Modern.az

Milli Qəhrəman Rasim Əkbərova fəxri adın verilməsinə görə özünü günahkar sayır

Milli Qəhrəman Rasim Əkbərova fəxri adın verilməsinə görə özünü günahkar sayır

15 Noyabr 2016, 14:28

“Rasim Əkbərovla məlum hadisələrdən sonra heç bir əlaqəm yoxdur. Onu bilirəm ki, Goranboyda  özü üçün şad-xürrəm yaşayır. O mənada ki, Goranboyda 400-dən artıq şəhid var, amma onların heç birinə heç nə verməyiblər. Rasim Əkbərovun isə böyük daş karxanası var, 100 minlik maşın sürür. Pulunun sayını bilmir”.

Bu barədə Modern.az saytına  goranboylu Milli Qəhrəman Maşallah Abdullayev məlumat verib.

Maşallah  Abdullayevin sözlərinə görə, Rasim Əkbərov Goranboyda böyük işləri təkbaşına idarə etmir.

“Görünür Rasim Əkbərovun yuxarı dairələrdə kimlərləsə bağlılığı var. Əvvəlki illərdə olduğu kimi, bu gün narkotiklə məşğul olmur. Sadəcə, orta dərəcəli narkomanları müdafiə etmək gücünə malikdir. 400 şəhidin birinə bir sot torpaq sahəsi verməyiblər. Amma Rasim Əkbərov həbsdən çıxıb Goranboya gələndən sonra ona daş karxanası idarə etməyi tapşırıblar”.

Milli Qəhrəman onu da əlavə edib ki, vaxtilə Rasim Əkbərova etdiklərinə görə çox peşmandır.

“Rasim Əkbərova “Milli Qəhrəman” adının verilməsinə görə özümü günahkar hesab edirəm. Bunu etməklə çox böyük cinayət törətmiş oldum. Çünki o zaman rəhmətlik Əbülfəz Elçibəydən xahiş etmişdim ki, ona bu adı versin. Bu adam narkotik istifadəçisi olub. Ona ad veriləndə çağırıb təbrik elədim. Komandir təyin etdim. Ona ad veriləndən sonra əlini “Quran”a basıb dedi ki, “mən dövlətçilyimizə xidmət edəcəm”. Lakin qısa müddət  ərzində Surət Hüseynovun dəstəsinə qoşuldu və çevrilişdə iştirak etdi”.

Rasim Əkbərovun etdiklərinə gəlincə, Maşallah Abdullayev deyib ki, bu gün hardasa peşmandır:


“Bu adam çox pis əməllər törədib. Vaxtilə dövlətə, xalqa etdiklərinə görə Rasim Əkbərov indi peşmançılıq hissi keçirir”.

Xatırladaq ki, Rasim Əkbərov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülsə də, həbs ediləndə bu fəxri adı ləğv olunub. O, dövlət çevrilişinə cəhddə günahlandırılıb və 15 illik həbs cəzası alıb.

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir