Modern.az

Deputat avtobusa mindi və dəhşətə gəldi

Deputat avtobusa mindi və dəhşətə gəldi

Parlament

5 Mart 2011, 15:43

Fuad Muradov: “Sərnişindaşımada ciddi islahatlara ehtiyac varmış...”


Seçicilərinin müraciəti əsasında deputat Fuad Muradov bu gün minik vasitəsi kimi sərnişin daşıyan avtobuslardan istifadə edib. Bu barədə Modern.az saytına deputatın özü məlumat verib.
F.Muradov qeyd edib ki, iritutumlu avtobuslarda gedərkən sürücülərin sərnişinlərlərə davranışından, onların nəqliyyat vasitəsini idarə etmələrindən dəhşətə gəlib: “Sanki avtobus sürücüləri bu ölkənin vətəndaşları deyillər. Onlar avtobusu elə idarə edirlər ki, elə bil sərnişin deyil, yük daşıyırlar. Hər an təhlükə yaradırlar. Mən bu məsələnin əsl səbəbini öyrənmək üçün sürücülərlə söhbət etdim. Hamısı eyni cavabı verdi: “Gün ərzində bizə 100 manat plan qoyurlar. Bu planı verməsək, vəssalam! Ona görə də özümüzü ora-bura vurmalıyıq ki, planı ödəyək, üstəlik uşaqlarımıza da çörəkpulu aparaq”.

Deputat bildirib ki, sürücülərin narazı olduğu digər məqam Bakı şəhərində dayanacaqların ya olmaması, ya da tıxac olan yerlərdə quraşdırılmasıdır: “Bilirsiniz, mən məsələni bir qədər araşdırdım, məlum oldu ki, bizdə plan məsələsi qanuni deyil. Burada üç tərəf var, sahibkar, sürücü, bir də bu işlərə məsul olan dövlət qurumu. Sürücünü məcbur etmək olmaz ki, plan dedikləri pulu yığmağa diqqət versin. Belədə onu potensial qəza tərədəcək şəxsə çevirirlər. Təklif edəcəm ki, sərnişindaşıma sahəsində ciddi islahatlara başlanılsın”.

F.Muradov sərnişin daşıyan sürücülərin ciddi yoxlanmasını da zəruri sayır: “Öncə onların psixi durumunu testdən keçirmək lazımdır. Sərnişinlərin taleyini hər yoldan ötənə etibar etmək olmaz. Bundan başqa, onların təlim-tərbiyəsi ilə də maraqlanmaq vacibdir. Avtobus ictimai nəqliyyatdır. Ona görə də burada insanlarla sürücülərin davranış məsələsinə də diqqət etmək lazımdır. Təklif edirəm ki, sürücülərə bu məsələlərlə bağlı mütləq təlim keçilsin. Plan məsələsində isə şəffaflıq olmalıdır. Niyə 80, 200, deyil, 100 manat. Bunu aydınlaşdırmaq lazımdır. Biz Gənclər Təşkilatları Milli Şurası olaraq bu məsələni sonadək təqib edəcəyik. Seçicilərimizin qaldırdıqları problemin həllinə nail olacağıq”.

Qeyd edək ki, bir müddət öncə digər millət vəkili Rövşən Rzayev də Bakıda avtobus sürücülərinin yol hərəkəti qaydalarına əməl etmədikəri, sərnişinlərlə kobud davrandıqları barədə məsələ qaldırmışdı.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü