Modern.az

Aqrar siyasət komitəsi 3 qanuna dəyişiklik təklif edir

Aqrar siyasət komitəsi 3 qanuna dəyişiklik təklif edir

Aktual

16 Noyabr 2016, 13:43

Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib.

Modern.az-ın xəbərinə görə, komitənin iclasında “ Ailə kəndli təsərrüfatı haqqında”, “Atçılıq haqqında”, “ Hidrometerologiya fəaliyyəti haqqında” qanunlara təklif olunan dəyişikliklər müzakirə edilib.


"Hidrometerologiya fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə müşahidələrin və tədqiqatların aparılması, məlumatların hazırlanması, istifadəsi və mühafizəsi ilə əlaqədar mübahisəli məsələlər qanunvericiliyə uyğun olaraq inzibati və məhkəmə qaydasında həll ediləcək. Hazırkı qanunvericiliyə əsasən belə mübahisəli məsələlər yalnız məhkəmə qaydasında həll edilir.

"Ailə kəndli təsərrüfatı haqqında" qanuna təklif olunan dəyişikliyə görə isə ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanın təklifi əsasında dəyişdiriləcək.

“Atçılıq haqqında” qanun layihəsinə təklif olunan dəyişikliklər texniki xarakter daşıyıb.

Komitə sədri Eldar İbrahimov təklif edilən dəyişiklərin vacib olduğunu bildirib. Komitə sədrinin müavini Eldar Quliyev isə deyib ki, bu gün rayonlarda ailə təsərrüfatları inkişaf edir: “Bəzən bələdiyyələrlə icra hakimiyyətləri arasında səlahiyyət məsələsinə görə anlaşılmazlıq olur. İndi bu dəyişikliklərlə anlaşılmazlıqlar aradan qalxacaq”.

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!