Modern.az

Azərbaycanda ov turizmi: hansı heyvanı nə vaxt və harda ovlamaq olar?

Azərbaycanda ov turizmi: hansı heyvanı nə vaxt və harda ovlamaq olar?

Ölkə

3 Mart 2011, 12:05


Hazırda turizm planetar miqyasda sürətlə inkişaf edən biznes sahələrindəndir. Dünya üzrə ümumi milli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür, göstərilən xidmətlərin təqribən üçdəbiri beynəlxalq turizm vasitəsilə həyata keçirilir. Dünyada əmək qabiliyyətli əhalinin 8,1 faizi turizm industriyasında və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur.

Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin - kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini, xüsusi maraq kəsb edən və s. inkişafı üçün geniş imkanlar mövcuddur. Son illər respublikamızda inkişaf edən turizm növlərindən biri də ovçuluq turizmidir.

Bunu Modern.az-a açıqlamasında Respublika Ovçular və Balıqçılar Cəmiyyətinin sədr Fizuli Əşrəfov da təsdiqləyib. O bildirib ki, Azərbaycanda ovçuluq turizmi 1963-cü ildən fəaliyyət göstərsə də? bu turizm növü indi–indi fəallaşıb.

“Həmin vaxtlar turizmin bu növü çox zəif olub. 90-cı illərdən, xüsusilə də 2000-ci ildən bu sahəyə maraq çoxalmışdı. Lakin 2005-ci ildən “quş qripi” ilə əlaqədar quş ovuna qoyulan qadağa turizmin bu növünə olan həvəsi azaldıb”.

Onun sözlərinə görə, məhz beş illik qadağa nəticəsində, ölkəyə gələn xarici ovçu turistlərin də sayı azalıb.

F.Əşrəfov Azərbaycanda ovçuluq turizminin əsas inkişaf edən növləri barədə də məlumat verərək bildirib ki, respublikamızda quş və dağ keçisi ovu daha çox inkişaf edib: “Xarici ovçu turistlər Azərbaycana məhz quş ovuna, xüsusilə də dağ keçisinin ovuna gəlirlər. Ümumiyyətlə istər yerli ovçular, istərsə də əcnəbi ovçular əsasən bu heyvanların ovlanmasında maraqlıdırlar”.

Son vaxtlar Azərbaycana nə qədər əcnəbi ovçu turistin gəldiyini dəqiq deməyin mümkün olmadığını söyləyən Fizuli Əşrəfovun sozlərinə görə, ayrı-ayrı firmalar, şirkətlərin xətti ilə də respublikaya xarici ovçular gəlirlər. Buna görə onların dəqiq sayını demək mümkün deyil.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə Azərbaycanda hansı heyvanların nə zaman ovlanmasına icazə verilməsinin xüsusi qrafiklə tənzimləndiyini deyib.

“Misal üçün təkə iyun-oktyabr, qaban (çöl donuzu) sentyabr-dekabr, dovşan dekabr-fevral, bataqlıq qunduzu (nutriya) oktyabr-fevral aylarında ovlana bilər. Çaqqal və yenotun sayının tənzimlənməsi məqsədilə onların ilboyu ovlanmasına icazə verilir. Quş ovuna isə “quş qripi” ilə əlaqədar qadağa qoyulub”.

H.Əlizadə həmçinin qeyd edib ki, vəhşi heyvanların ovlanması  müvafiq ov sahələri və ovçuluq təsərrüfatları üzrə məhdudlaşdırılır.

“Vəhşi heyvanların sayının tənzimləməsi məqsədilə qabanı Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllıda , təkənin Zaqatala, Şəki, Qax, Oğuzda,  dovşanın isə Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlıda müvafiq ov sahələrində ovçuluq təsərrüfatlarında ovlanmasına icazə verilir. Eyni zamanda, Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafında olan 1 kilometrə qədər sahələrdə ov qadağan edilir. Buna riayyət etməyənlər isə təbii ki, ciddi şəkildə cəzalandırılır”.

Direktor müavini bildirib ki, ov etmək üçün icazə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələri tərəfindən verilir.

“Birdəfəlik ov icazəsinin qiyməti isə belə müəyyən edilib: Dovşanın ovlanması üçün 2.20 manat, çaqqala 3.96 manat, yenota və qunduza 1.65 manat, təkəyə 24.75 manat, qabana (çöl donuzu) 16.5 manat təşkil edir”.

Məlumdur ki, ölkəyə ov etməyə gələn xarici turistlər özləri ilə ov silahları gətirirlər. Daxili İşlər Nazirliyinin analitik informasiya şöbəsinin rəhbəri Orxan Mansurzadə isə bu silahların gətirmə qaydaları barədə məlumat verib.

Lakin o, öncə həmin turistlərin ölkəmizə gəlmə qaydalarından danışıb. 

“Ov mövsümü ilə əlaqədar xarici ovçu turistlərə ov təşkil etməyi öhdəsinə götürən müəyyən firmalar var ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə həmin firmanın arasında müəyyən müqavilələr imzalanır. Əgər ölkəmizə xarici vətəndaşlar ov etmək üçün gəlirlərsə, həmin firmalar, yəni ov təşkil etməyi üzərinə götürən firmalar əvvəlcədən Ekologiya və Təbii Sərvətlər Nazirliyini bu barədə xəbərdar edirlər və nazirlik tərəfindən həmin işin təşkili üçün müəyyən lisenziya verilir”.

O.Mansurzadə bildirib ki, əcnəbilər özləri ilə ov silahları gətirdikləri üçün Daxili İşlər Nazirliyinin müvafiq strukturları tərəfindən həmin ov silahının ölkəmizə müəyyən müddətə gətirilməsinə icazə verilir.

“İcazə də həmin ov etməyi üzərinə götürən firmanın məsul şəxsinə verilir, yəni məsuliyyət həmin məsul şəxsin üzərində olur. Ov silahısına icazə müəyyən müddət üçün, məsələn, 10, 15, 20 günlüyə həmin xarici ovçunun ölkəmizdə ov etdiyi müddətə verilir. Həmin müddət bitəndən sonra isə xarici vətəndaş silahını da təhvil götürüb gedir”.

Analitik informasiya şöbəsinin rəhbəri qeyd edib ki, bu prosesdə Daxili İşlər Nazirliyinin müvafiq idarəsinin icazəsi sırf həmin ov silahının ölkəyə gətirilib aparılması ilə bağlı olur.

“Qalan bütün hallarda məsuliyyət – ova icazənin verilməsi, lisenziyadır-bunlar hamısı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə düşən vəzifədir”.

Bundan əlavə, O.Mansurzada onu da vurğulayıb ki, xarici vətəndaş  Azərbaycanda ov silahı ala bilməz.

 “Onun belə ixtiyarı yoxdur. Ancaq özü ilə xarici ölkədən ov silahı gətirib yenidən apara bilər. Daxili İşlər Nazirliyinin müvafiq qurumunun da icazəsi ancaq onun üçündür, yəni bu silah ölkəyə gəldi və getdi”.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır