Modern.az

Cavid Qurbanov: “Çalışacağıq ki, bu sınaqdan da üzüağ çıxaq”

Cavid Qurbanov: “Çalışacağıq ki, bu sınaqdan da üzüağ çıxaq”

23 Noyabr 2016, 16:55

Qadın voleybolçular arasında 2017-ci il Avropa çempionatının Azərbaycanda təşkili ilə əlaqədar müqavilənin imzalanma mərasimi keçirilib. 

 

Modern.az-ın xəbərinə görə, Voleybol Mərkəzindəki tədbirə gənclər və idman naziri AzadRəhimov, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov, Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç və digər rəsmi qonaqlar da qatılıblar.

 

Federasiya prezidenti  C.Qurbanov Avropa çempionatından üzüağ çıxmağa çalışacaqlarını bildirib:

 

“Çalışacağıq ki, bu sınaqdan da alnıaçıq-üzüağ çıxaq. AVF əlindən gələni edəcək ki, çempionat uğurla keçsin. Bunun üçün hər kəsdən dəstək gözləyirik. Voleybol çox gözəl oyundur. Qızların bu oyunu keçirməsi isə gözəlliklərin birləşməsi deməkdir. CEV rəhbərliyinə də buna görə minnətdaram”.

 

Gənclər və İdman naziri Azad Rəhimov növbəti çox vacib tədbirə ev sahibliyi edəcəklərini söyləyib:

 

“Əminliklə deyə bilərəm ki, qadınlar arasında Avropa çempionatının ilk dəfə Bakıda təşkili ölkəmizin idman tarixində böyük iz buraxacaq. Bizim güclü voleybol komandamız var. Bu yarış isə gənc voleybolçular üçün yeni imkanlar yaradacaq. Çempionatı ən yüksək səviyyədə keçirməyə çalışacağıq. İlk dəfə çempionat iki ölkədə təşkil olunacaq. Bu da dost və qardaş ölkələr arasında idman əlaqələrinin daha da gücləndirilməsi üçün yaxşı fürsətdir. Cavid müəllim və ölkə prezidentinə, eləcə də CEV rəhbərliyinə tədbirin təşkilinə görə minnətdaram”.

 

Gürcüstanın gənclər və idman nazirinin müavini Şalva Qoqoladze ölkəsi üçün belə məsul çempionatı keçirməyin böyük şərəf olduğunu, bunun üçün əllərindən gələni edəcəklərini

deyib:

 

“Bu, bizim üçün yeni çağırışdır. Qarşıdakı Avropa çempionatı ölkələrimiz arasında onsuz da yüksək səviyyədə olan münasibətlərin daha da yaxşılaşdırılmasına kömək edəcək".

Gürcüstan Voleybol Federasiyasının prezidenti İrakli Çaçua Avropa çempionatı keçirməyi böyük şərəf adlandırıb və bunun yalnız müsbət tərəflərinin olduğunu vurğulayıb:

 

“Əvvəllər Gürcüstan və Azərbaycan arasında dövlət və iqtisadi layihələr mövcud idisə, indi isə idmanla bağlı böyük layihə icra olunacaq”.

 

A.Borisiç bu ideyanı həyata keçirməyə dəstək verdikləri üçün Azərbaycan və Gürcüstana minnətdarlığını bildirib. Onun sözlərinə görə, hər iki ölkədə voleybolun inkişafına böyük diqqət yetirilir:

 

“Bu gün ölkə prezidenti İlham Əliyev voleybol haqda xoş sözlər dedi. Üstəlik, o, Avropa çempionatının keçirilməsi haqda sərəncamın imzalayıb. Bunlar dövlət başçısı səviyyəsində voleybola göstərilən böyük diqqəti ifadə edir. Belə addımlardan sonra biz çətin vəziyyətdə qalmışıq. Çünki belə yüksək etimadı azərbaycanlı və gürcüstanlı həmkarlarımızla birgə doğrultmağa çalışmalıyıq. Azərbaycana yüksək qonaqpərvərliyə görə minnətdaram. Bütün qonaqların "Bakı-2015" I Avropa Oyunları və Tbilisidə keçirilmiş Avropa Yeniyetmələrinin Olimpiya Festivalındakı kimi məmnun qayıdacaqlarına ümidvaram".

 

Daha sonra C.Qurbanov, A.Rəhimov və gürcüstanlı nazir müavini Şalva Qoqoladze arasında Avropa çempionatının təşkilinə dair müqavilə imzalanıb.

 

Xatıraladaq ki, Avropa çempionatı gələn il sentyabrın 20-dən oktyabrın 1-dək Azərbaycanla yanaşı, Gürcüstanda da təşkil olunacaq. Lakin qonşu ölkədə cəmi bir qrupun oyunları və 1/4 final matçları keçiriləcək. Digər 3 qrupdan biri Göygöldə, ikisi isə Bakıda mübarizə aparacaq. Yarımfinal və final görüşləri də Bakıda olacaq. Çempionata 16 komanda qatılacaq. Bunlar ev sahibləri Azərbaycan və Gürcüstanla yanaşı, AVRO-2015-in mükafatçıları Rusiya, Hollandiya və Serbiya, həmçinin ilk 5-likdə qərarlaşmış Türkiyə və Almaniya yığmalarıdır. Seçmə mərhələnin yekununda isə onlara İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus, "pley-off"dan isə Çexiya, Ukrayna və Macarıstan da qoşulub.

 

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...