Modern.az

“Gənclərin Problemləri üzrə Ekspert Komissiyasının işində aparıcı gənclər təşkilatları töhfə verə bilər”

“Gənclərin Problemləri üzrə Ekspert Komissiyasının işində aparıcı gənclər təşkilatları töhfə verə bilər”

15 Noyabr 2016, 17:30

“Yeni yaradılacaq Gənclərin Problemləri üzrə Ekspert Komissiyasında gənclərin birbaşa iştirakı çox vacib məsələdir. Çünki həm gənclərin qərar qəbul etmə prosesində, həm də Milli Məclisin Gənclər və idman komitəsi üçün hazırlanacaq yeni qanun layihələrində Gənclərin Problemləri üzrə Ekspert Komissiyası da müsbət rol oynaya bilər”.

Bunu Modern.az-a açıqlamasında “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.

O, Gənclərin Problemləri üzrə Ekspert Komissiyasının gənclər siyasəti sahəsində xüsusi önəm kəsb edəcəyini bildirib:

“Gənclərin Problemləri üzrə Ekspert Komissiyasının yaradılması məsələsində Azərbaycandakı gənclər təşkilatlarının rolu xüsusi vurğulanmalıdır.

Aparıcı gənclər təşkilatları bu istiqamətdə öz yerlərini tutmalıdır. Ekspert Komissiyasıının gənclər siyasətində rolu müsbət stimul ola bilər”.

M.Seyidov Milli Məclisin Gənclər və idman komitəsinin son zamanlar gənclər siyasəti sahəsində gördüyü işlərdən də danışıb:

“Azərbaycanda gedən son proseslərdən dolayı ali qanunverici orqan olan Milli Məclisdə Gənclər və idman komitəsi yaradılıb. Bu komitənin gənclər siyasəti sahəsində xeyli işlər həyata keçirdiyini, qanunlarla çıxış etdiyini görürük.

Komitə Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin daha təkmil, çevik, modern formada inkişaf etdirilməsini qarşısına məqsəd qoyub.

Gənclər və idman komitəsi Azərbaycanda gənclər siyasəti ilə məşğul olan qurumlarla birgə Azərbaycan gəncliyinin, aztəminatlı ailələrdən olan gənclərin, gənc alimlərin və digər qrup gənclərin imkanlardan yararlanmasına müsbət təsir edir”.

“İrəli” sədri vurğulayıb ki, yeni yaranacaq Gənclərin Problemləri üzrə Ekspert Komissiyasının işində aparıcı gənclər təşkilatları yaxından töhfə verə bilər:

“Müxtəlif məsələlərlə bağlı araşdırmalar, sorğuların göndərilməsində aparıcı gənclər təşkilatları Gənclərin Problemləri üzrə Ekspert Komissiyası ilə işləyə bilərlər.
Düşünürəm ki, Milli Məclisin Gənclər və İdman komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycandakı gənclər təşkilatlarının da iştirakı ilə Gənclərin Problemləri üzrə Ekspert Komissiyası formalaşdıra bilər”.

Azərbaycanda Gənclərin Problemləri üzrə Ekspert Komissiyası yaradılır. Bu, Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gənclər siyasəti haqqında” qanuna əlavə və dəyişiklərdə öz əksini tapıb.

Qanuna əlavə edilən 10.4-cü maddədə bildirilir ki, gənclər siyasətinin həyata keçirilməsinə nəzarət, problemlərin müəyyən edilməsi və aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı yanında Gənclərin Problemləri üzrə Ekspert Komissiyası yaradılır.

 

Komissiya ictimai əsaslarla fəaliyyət göstərəcək və tərkibinə bilavasitə gənclər siyasəti ilə məşğul olan mütəxəssislər, gənclər təşkilatlarının nümayəndələri, istedadlı və yaradıcı gənclər daxil ediləcək.

 

Gənclərin Problemləri üzrə Ekspert Komissiyasının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən ediləcək.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir