Modern.az

Şubanı dağlarının "mühasirəsi"ndə: Qobu və qobulular...

Şubanı dağlarının "mühasirəsi"ndə: Qobu və qobulular...

4 Noyabr 2009, 10:40

ABŞERONUN FƏRQLİ DANIŞIQ LƏHCƏSİ İLƏ TANINAN KƏNDİNDƏN REPORTAJ   Mən aşığam Qobuda, Qobustanda, Qobuda. Dönəydim sal daşlara, Qalaydım o Qobuda. Yolum Qobuyaydı, Bakının 10 kilometrliyində yerləşən Abşeron rayonunun qədim kəndinə. “Bakı kəndləri” silsiləsindən növbəti yazımı buradan hazırlayacaqdım. Yola düşməzdən əvvəl kəndin tarixi, adət-ənənələri haqda bir az bilgi topladım ki, işim asan olsun. Qobunun tarixi Tarixçi Sara Aşurbəyli tədqiqatlarında yazıb ki, Qobu kəndi təxminən 700 il əvvəl yaranıb. Bu yaşayış məskəninin adı “çökəklik, müvəqqəti su axarı olan dərə, düzən” mənalarını verir. Qobu hər tərəfdən Şubanı dağları ilə əhatə olunub. Qobuluları Abşeronun başqa kəndlərinin əhalisindən fərqləndirən bir sıra xüsiyyətlər var. Əsas fərqli xüsusiyyət isə danışıq ləhcəsindəki fərqdir, həmin ləhcə Abşeronda yalnız qobululara məxsusdur. Məsələn qobulular “gələcəyəm” sözünü “gələtdi”, “gedəcəyəm”i “gedətdi”, “biləcəyim”i “bilətdi” kimi işlədirlər. Yəni bu kəndin sakinlərinin ləhcəsində işlədilən fellər “ətdi, itdi, atdı, utdu” sonluğu ilə bitir. Bu isə bir qədər şirin və baməzə alınır. Qobunun əhalisi hazırda 10 min nəfərə yaxındır. Yerli əhalinin bir hissəsi  vaxtilə Quba, Şamaxı və Gədəbəydən gələnlərdi. Onları 1937-ci ildə Qobu ərazisinə sürgün ediblər. Qobulular əsasən əkinçilik, maldarlıq, dəvəçiliklə məşğul olurlar. Hazırda Azərbaycanda ən böyük dəvəçilik təsərrüfatı da Qobuda yerləşir. Hazırda kənd əhalisinin bir qismi neft sənayesində çalışır. Adət-ənənələr Qobu ağsaqqalları mənimlə söhbət zamanı bildirdilər ki, kənddə milli adət-ənənələr qorunub saxlanılır. Məsələn, toy mərasimində kişilər və qadınlar ayrı-ayrılıqda otururlar. Qobulular süfrələrində bozbaş, düşbərə, qutab, buğlama, saciçi kimi milli xörəklərə, eyni zamanda ağartıdan hazırlanan yeməklərə üstünlük verirlər. Ağbirçəklərdən öyrəndim ki, Qobu sakinləri Novruz bayramında elə bir büsat, elə bir məclis qururlar ki, onun iştirakçısı olan adam özünü qədim zamanlarda hiss edir. Belə ki, Qobuda hər bir gəlin bayram günündə ata evindən pay gözləyər. Hətta gəlinin 100 yaşı olsa belə. Qobu camaatı üçün dəvəsiz Novruz olmur. At, eşşək minmək, xoruz döyüşdürmək də öz yerində. Hər kəs bu adətlərə əməl etməlidir. Bir adət də var: Novruz bayramında qızlar gəlinlər ağbirçəklərin məclisinə gedib, onlardan xeyir-dua alar. Bayram günündə hər kəsin evində süfrə açılır. Bundan başqa, kəndin mərkəzində ləziz xörəklər bişirilir. Adətə görə, bu xörəkdən hamı yeməlidir. Sonra da böyüklü-kiçikli - hər kəs tonqal ətrafında qol götürüb oynamalıdır. Cavanlar bayram günü meydana çıxıb öz gücünü göstərməlidirlər. Heç kəs bu adətlərə xələl gətirə bilməz. Beləcə, qobulular milli adət-ənənələri yaşadıb bir nəsildən o biri nəsilə ötürür və milli özünəməxsusluqların sıradan çıxmasına imkan vermirlər. Qobuda bir qayda da var, qəbirləri hasarlamaq olmaz. Onu da Qobu bələdiyyəsi tətbiq edib. Kənd öz ənciri ilə də məşhurdur.

Nuru Paşanın qərargahı

1918-ci ilin yayında Bakı uğrunda həlledici döyüşlərə hazırlaşan Qafqaz İslam Ordusu bir müddət Qobu kəndində təlim keçib. O zaman Ordu komandanı Nuru Paşa Qobu sakini Kərbəlayi Qasımın evini özünə qərargah seçib. Deyilənə görə, Nuru Paşa və Qafqaz İslam Ordusunun bir neçə yüksək rütbəli zabiti evin ikinci mərtəbəsində yaşayıblar. Kərbəlayi Qasımın böyük ailəsi isə müvəqqəti olaraq, birinci mərtəbədə məskunlaşıb. İngilislərin hədəfindən yayınmaq üçün gecələr evdə lampa yandırmaq qadağan olunubmuş. Nuru Paşa və silahdaşları Qobuda olduqları vaxt evin gəlinlərindən biri uşaq dünyaya gətirir. Nuru Paşa birinci mərtəbədəki səs-küyün səbəbini öyrənəndə dərhal heç vaxt yandırmadığı lampalardan birini aşağı göndərir. Evin sahibinin bu mənzərədən bərk təəccübləndiyini görən zabit Nuru Paşanın arzusunu dilə gətirir: "Paşam dedi ki, qoy, cocuk gözünü işıqlı dünyaya açsın". İndi Qobuda elə bir adam tapılmaz ki, Kərbəlayi Qasımın evini tanımasın və bu evin Bakının tarixində necə önəmli rol oynadığını bilməsin. Qoçular Bütün Bakı kəndləri kimi Qobuda da məşhur qoçular olub. 1918-ci ildə kənd erməni-daşnak qüvvələriin köməyə çağırdığı ingilislərin hücumuna məruz qalıb. Həmin vaxtlarda xilaskar türk ordusu gələnə kimi Məşədi Hilal İsmayıl oğlu, Qoçu Adilin rəhbərliyi altında kəndin say-seçmə kişiləri daşnak-bolşevik, ingilis quldurlarının qabağını ala biliblər. Deyilənə görə, Qoçu Adilin qəhrəmanlığından xəbərdar olan Nuru Paşa hətta ona silah da bağışlayıb.  Qobulular Bu kənddən bir çox üləmalar, dərvişlər, ruhanilər, ziyalılar, alimlər çıxıb. Şeyx Əbdülhüseyn, Şeyx Əliməmməd, Şeyx Məmmədkərim, Molla Murad, Molla İmanqulu, Mirzə Abdulla, Mirzə Hacı, Mirzə Cəbrayıl, Mirzə Mirzəbala, Yusif Bayramov, xalq rəssamı Qəzənfər Xalıqov kimi tanınmışlar Qobuda doğulub, boya-başa çatıblar. Qobuda Böyük Vətən Müharibəsində iştirak edən 400-dən artıq müharibə iştirakçısının xatirəsinə abidə qoyulub. Müharibədə iştirak edənlərdən 4 kişi 1 qadın sağ qalıb. Qarabağ savaşında isə Qobu kəndindən 170 nəfər iştirak edib, 7 qobulu şəhid, 6-sı əlil olub. Abidələr Kənddə tarixi memarlıq abidəsi kimi tanınan hamam var. Deyilənə görə bu hamam XIX əsrdə kəndin xeyriyyəçisi Mirzə Abdulla tərəfindən tikilib. Kənd sakinləri hamamın dağılıb getməsindən narahatdırlar. Onların sözlərinə görə, XIX əsrdə tikilmiş hamam tarixi abidə kimi qorunmalıdır, amma aidiyyatı qurumlar buna biganə yanaşır. Tarixi abidə kimi qorunan sofu Həmid piri, Qırxqızlar piri, Nişangah qala da maraq doğurur. Deyirlər dağın ətəyində yerləşən Qırxqızlar pirindən hər cümə günü su çıxır. Kənddə qədimi qəbirstanlıq var ki, oradan aparılan bəzi daşlar indi İçərişəhərdəki karvansarada saxlanılır. Daşların üstündəki yazılar isə şikəstə xətlə yazılıb. Zooloji Park da burada yaradılacaq Qeyd edim ki, Azərbaycanda yeni yaradılacaq Zooloji Park məhz Qobu kəndində yerləşdiriləcək. Parkın ərazisi 230 hektar nəzərdə tutulub. Hazırda Zooloji Parkın yaradılması üçün seçilmiş ərazinin istifadəsinin yararlılıq dərəcəsinin öyrənilir. Ərazidə çalışan mütəxəssislərdən öyrəndim ki,Zooloji Park forma və məzmununa görə dünyada analoqu olmayan bir layihədir və burada tək Azərbaycanın deyil, digər qitələrin də bitki və heyvanat aləmilə tanış olmaq mümkün olacaq. Parkda tikiləcək binaların üzərində Qobustan qayaüstü rəsmləri, paleontoloji materiallar, orta əsr miniatür sənəti və Azərbaycanın heyvanat aləminin tarixi inkişaf dövrü nümayiş etdiriləcək. Dünya təcrübəsinə əsasən, Zooloji Park bioloji müxtəlifliyin, xüsusən nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Qobunun şan-şöhrətli xalçası Sovet dövründə kənddə Quşçuluq fabriki olub. Sakinlər deyirlər ki, fabrik 1992-ci ildə ləğv edilib. Qobu xalçası öz çeşidinə və öz toxunuşuna görə həmişə Azərbaycanda tanınıb. Burada xalçanı dəvə yunundan hazırlanan, təbii otlarla rənglənən iplərlə toxuyurmuşlar. Vaxtilə  Qobu xalçası hətta xaricə də satılırmış. Hazırda da qobulular bu sənətlə məşğul olurlar. Kənddəki  Xalçaçılıq fabrik təmirə dayandırılıb. Fabrikin işçiləri bildirdilər ki,  təmir başa çatdıqdan sonra burada 200-ə yaxın işçi çalışa biləcək. Qobuda 3 məktəb, 2 uşaq bağçası var. Kənddə 45 çarpayılıq xəstəxana da fəaliyyət göstərir. Problemlər Qobunun mərkəzləşmiş kanalizasiya sistemi yoxdur, ancaq yağış sularının axıdılması üçün 16 km beton kanal çəkilib. Yaşayış məntəqəsində 16 işıq transformatoru qoyulub. Qobulular dedilər ki, onların əsas problemi təbii qazın olmamasıdır. Çünki kəndin 30-35%-nə təbii qaz verilir. Qeyd edim ki, kəndin daxili yolları ilə hərəkət edən avtobus marşrutu açılıb. Bələdiyyə sədri Mübariz Bayramov dedi ki, Qobuda bütün ailələr torpaqla təmin edilib: “Bölgü zamanı yerli sakinlərə həmişə güzəşt edilib. İmkansız ailələrin torpaq sahəsilə təminatı onlara lap asan başa gəlib”. Qobuda bir dənə də olsun istirahət park yoxdur. Sakinlər isə bunu istəyirlər. Hazırda kənddə yeni tikililər inşa edilir. Bunlar mədəniyyət kompleksi, musiqi məktəbi, idman kompleksi, məsciddir.

Qobu burdan başlayır

 Kəndin ümumi mənzərəsi

 

Qobu vulkanı
Şəhidlik
 
Qobu məktəbi
Məscid

 Təmirə dayandırılan xalçaçılıq fabriki

Fabrikdə xalça toxumaq üçün avadanlıq (hanalar)

 Yeni tikilən məscid

 Məktəbəqədər tərbiyə müəssisəsi

Şəhid abidəsi

Qobuda pir

Pirin içərisindəki dəvə abidəsi

Qədim tikili

Uçub-dağılmaqda olan qədim hamam

13 metr dərinliyi olan qədimi su quyusu

Xəstəxana

 Bu da orta məktəbdi

Günay MUSAYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi