Modern.az

Ramiz Mehdiyev MDB-nin tədbirinə qatılıb - YENİLƏNİB

Ramiz Mehdiyev MDB-nin tədbirinə qatılıb - YENİLƏNİB

16 Noyabr 2016, 23:18

Bu gün Moskva şəhərində MDB-yə üzv ölkələrin təhlükəsizlik şuralarının katiblərinin dördüncü iclası keçirilib. Modern.az-ın məlumatına görə, Novruz Məmmədov AzərTAc-ın müxbirinə müsahibəsində bildirib ki, MDB-nin yaradılmasının 25-ci ildönümünə həsr edilmiş iclasda ötən dövrdə görülən işlər, əldə olunan nəticələr və gələcək planlar ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Müasir dövrdə müəyyən ölkələrin bir-biri ilə əlaqəli şəkildə fəaliyyətinin vacibliyini vurğulayan Prezident Administrasiyası rəhbərinin müavini deyib: “Bu gün beynəlxalq münasibətlər olduqca mürəkkəbdir, beynəlxalq aləmdə vəziyyət hər gün dəyişir. Bugünkü iclasın da mövzusu müasir dövrdə təhdidlər və çağırışlar, onlara qarşı mübarizə formaları idi. Yüksək səviyyədə təşkil olunmuş görüşdə bir çox vacib məsələlər operativ həllini tapdı. Çox mühüm əhəmiyyət kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparıldı. İclasda Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev çıxış edərək bütün məsələlərlə bağlı Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi, ölkəmizin müasir çağırışlara və təhdidlərə qarşı əlaqəli fəaliyyət göstərilməsinə hazır olduğunu bildirdi”.

 

20:42

 

Bu gün Moskva şəhərində MDB-yə üzv ölkələrin təhlükəsizlik şuralarının katiblərinin dördüncü iclası keçirilib. Modern.az saytı xəbər verir ki, iclasda MDB ölkələrində sabitlik və təhlükəsizliyə təhdidlər fonunda regional qarşılıqlı fəaliyyətə dair aktual məsələlər müzakirə olunub. Qeyri-qanuni miqrasiyaya qarşı fəaliyyət,  milli təhlükəsizliyin təmin olunması maraqları baxımından miqrasiya qanunvericiliyinin gələcəkdə təkmilləşdirilməsi məsələsinə baxılıb. Beynəlxalq terrorçu və ekstremist təşkilatların, transmilli cinayətkar qruplaşmaların aktiv fəaliyyət göstərdiyi miqrasiya kanalları üzərində nəzarətin effektivliyinin yüksəldilməsinin vacibliyi qeyd olunub.

 

İclasda antiterror əməkdaşlığı ilə bağlı müzakirə aparılıb. Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriyadakı fəaliyyəti haqda informasiya dinlənilib. Beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi məsələsinə toxunulub. İştirakçılar informasiya-kommunikasiya texnologiyalarından istisnasız olaraq ancaq dinc məqsədlərlə istifadənin tərəfdarı olduqlarını bildiriblər.

 

 

Toplantıda MDB İcraiyyə Komitəsinin baş katibi Sergey Lebedev, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və MDB ölkələrinin təhlükəsizlik şuralarının katibləri iştirak ediblər. Azərbaycanı Təhlükəsizlik Şurasının katibi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, onun müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və PA-nın Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov təmsil ediblər.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı