Modern.az

Gəncənin yeni baş planı açıqlandı, şəhər meqapolis olacaq

Gəncənin yeni baş planı açıqlandı, şəhər meqapolis olacaq

Ölkə

3 Mart 2011, 10:33

Gəncə şəhər icra hakimiyyətində Azərbaycan Dövlət Layihə İnstitutu tərəfindən hazırlanan Gəncə şəhərin baş planının konseptual layihəsi müzakirəyə çıxarılıb. Baş plan layihəsinə əsasən şəhərin infrastrukturunda və funksionallığında bir sıra yeniliklərin edilməsi, Gəncənin iri meqapolisə çevrilməsi nəzərdə tutulur. Baş plana əsasən, Gəncə şəhərinin 2030-cu ilədək inkişaf strategiyası və infrastrukturu, şəhərin iri meqapolisə çevrilməsi üçün lazım olan şəraitin yaradılması göstərilib. Konseptual inkişaf layihəsinə əsasən 9980 hektar ərazisi olan şəhər ərazisinin təxminən 2 dəfə böyüdülərək 17 min hektara çatdırılacağı planlaşdırılır.

Baş planda şəhərdə bir sıra yeni zonaların yaradıması nəzərdə tutulub. Bundan əlavə planda şəhərin qədimliyini və tarixi abidələrini qorumaq üçün milli qoruq zonası yaradılması da layihələndirilib. Beynəlxalq standarlara görə şəhərlərdə əhalinin sıxlığının normal olması üçün adambaşına 18 m2 mənzil sahəsi düşməli olduğu halda Gəncədə bu göstəri 13.9 m2-dir.
2015-ci ilədək bu göstəricinin 15.5 m2-ə çatdırılması nəzərdə tutulur ki, bunun üçün 1 milyon 990 min m2 yeni yaşayış binaları tikilməli, 2015-2030-cu illər arasında isə daha 2 milyon 572 min m2 mənzil sahəsi istifadəyə verilməlidir.

Baş plana  əsasən, həmçinin küçələrin genişləndirilməsi, ekoloji tədbirlərin həyata keçirilməsi, yaşıllıqların, istirahət güşələrinin artırılması nəzərdə tutulur. Planda nəzərdə tutulur ki, şəhərdə mövcud olan 145 hektar yaşıllıq sahəsi 2251 hektara çatdırılsın. İcra hakimiyyətində şəhər ziyalılarının baş planla bağlı fikir və təklifləri dinlənilib. Çıxış edənlər baş planın şəhər üçün əhəmiyyətindən danışıblar. Təkliflər nəzərə alınmaqla Gəncə şəhərinin baş planı qəbul olunub.

Xaliq Qurbanov
Gəncə
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır