Modern.az

Deputatlardan hal şahidlərinin saxlanılmasının məcburi olmamasına ETİRAZ

Deputatlardan hal şahidlərinin saxlanılmasının məcburi olmamasına ETİRAZ

Aktual

16 Noyabr 2016, 12:18

 

“Azərbaycanda belə fikirlər var ki, guya çox zaman cinayət təqibi zamanı əməliyyat-istintaq hərəkətlərini aparan orqanlar maddi sübutları özləri hadisə yerinə qoyur və sonra da götürürlər”.

Modern.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu günkü iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat istinaq zamanı hal şahidlərinin iştirakının saxlanılmasını məcburi hesab etdiyini bildirib. O qeyd edib ki, əgər hal şahidləri istintaqda iştirak etməsə bu tam ədalətsiz olar:

 

“Bəzən istintaq zamanı hal şahidlərini də ittiham edirlər. İndi isə hal şahidi olmadan istintaq çəkilişinin aparılması məhkəmə baxışında çox ciddi şübhə meyarlarını ortaya qoyacaq. Yəni əməliyyat çəkilişinin obyektivliyi, maddi sübutların hadisə yerinə istintaq əməliyyat orqanları tərəfindən qoyulub-qoyulmaması ilə bağlı ədalət mühakiməsi şübhə altına alacaq. Ona görə də hadisə yerində kameralarla yanaşı canlı hal şahidlərinin olması daha obyektiv və ədalətli olar”.

Cinayət-Prosessual Məcəlləsində hal şahidlərinin iştirakının məcburi olmaması təklifinə deputat Çingiz Qənizadə də etiraz edib:

 

“Cinayət Məcəlləsinə görə axtarış və əməliyyat zamanı 2 hal şahidinin iştirakı məcburidir. Bu günə qədər evlərdə, obyektlərdə təqsirkar şəxsə məxsus istintaq aparılan ərazidə hal şahidi yaxud şahidlərinin iştirakı mütləq idi. Amma bu gün bizə təklif olunan layihədə isə qeyd olunur ki, hal şahidi iştirak edə bilər. Bu o deməkdir ki, yəni hal şahidi iştirak etməyə də bilər. Məhkəmə praktikasında 10-15 il bundan öncə görürdük ki, küçədə dayanan bir şəxs hal şahidi qismində çıxış edirdi və bu da məqbul qəbul edilirdi. Hətta hal şahidinin iştirakında məcburilik olanda belə, müəyyən qeyri-oyektivlik yaranan hallar da olurdu. Buna görə də hesab edirəm ki, cinayət işlərində məhləmə baxışları zamanı hal şahidinin saxlanılması mütləqdir”.

 

Çingiz Qənizadə vurğulayıb ki, sovet dövründə belə istintaq zamanı hal şahidi var idi: “Amma bu gün təklif olunan bu bənddə hal şahidinin iştirakı məcburi deyil. Hüquq müdafiəçisi olaraq bu bəndin qəti əleyhinəyəm. Bu bəndin haradan və niyə gəldiyini bir daha aydınlaşdırmalıyıq. Hətta sovet dövründə də hal şahidi var idi. Dəyişikliyə görə vətəndaşın üzərində axtarış aparılarkən hal şahidi qalır və video görüntülər çəkilən zaman da hal şahidi saxlanılır. Amma mənzildə bağda, evdə axtarış aparılarkən hal şahidinin iştirakı məcburi deyil. Bu çox böyük ehirazlar doğuracaq. Beylnəlxalq təşkilatların da buna müsbət rəyi olmayacaq”.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır