Modern.az

Yeni icra başçısı Sumqayıtda başmaq seyrinə çıxıb

Yeni icra başçısı Sumqayıtda başmaq seyrinə çıxıb

Ölkə

9 Mart 2011, 12:29

Şəhəri ictimai nəqliyyatla gəzən Eldar Əzizovla bağlı şok təfərrüatlar Modern.az-da Bir müddət öncə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Eldar Əzizov işə başlayandan az sonra əhalinin problemlərinin öyrənilməsi üçün fərqli addımlar atır. Ötən həftə o, Sumqayıtdakı bütün qurumlarının rəhbərlərinin, eyni zamanda müxtəlif təbəqələrdən olan sakinlərin iştirakı ilə müşavirə keçirdi. Müxtəlif sosial problemlərdən əziyyət çəkən Sumqayıt sakinləri şikayətlərini elə müşavirədəcə açıq mikrofon vasitəsilə icra başçısının diqqətinə çatdırıblar. Eldar Əzizovun növbəti addımları daha maraqlı olub. Modern.az saytının məlumatına görə, bu dəfə icra başçısı hamıdan xəbərsiz əhalinin arasına çıxıb, sərnişin kimi ictimai nəqliyyata minib, müayinə olunmaq adı ilə xəstəxanaya gedib.

İcra başçısı hələ ötən həftə keçirdiyi müşavirədə xəbərdarlıq edib ki, Sumqayıtda olan qurumların fəaliyyətində bu vaxta qədər olan durğunluğun aradan qaldırılması istiqamətində var gücü ilə çalışacaq. Modern.az saytının məlumatına göprə, yeni icra başçısı Eldar Əzizov əhalinin problemləri ilə daha yaxından maraqlanmaq və şəhərdəki ümumi vəziyyətini öyrənmək üçün əvvəlcə 7 nömrəli marşrutla hərəkət edən avtobusa minib. Maraqlıdır ki, bu zaman onu tanıyan olmayıb. İcra başçısı adi sakin kimi avtobusdakı sərnişinlərlə söhbətləşib.

 

E.Əzizov sərnişinlərə ilk olaraq rayondan gəldiyini və Sumqayıtda heç haranı tanımadığını bildirib. Sonra qeyd edib ki, deyəsən şəhərdə əhalinin vəziyyəti yaxşı deyil. İnsanların ən dərdli yerinə toxunduğundan icra başçısı ilə həmsöhbət olan sakinlər problemlərdən ağızdolusu danışıblar. Qeyd ediblər ki, şəhərdə iş yerləri çox azdır, sumqayıtlılar işləmək üçün Bakıya getməli olurlar, ümumiyyətlə əhalinin dolanışıq səviyəsi aşağıdır, ölkə başçısı bu şəhərə heç diqqət yetirmir və s.

 

Bundan sonra icra başçısı avtobusun sürücüsünə yaxınlaşıb ondan dayanacaqdankənar bir yerdə saxlamağı xahiş edib. Sürücü isə avtobusu saxlayanda Eldar Əzizov Sumqayıtın icra başçısı olduğunu deyib və niyə qanunlara riayət edib dayanacaqda saxlamadığını soruşub. Onun qarşısında çaş-baş qalan sürcü isə cavabında heç nə deməyib. Özünü itirən sürücü icra başçısının ona uzatdığı gedişhaqqını götürməkdən imtina etmək istəyib, o, E.Əzizov düşüb gedəndən sonra toxtaqlıq üçün bir müddət nəqliyyat vasitəsini işə sala bilməyib.

Modern.az saytının məlumatına görə, Eldar Əzizov 7 nömrəli marşrutdan düşdükdən az sonra eyni xətlə hərəkət başqa bir avtobusa minib. İcra başçısı əvvəlki avtobusda etdiklərini yenidən burda da təkrarlayıb. 

                        

Saytımıza daxil olan məlumata görə, Sumqayıtdakı Bərpa Xəstəxanası da gedən Eldar Əzizov müayinə olunmaq adı ilə oradakı həkimlərə müraciət edib, amma ondan qeyri-rəsmi ödəniş tələb olunub. İcra başçısının hətta baş həkimin qəbulunda da olduğu bildirilir. Amma Modern.az saytına açıqlamasında Sumqayıt şəhər Bərpa Xəstaxanasının baş həkimi Kamil İbadov informasiyanın doğru olamadığını bildirib. “Eldar Əzizov xəstəxanamıza gəlməyib. Şəhərin böyüyüdür və istənilən vaxt gələ bilər. Biz onu hər zaman gözləyirik” - deyən baş həkim onlar barədə deyilənlərin yalandan və böhtandan başqa bir şey olmadığını vurğulayıb.

Modern.az saytının məlumatına görə, Eldar Əzizovun Sumqayıtda taksilərə də mindiyi və sürücülərlə danışdığı bildirilir.

 

Ümumiyyətlə, istər sərnişinlər, istərsə də taksi sürücüləri mənzil-komunal xidmətində, ünvanlı sosial yardımın alınmasında problemlərin, rüşvət hallarının çox olduğunu və ordakı iş yerlərində ancaq rəhbər şəxslərin qohumlarının işlədiyini şikayət kimi səsləndiriblər. Bundan başqa insanlar şəhərdə həddən atıq marketlərin olmasından, bunların da həmin yerlərdə işləyən şəxslərin yaxınlarının açmasından danışıblar.

 

Ən maraqlısı odur ki, şəhərdə əhalinin çoxu Eldar Əzizovu tanımayıb və ona görə də problemlər barədə ona ətraflı danışıblar. 

 

Hazırda isə icra başçısının məktəblər ilə maraqlandığı qeyd edilir. 

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!