Modern.az

Həddini bilmə sənəti

Həddini bilmə sənəti

23 Noyabr 2016, 15:23

Sonsuzluğun süzgəcindən keçərək yerə enən qar dənələrini yəqin ki hər biriniz müşahidə etmisiniz. Bizə daxili dinclik bəxş edən bu kiçik dənəcikləri hərdən insanlara bənzətməyi sevirəm. Bizim kimi qar kristallarının da hər biri individualdır. Yaxından baxanda formalarının tamamilə fərqli olduğunu görürük. Lakin uzaqdan müşahidə edəndə onlar da bizim kimi kiçik və eyni kimi təsir bağışlayırlar. Ən əsası isə onlara da bizlər kimi qısa bir ömür biçilib. Göylərdə başlayan səyahət yerə enəndə başa çatır. Hər bir dənəcik – insan vədəsi dolanda əriməyə - ölümə məhkumdur...

 

 

“Həddini bilmə” sənəti və insan təbiəti

 

Dünyaya gəldiyimiz gündən etibarən bizim üçün biçilən qəliblər daxilində yaşayaraq böyüməyə, özümüzü tapmağa çalışırıq. Bizə sərhədsiz kimi görünən dünyaya doğulduğumuz ölkənin, şəhərin, ailənin və mühitin bizə təqdim etdiyi pəncərədən baxırıq. Hər birimizə bu hüdudsuzluğun aldadıcı olduğu, dünyanın yalnız bizim məhdud funksiyalı gözlərimizə “sonsuz” kimi göründüyü öyrədilir. Mütləq gücə malik olan gözlər – Tanrı üçün isə biz kiçicik bir topun üzərindəki balaca insanlarıq.

 

Yalnız kənardan nə qədər kiçik, daxilən isə nə qədər böyük olduğunu qavrayan insan “həddini bilmə” sənətinə yiyələnə bilər. Bəşər övladı bunun fərqinə varmadıqda, öz “mən”inin köləsinə çevrilir. Hər fürsətdə nə qədər böyük, güclü və yenilməz olduğunun sübutuna çalışır.

 

 

İnsanlar “həddini bilmə” sənətinin tətbiqinə uyğun olaraq 3 kateqoriyaya bölünürlər: həddini bilənlər, həddini aşanlar və ümumiyyətlə həddini bilmə anlayışından bixəbər olanlar.

 

 

Həddini bilənlər insanlara münasibətlərini yüz ölçüb bir biçirlər. İstənilən addımı, sözü, əməli, qərarı verməzdən öncə onun nəticələrini, səbəb olacaqlarını götür-qoy edirlər. Bu qəbildən olan insanlar üçün öz “mən”i başqalarının şəxsiyyətindən üstün deyil. Şüurlu olaraq “həddini bilmə” sənətinə yiyələnən şəxslər bütün insanların bərabər və eyni hüquqlu olduğunu tam olaraq dərk etdiklərinə görə, daim ədalətin, haqqın müdafiəçisi rolunda çıxış edirlər.

 

Həddini aşanlar qrupuna daxil olanlar təəssüf ki daha çoxdur. Belə insanlara cəmiyyətin bütün sosial təbəqələrində rast gəlmək olar. Məktəbdə şagirdlərini təhqir edən müəllim, işçilərini 2-ci dərəcəli, özünü isə ali insan hesab edən rəhbər, mağazaya girib istədiyini tapa bilməyəndə satıcıya kobudluq edən və buna haqqı olduğuna inanan alıcı, əcnəbi ölkənin vətəndaşı ilə söhbət zamanı onu aşağılamağa istiqamətlənmiş suallar verən həmsöhbət, “onsuzda xadimə yığışdıracaq da” deyərək əlindəki zibili vedrəyə qədər səbr edə bilməyib yerə tullayan vətəndaş, qarlı, çovğunlu bir havada maşını sürətlə sürərək, səkidəki piyadanın üst-başını bulayan sürücü “həddini aşanlar”a nümunə ola bilər. Belə insanlar özlərini “üstün” olduqlarına tam olaraq inandırdıqlarına görə, çox zaman düşüncəsiz, qeyri-etik davranışlar sərgiləyir və başqalarına zərər verməyə, ya da ən azından daxilən sındırmağa, incitməyə yönəlmiş addımlar atırlar.

 

Fikrimcə, bu 3 kateqoriya arasında ən təhlükəli insanlar “həddini bilmə” anlayışından bixəbər olanlardır. Belələrindən hər an hər cür addımı gözləmək olar. Onlar içindən nə çıxacağı bəlli olmayan “sürpriz yumurta” kimidirlər. Ən pisi isə odur ki, bunu şüurlu şəkildə etmirlər. Tez-tez başqalarının təsiri altına düşənlər, dedi-qodunu sevənlər, insanlar arasında söz aparıb gətirənlər bixəbərlər sırasına daxildir.

 

 

Yəqin ki çoxumuzun ətrafında hərdən bir camaata söz atan, nə vaxtsa arxalarınca lazımsız söz deyən, lakin heç bir pis niyyəti olmadığını iddia edən (çox vaxt doğurdan da pis niyyət güdməyən, lakin düşüncəsiz davranan) şəxslər var. Ya da özümüz nə vaxtsa bu cür addımlar atmışıq. Belə adamlar çox vaxt səmimi qəlbdən özlərinin məsum olduqlarına inanırlar. Düşünürlər ki, heç kimin quyusunu qazmırlar və ya xətər yetirmirlər. Lakin bəzən özləri də bilmədən başqa həyatların məhvinə səbəb olurlar.

 

Həddini aşan da, bu anlayışdan bixəbər olan da çox zaman ətrafındakılara zərər verir. Elə isə onların fərqi nədədir? Həddini aşan öz xarakterini və niyyətini hamıya açıq nümayiş etdirdiyinə görə insanlar ondan nə gözləyəcəklərini bilərək, tədbirli davranmaq imkanı qazanırlar. Bixəbərlər isə müəyyən bir xarakter daşımağı özlərinə yük hesab etdiklərinə görə onlardan nə gözləyəcəyimizi bilmirik. Bu da bizi onların açıq hədəfinə çevirir. Nəticədə, özünü “həddini aşan” şəxslərdən müdafiə etməyi bacaran bir şəxs belə, bixəbərin şüursuz davranışlarının qurbanına çevrilir.

 

Əlbəttə, hər birimiz həyatımızın müəyyən mərhələlərində bu kateqoriyalar arasında yerimizi dəyişmişik. İlkin mərhələdə həddini bilməyin nə demək olduğundan xəbərsiz olmağımız normaldır. Lakin çoxumuz sonradan seçdiyimiz həyat yoluna uyğun olan kateqoriyaya daxil oluruq. Seçim etməyən şəxs ilk növbədə özü, sonra isə başqaları üçün təhlükədir.

 

 

Müxtəlif dövrlərdə insanların “hədd” anlayışı

 

“Hədd” anlayışı insan yarandığı gündən bəri mövcud olub. Lakin o, müntəzəm olaraq “qəlib”ini dəyişməkdədir. Məsələn, qədim dövrlərdə öz üstünlüyünü kiməsə göstərmək istəyən bir insan əsasən qarşısındakına fiziki olaraq xətər yetirməyə çalışırdısa, indi daha çox psixoloji zərbə endirmək məqsədi güdür.

 

Tarix boyu milyonlarla canın tələf olmasına səbəb olan döyüşlər, qırğınlar, müharibələr “həddini aşan” beyinlərin məhsuludur. “Hədd” dedikdə yalnız digərlərinin ona göstərməli olduğu etimadı, hörməti, sədaqəti nəzərdə tutan eqolar əsrlər boyu fəlakətlər törədiblər.

 

 

Bununla belə, sözlər, istehzalı gülüşlər, həmçinin zorakılıq ehtiva edən üsullar bütün dövrlərdə həddini aşanların silahı olub. Ümumiyyətlə, dövr, zaman insan təbiəti üçün heç vaxt meyar olmayıb. Tarixə nəzər salanda görürük ki, üslublar, üsullar, geyimlər, saç modelləri, davranış qaydaları dəyişsə də, insanlar hər zaman mənfi və ya müsbət əməllərini törətmək üçün özlərinə imkan yarada biliblər. Fikrimcə, bəni-adəm nə vaxtsa yad planetlərdə yaşamağın, müxtəlif zamanlar arasında səyahət etməyin bir yolunu tapsa belə, öz xislətini qonaq olacağı planetlərə və zamanlara da daşımağa nail olacaq.  

 

“Həddini bilmə” sənəti və daxili aləm

 

Şəxsiyyətimizi zənginləşdirən digər keyfiyyətlər kimi, “həddini bilmə” sənətinə yiyələnməyə aparan yol da daxili aləmimizdən keçir. Müntəzəm olaraq öz daxilindəki “rəf”lərə sıralanmış “kitab”ları yerbəyer etməyən, yığışdırmayan şəxs özünün əsl “böyük”lüyünün fərqinə vara bilməz. Əlindəki imkanlara aldanaraq həyatdakı mövqeyini özünün “böyüklüy”ü zənn edən bu cür şəxs onları itirdiyi təqdirdə bir heçə çevrilir. Çünki sığınacağı və özünün nə qədər “böyük” olduğunu kəşf edə biləcəyi bir limanı - daxili dünyası yoxdur. Ən cılız insanlar zahirdəki “bəzəyə” güvənərək, daxilini boş saxlayanlardır.

 

 

“Həddini bilmə” sənəti, etiket qaydaları və mədəniyyət

 

Gündəlik həyatda, həmçinin işgüzar mühitdə hər birimiz birbaşa “həddini bilmə” sənətinə aidiyyatı olan məqamlarla qarşılaşırıq. Çox vaxt bu məqamların fərqinə varmır, ötəri yanaşırıq. Lakin kiçik kimi təsir bağışlayan həmin nümunələr bizim cəmiyyətdəki mövqeyimizə birbaşa təsir edir.

 

 

Etiket qaydaları insanlar arasındakı münasibətlərdə tənzimləyici rol oynayır. Ona görə də onların “həddini bilmə” sənətinə birbaşa dəxli var. Hansısa bir etiket qaydasının səhv tətbiqi və ya ona əməl edilməməsi hətta münasibətlərin pozulmasına gətirib çıxara bilər. Məsələn, tanımadığımız bir şəxsə “sən” deyə müraciət etsək, böyük ehtimalla bunu normal qəbul etməyəcək. Müraciət nə qədər xoşniyyətli də olsa, qarşı tərəf (haqqlı olaraq) buna mənfi yanaşacaq. Ümumiyyətlə, yadlarla da, yaxınlarla da nəzakətlə, lakin məsafəni aşmadan ünsiyyət qurmağı bacarmasaq, həddimizi aşmış olarıq.

 

 

Cəmiyyətdəki “həddini aşan”ların heç də hamısı bunu mənfi formada etmir. Müəyyən qrup insanlar var ki, onlar status, vəzifə olaraq özlərindən böyük olan ya da sadəcə zahiri keyfiyyətlərinə (geyim-keciminə, istifadə etdiyi nəqliyyat vasitəsinə və s.) əsasən özlərindən böyük olduğuna qərar verdikləri şəxslərə daim hörmətlə yanaşır, onlara “xanım”, “cənab”, “müəllim” deyə müraciət edirlər. Daha aşağı sosial təbəqələrin nümayəndələrinə isə (məsələn, xadimə, fəhlə, sürücü və s.) “xala”, “əmi” və s. deyə xitab eləyirlər. Fikrimcə, bu, səmimi kimi təsir bağışlasa da, istənilən halda ikili münasibətdir. Cəmiyyətdəki mövqeyindən, statusundan asılı olmayaraq, yadlarla münasibət zamanı onların hər birinə eyni dərəcədə hörmət bəsləmək bizim seçimimiz deyil, borcumuzdur. Həmçinin buna əməl etməklə özümüzü “fövqəl mədəni” zənn etməməliyik. Məsələn, xidmətçi bir qadına “xanım” deyə müraciət etməklə, xüsusi bir fədakarlıq, mədəniyyət sərgiləmiş olmuruq. Bunu etmək onsuzda bizim öhdəliyimizdir.

 

İnsanlarla münasibətlərimizi düzgün tənzimləmək istəyiriksə, ilk növbədə onların hər birinə bərabər yanaşmağı öyrənməliyik. Əks təqdirdə, ya münasibət süni alınacaq, ya da ümumiyyətlə alınmayacaq.

 

 

Gizli “həddini aşanlar”

 

Məni hər zaman ən çox qıcıqlandıran məhz bu qrupa daxil olan insanlardır. Onlarla ünsiyyət zamanı müsbət, kinayəsiz yanaşmamaq üçün daxilimdə özüm özümlə mübarizə aparmalı oluram. Bu şəxslər əsl peşəkarlardır. Onlar özlərini “həddini bilən” kimi təqdim etməyə çalışan gizli “həddini aşan”lardır.

 

 

Bu cür insanlara maddi imkanları, təhsili və ya karyerası ilə etiket normaları çərçivəsində öyünməyi bacaranlar daxildir. Məsələn, ünsiyyət zamanı bütün normalara riayət edən, lakin kinayəli təbəssümlə həmsöhbətini yuxarıdan aşağı süzən bir şəxs baxışları ilə “Bax, gör necə mədəniyəm ki, aramızdakı səviyyə fərqini üzünə vurmuram!” deyir. Geyindiyi bahalı brenddən olan libasa iltifat edən rəfiqəsinə həmin geyimin dəfələrlə ucuz qiymətə olan saxta versiyasını almağı məsləhət görən (və bunu qüsursuz bir təbəssümlə, tamamilə səmimi bir üz ifadəsilə) qadın üstüörtülü şəkildə “Sən kimsən ki mənimlə eyni geyinəsən? Heç vaxt mənə çata bilməzsən!” mesajını ötürür. Özü bir neçə təhsil pilləsini başa vurduğu halda, ali təhsil almaqdan imtina etmiş xalası qızına “Əşşi neyləyirsən ee oxuyub? Vallah oxumaq da zülmdü e. Elə bilirsən mən kef çəkirəm?” deyən “qayğıkeş” qohumunun səs tonundan, sözlərindən “Biz fərqliyik! Mən səndən üstünəm!” kimi fikirlər yağır. Söhbət zamanı həmsöhbətinin maraq dairəsini və dünyagörüşünü nəzərə almadan, bilərək onun başa düşə bilməyəcəyi, xəbərsiz olduğu sahələrdən danışan şəxsin bircə məqsədi ola bilər – özünü ağıllı göstərmək!

 

Elə insanlar var ki hər zaman ətraflarında maddi vəziyyəti daha aşağı olan adamları saxlayırlar ki, onların fonunda mərhəmətli görünsünlər və öz üstünlüklərini hiss etsinlər. Elə qadınlar var ki, heç vaxt özlərindən gözəl qızlarla dostluq etmirlər ki, rəfiqələrinin yanında ən gözəl və lider ola bilsinlər. Elələri də var ki başqasının məğlubiyyətindən öz zəfəri kimi istifadə edir. Çətin vəziyyətə düşən tanışına yardım edir ki, sonra bunu hər fürsətdə üzünə vursun və özünün üstünlüyünü göstərsin.

 

Cəmiyyətdəki bütün həddini bilənlər və aşanlar açıq-aşkar özlərini ifşa etsəydilər, həyat dəfələrlə asan olardı. Amma təəssüf ki belə deyil. İnsanların təbiətlərini öyrənə bilmək üçün çox dərinlərə enmək lazım gəlir. Bu cür insanlarla rastlaşdıqda, dərhal özünü müdafiəyə keçməkdənsə, düşünülmüş şəkildə, lakin onun etdiyi mənfini təkrarlamadan cavab verməliyik. Unutmayaq ki, utandırmaq ən böyük cəzadır. Həqiqətən “həddini bilmə” sənətinə yiyələnən bir şəxs gizli və peşəkar “həddini aşan”dan daim öndədir.

 

 

“Həddini bilmək” və “dözmək”

 

Həddini bilmək qarşılaşdığın haqqsızlıqlara, zülmlərə dözməyi qətiyyən tələb etmir. Bunlar tamam fərqli anlayışlardır. Həddini bilmək ilk növbədə öz mənəvi inkişafımız, daxili aləmimizin formalaşması və dəyər qazanmağımız üçün gərəklidir. Sonra isə digər insanların azadlığına və xoşbəxtliyinə mane törətməmək məqsədi daşıyır. Axı bir insanın azadlığı bitən yerdə, digərininki başlayır.

 

“Həddini bilmə” sənəti yalnız kiçiyin böyüyə hörməti demək deyildir. Övlad valideynə, valideyn də övlada qarşı həddini bilməlidir. Tələbə müəllimi dinlədiyi kimi, müəllim də tələbənin sözlərinə qulaq verməlidir. İşçi rəhbərinin tapşırığına əməl etdiyi kimi, rəhbər də işçinin şikayətlərini dinləməlidir. “Həddini bilmə” sənəti həm hüquq və azadlıqlarımızla, həm də mənəvi öhdəliklərimizlə tənzimlənir. Ona görə də ondan suistifadə edərək qarşı tərəfi “dözməyə, tab gətirməyə” vadar etmək yolverilməzdir. Həddini bilən şəxs məhdud, əzilən yox, azad və tolerant insandır.

 

Onsuzda həyat qısadırsa, nəyə görə həddini bilmək önəmlidir?

 

Bəli, ömür fani, insan da ölümlüdür. Mən yaşadığımız qar dənəsi qədər qısa olan həyatın və ona sığdırdıqlarımızın sonsuzluğun içərisində itib batmadığına, əksinə hər bir təfərrüatın həkk olunaraq dəyərləndirildiyinə inanıram. Ona görə də fikrimcə hər bir addımımız, sözümüz, hətta baxışımız önəmlidir və əbədi yaşayır.

 

 

Əlbəttə, inanclarımız fərqli ola bilər və dünyanı rəngarəng edən də elə bizim fərqliliklərimizdir. Lakin nəyə inandığımızdan və ya inanmadığımızdan asılı olmayaraq, hər birimiz dərk etməliyik ki, həyat yalnız bizdən ibarət deyil. Bəli, biz dəyərliyik. Lakin hər bir fərd ayrılıqda özəl və dəyərlidir. Bunu tam olaraq dərk edəndən sonra “həddini bilmə” sənətinə yiyələnmək çətin olmayacaq.

 

Fərdin xoşbəxtliyi və həyatda öz yerini tapması bütövlükdə cəmiyyətin nə dərəcədə xoşbəxt və məmnun olması ilə sıx bağlıdır. Sonsuz zülmətin içərisindəki kiçicik bir parıltı nə qədər güclü olursa olsun, bütün qaranlığı aydınlada bilməz. Beləliklə, “həddini bilmək” bizi mütləq daxili dincliyə və xoşbəxtliyə aparan yoldur.  

 

Həddimizi bilək və bildirək!

 

Gəlin, başqalarının kabusuna, probleminə, düşməninə çevrilməyək! Nə qədər peşəkar və düşünülmüş şəkildə də olsa, həddini aşan və hər fürsətdə öz üstünlüyünü nümayiş etdirən şəxs əsl sevgi və hörmət qazana bilməz. Onun qazandığı hörmət də davranışları kimi saxta olacaq.

 

 

Bizə qarşı həddini aşana da həddini bildirməliyik. Lakin bunu kobudluqla, qəddarlıqla etmək özü elə həddini aşmaq deməkdir. Həddini bildirmək ustalıqla, məharətlə olmalıdır. “Həddini bildirmə” missiyası yalnız qarşı tərəf öz səhvini səmimi şəkildə dərk edərsə tamamlana bilər.

 

 

Həyat nə qədər qısa olsa da, hər bir insanın mənsub olduğu statusu bir neçə dəfə dəyişməsinə kifayət edir. Bugün lovğalandığımız sabah bizim olmaya bilər. Dərk etdiyimiz bütün “özünü yuxarıdan aparma” materiallarının hər an itirilmə ehtimalı var. Elə isə, həddini bilmək bu qədərmi çətindir? Bugün güldüyümüz şəxsin yerində sabah özümüzün ola biləcəyini anlamırıqmı? Doğurdanmı yeganə dəyərimizin mənəviyyatımız olduğunu, əvvəl-axır yox olmağa məhkum olan vücudumuzun acizliyini başa düşə bilmirik? Xoşbəxt olmaq başqalarının xoşbəxtliyinə mane olmağı tələb etmir.  Çünki dünya hər birimizə eyni dərəcədə məxsusdur!

 

 

Xülya Cəfərova

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir