Modern.az

Əli Həsənov: "Araşdırdıq, qərara gəldik ki, həmin 40 min ailənin "çörəkpulu" kəsilməsin"

Əli Həsənov: "Araşdırdıq, qərara gəldik ki, həmin 40 min ailənin "çörəkpulu" kəsilməsin"

2 Mart 2011, 14:11


Xeyli vaxtdır bəzi məcburi köçkünlərə verilən “çörəkpulu”nun kəsilməsi məsələsi aidiyyatı rəsmi qurumların müzakirəsindədir. Modern.az saytının məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köckünlərin bir qisminin “çörəkpulu”nun kəsilməsi ilə bağlı təlimat hazırlanır. Hələlik həmin təlimat qüvvəyə minməyib. Amma sənəd demək olar ki, hazırdır. Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sədri Əli Həsənov Modern.az saytına açıqlamasında bu məsələnin mübahisə doğuran bəzi məqamlarına toxunub.

Qeyd edək ki, sözügedən təlimatla bağlı əsas mübahisə doğuran məqam sənədə valideynlərindən biri məcburi köckün olmayanların “çörəkpulu”nun kəsilməsi barədə bəndin salınması idi. Artıq iki aya yaxındır ki, mübahisələrə səbəb olan məsələyə Əli Həsənov aydınlıq gətirib.

“Biz araşdırıq və məlum oldu ki, digər rayonlardan olan qadınlarla ailə qurmuş 40 min məcburi köçkün kişi var”-deyə baş nazirin müavini bildirib.

Ə.Həsənov deyib ki, “Dövlətqaçqınkom” belə qərara gəlib ki, 2011-ci il yanvarın 1-dək qurulmuş belə ailələrin həmin tarixədək doğulan övladlarına “çörəkpulu” verilməsi kəsilməsin.
Amma 2011-ci il yanvarın 1-dən sonra digər rayonlardan olan qadınlarla ailə qurmuş məcburi köçkün kişilərin ailələrində dünyaya gələnlərə “çörəkpulu” verilməyəcək.
Həmin şəxslərin məcburi köckün statusu isə qüvvəsində qalacaq.

Qeyd edək ki, “Dövlətqaçqınkom”da hazırlanan təlimata görə, dövlət qulluğunda, Silahlı Qüvvələrdə çalışan məcburi köçkünlərə, məcburi köçkün rayonundan olan şəxslərlə ailə qurmuş digər rayonlardan olan qadınlara da  “çörəkpulu”nun verilməməsi nəzərdə tutulub. Həmçinin, işğal olunmuş bölgələrdən Milli Məclisin üzvlüyünə seçilmiş şəxslər, digər şəhər və rayonlarda mənzil alıb, həmin yer üzrə qeydiyyata düşən ailələr də məcburi köçkün olaraq “çörəkpulu” ala bilməzlər.

Modern.az-ın məlumatına görə, hazırda məcburi köçkün statusuna malik vətəndaşlara ayda adambaşına 15 manat müavinət verilir.
Prezident İlham Əliyevin sərəncamı ilə ötən il sentyabrın 1-dən məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin məbləği 15 manat olub. Ona qədər məcburi köçkünlərə adambaşına ayda 13 manat 50 qəpik müavinət verilirdi.

"Dövlətqaçqınkom”un məlumatına görə, 542 mindən çox məcburi köçkünə aylıq yemək xərci müavinəti ödənilir.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir