə mətbəx, zirzəmi var idi.  Hətta zirzəmisində əlavə bir zirzəmi də var idi. Ora “qaranlıq zirzəmi” deyərdik. Qaranlıq zirzəmini əsasən  soyuducu kimi istifadə edirdik. Həmin mənzilin digər bir otaqlı olan hissəsində Süleyman Məmmədov ailəsiylə  yaşayırdı. Sonradan o yeni inşa etdirdiyi mənzilə köçdüyündən onun otaqlarını da bizə verdilər.

Söhbətə daha bir rəng qatmaq üçün Ağdam məscidindən söz salıram. Məscid binası Nadir kişigilin mənzilinə yaxın idi.

 -Müharibəyə qədər məscid fəaliyyətdə olub. Ancaq müharibə dövrü taxıl ambarı kimi istifadə edilib. Müharibədən sonra kı illərdə  şəhərin ağsaqqalları Ağdam Rayon Partiya Komitəsinin o vaxtki birinci katibi Yusif Yusifova müraciət edirlər. Ağsaqqallar sırasında Yunis Vəliyev, Əşrəf Əliyev, Rəcəb Gözəlov və  Surxay Məmmədov var idi. Ağsaqqalların sözünü birinci katib yerə salmır və məscidin  yenidən fəaliyyətinə yaşıl işıq yandırır.

Müharibə illərində yerli sakinlər “Aşura”nı İmarətdə keçirirdilər. Onu da deyim ki, müharibədən sonrakı illərdə  şəhərdə elə bir ailə yox idi ki, müharibədə öləni-itəni olmasın. Məhz bu nisgili aradan qaldırmaq üçün məscidin bərpası böyük əhəmiyyət kəsb edirdi.

Xoş təsadüfdən Məhəmməd ağa Müştəidzadənin ailəsi Ağdama köçmüşdü. M.Müştəidzadə isə bilikli adam idi. O ərəb və fars dillərini mükəmməl bilirdi. Yadımdadı ki, Akademiyanın əməkdaşları tez - tez onu yoluxur, nə isə ondan öyrənməyə çalışırdılar. Məhəmməd ağa çox nuranı adam idi. Məscidin fəaliyyəti isə Məhəmməd ağa Müştəidzadənin məscidə axund təyinatıyla başlayıb.

Beləliklə, məscid təsərrüfat subyekti kimi fəaliyyətə başlayır. Məscidin öz möhürü və xəzinədarı olur.

Və hətta yığılan nəzir-niyazdan  vergi də verilirmiş.   

Əslən Eyvazxanbəyli kəndindən olan Mir Heydər ağa  axundun köməkçisi, Quzanlıdan olan Mustafa Əliyev isə məscidin əzan verəni idi. 

Eyvazxanbəyli kəndi  Mir Heydər ağanın babasının kəndi olub. Və kənddə onun babasının at ilxısı  olub. Atçılıq zavodunu da yaradanda məhz bu məqam  nəzərə alınmışdı. Yəni ərazinin füsunkar  gözəlliyi və  təbii şəraiti var idi…

Deməliyəm ki, məscid əhli məscidi bir növ dolandırırdı.

Əslən Quzanlı kəndindən olan Mustafa Əliyev isə Ağdama müharibədən əvvəl gəlmişdi və müharibədən əvvəldə məsciddə əzan vermişdi. Məsciddə əzan verərkən onun səsi Göytəpə kəndinədək yayılırdı.

Mustafa kişi Quzanlıda  “Şirinlər” nəslindən idi. Qardaşı Şirin kişi vaxtiylə Mir Cəfər Bağırovla yaxın münasibətdə olmuşdu. Və məhz onun yaratdığı şəraitlə  də İrana köç etmişdi.  Mustafa kişinin  Tofiq adlı oğlu da var idi. Bir nömrəli məktəbdə oxumuşdu. Tofiq Babaş oğlu Mamedin qızı ilə ailə həyatı qurmuşdu…

Nadir Əliyevlə söhbətim xeyli çəkdi.  

Söhbətdə məscid ətrafında olan məhkəmə binasından, habelə  o ətrafda olan ticarət obyektlərindən, hətta Seyid Həşim kişinin dondurma sexindən danışdıq. Həmsöhbətimin fikrincə, seyidin hazırladığı dondurmaya hələ indiyədək heç yerdə rast gəlməyib.

Sonda həmsöhbətim maraqlı bir faktı da xatırlamağı unutmadı. Ona  ətrafda olan Məşədi Hacılıq məhəlləsiylə bağlı sual verdikdən Nadir Əliyev cavabını gecikdirmədi.


- Məşədi Hacı  dövrünün samballı tacirlərindən olub. Əslən Şuşadan idi. İki mərtəbəli geniş otaqlı mənzilərdə sovet dövründə ona yaxın ailə yaşayırdı.  Əlavə edim ki, Məşədi Hacı tanınmış pianoçu  xalq artisti Çingiz Sadıxovun babası olub. Bir fakt dəqiq yadımdadı ki, bir qrup incəsənət xadimi 70-ci illərdə Ağdama konsert verməyə gələndə Çingiz Sadıxov ona  baba yurdunun göstərilməsini xahiş etmişdi.

Nadir Əliyevlə bir daha Ağdamı xatırladıq. Öz küçələrini, “Məscid məhləsi”nı birgə gəzəsi olduq…

Ondan kövrək hisslərlə ayrılıram. Nadir kişi əsli kökü Quzanlı kəndindən olsa da, bugün Ağdam üçün burnunun ücü göynəyir. Hər günə şükür edir və inanır ki, qəsəbəyə çevrilən dogma kəndi şəhər statusu alacaq. Və ən əsas arzusu “qaranlıq zirzəmi”də   gizlətdiyi  balın dadına baxa biləcək.

Balı  isə   ailəlikcə yarım əsr əvvəl kəsmişdilər…

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı