Modern.az

Jurnalist vəsiqəsini nə vaxt istifadə etmisiniz? (Redaktorlar cavab verir)

Jurnalist vəsiqəsini nə vaxt istifadə etmisiniz?   (Redaktorlar cavab verir)

7 Mart 2011, 13:54

Jurnalistlərin jurnalist olduğunu təsdiqləyən yeganə vasitə jurnalist vəsiqəsidir. Bir çox hallarda – tədbirlərdə, kimdənsə müsahibə götürəndə, reportaja gedəndə, polis saxlayıb kimlik soruşanda jurnalist olduğumuzu təsdiqləmək üçün bu vəsiqə imdadımıza yetişir.

 

Modern.az-ın əməkdaşı bir sıra həmkarlarımızdan jurnalist vəsiqəsinin axırıncı dəfə nə vaxt tələb oldunduğunu, ümumiyyətlə onların vəsiqədən sonuncu dəfə nə vaxt istifadə etdiyini öyrənməyə çalışıb.

 

“Mediaforum” saytının redaktoru Hikmət Sabiroğlu ofisdə işlədiyi, redaktə prosesləri ilə məşğul olduğu üçün tədbirlərə getmədiyini və buna görə də jurnalist vəsiqəsinin tələb olunmadığını bildirib. “Ümumiyyətlə jurnalist vəsiqəsindən axırıncı dəfə nə vaxt istifadə etdiyim yadıma gəlmir. İstifadə etmişəmsə, yəqin bu çoxdan olub”. 

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də jurnalist vəsiqəsinin sonuncu dəfə ondan nə vaxt tələb olunduğunu xatırlamır. “Ümumiyyətlə jurnalist vəsiqəsindən uzun müddətdir ki, istifadə etmirəm. Axırıncı istifadəm yəqin bir-iki il bundan əvvəl olub. Jurnalist vəsiqəsindən əsasən reportyorlar bu və ya digər tədbirlərdə iştirak etmək üçün istifadə edirlər.Yəqin hamı məni tanıdığı və ya jurnalist vəsiqəsi lazım olmadığı üçün tələb etməyiblər”.

 

“525-ci qəzet”in redaktoru Yusif Rzayev “jurnalist vəsiqəsinin nə vaxt məndən tələb olunduğu yadıma gəlmir” deyə bildirib. “Jurnalist vəsiqəsindən istifadə etmirəm. Vaxtilə nəqliyat üçün lazım olanda istifadə edirdik. Amma indi heç o da lazım deyil”. 

“Qafqazinfo”nun baş redaktoru Elbrus Ərud qeyd edib ki, jurnalist vəsiqəsinin axıncı dəfə ondan nə vaxt tələb olunduğu yadında deyil. “Heç məndən jurnalist vəsiqəsini soruşan da olmayıb. Vəsiqədən özüm isə təxminən iki ay bundan əvvəl istifadə etmişəm. Metroda problem yaranmışdı, metro kartı işləmirdi. İşçilər də problemi həll etmək istəmirdilər. Uzun çək-çevirdən sonra onlara jurnalist olduğumu bildirdim və vəsiqəmi təqdim etdim. Ondan sonra işçilər işi yola qoydular”.

 

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal axırıncı dəfə jurnalist vəsiqəsinin həm nə vaxt tələb olunduğunu və həm də nə vaxt özü istifadə etdiyini xatırlamır.

“Ümumiyyətlə, jurnalistin vəsiqəsi onun özü və imzasıdır. Vəsiqə o şəxslərdən  tələb olunur ki, o jurnalist fəaliyyətinə xələl gətirib. Bundan başqa, jurnalist hansısa idarə və müəssisələri də narahat edirsə, o zaman da onlardan jurnalist vəsiqəsi tələb olunur.

Bakıda jurnalistlərdən vəsiqənin tələb olunması kütləvi hal deyil. Əsasən rayonlarda, xüsusən yerli məmurlar jurnalistlərlə rastlaşanda onlardan vəsiqə tələb edirlər. Ölkənin aparıcı media qurumları paytaxtda olduğundan və işçilərin rayonlara yolu düşmədiyindən jurnalist vəsiqəsindən daha çox əyalətlərə “ezam olunmuş müxbirlər” istifadə edirlər.

 

 

Aytən ƏLİYEVA

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir