Modern.az

Rəbiyyət Aslanova: "Hərə özü üçün bir şey formalaşdıra bilməz..."

Rəbiyyət Aslanova: "Hərə özü üçün bir şey formalaşdıra bilməz..."

Parlament

9 Mart 2011, 14:03

Parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova hesab edir ki, Avropadakı beynəlxalq təşkilatların birgə fəaliyyəti nəticəsində məhz vahid miqrasiya sistemi formalaşdirılmalıdır.

- ATƏT son zamanlar Avroatlantik məkanda digər beynəlxalq qurumlarla müqayisədə özünün nüfuz dairəsinin zəiflədiyini görür və təsadüfi deyil ki, bu təşkilat vaxtilə özünün bu məkanın təhlükəsizlik arxitekturasında yerinin möhkəmləndirilməsi məsələsini önə çəkirdisə, indi rolunun artırılması- ATƏTdaxili islahatların aparılması məsələsinə xüsusi önəm verməyə cəhd göstərir. Eyni zamanda, ATƏT daxilində uzun illərdən bəri davam edən gərginlik var, yəni, bu təşkilatın Parlament Assambleyası ilə Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) arasında gərginlik yaşanmaqdadır...

- Bu gərginliyin, qarşıdurmanın əsas səbəbi nə ilə bağlıdır?

- Bu qarşıdurmanın kökündə bu məkana aid olan müxtəlif ölkələrdə keçirilən bu və ya digər seçkilərə  bu iki təşkilatın fərqli yanaşma ortaya  qoyması dayanır. Parlament Assambleyası ilə DTİHB-in hazırladığı hesabatlar arasında həmişə kifayət qədər kəskin fərqlər olur və indi də belədir. Bu isə nəticə etibarilə xoşagələn hal deyil, yəni, konkret bir seçimlə əlaqədar olaraq,  bu iki təşkilatın ortaq mövqeyə gələ bilməməsi əslində bütövlükdə ATƏT-in özünün nüfuzuna ciddi ziyan vurur. Axı, necə ola bilər ki,bir təşkilatın bir qurumu seçkilərə bir cür, o biri qurumu başqa cür qiymət versin və ya verir? Bu, artıq ATƏT-ə üzv olan ölkələrin bu təşkilatdakı nümayəndə heyətlərinin üzvlərində də ciddi  narahatlıq yaradır. Bir daha qeyd edirəm, iki fərqli hesabatın gündəmə gəlməsi seçki keçirilən həmin ölkə haqqında obyektiv fikrin formalaşmasına mane olur. Bu baxımdan, ATƏT Parlament Assambleyasının sonuncu sessiyasında bu məsələ- sözügedən qurumun nüfuzunun, rolunun artırılması məsələsi gündəmə gəlmişdi və bununla əlaqədar da müxtəlif fikirlər səsləndi, yəni, ATƏT strukturlarında hansı islahatlar keçirilməlidir ki, bu təşkilat əvvəlki mövqeyini bərpa edə bilsin. ATƏT əslində böyük bir ərazini - Vankuverdən Vladivostoka qədər uzanan bir məkanı əhatə edir və bu məkanda  təhlükəsizlik mühitinin formalaşması o qədər də asan məsələ deyil...

- Nəyə görə?

- Ona görə ki, həddindən artıq böyük olan bu məsələnin gerçəkləşməsi  kifayət qədər çətindir və eyni zamanda, bunun reallaşması ilə əlaqədər bir növ digər beynəlxalq təşkilatlar da məşğul olurlar. Ancaq ATƏT artıq bir məqamı hiss edir ki, kiçik regional təşkilatlar onu əvəzləməyə başlayıb. Bunun digər bir səbəbi də odur ki, ATƏT məkanına bu məkana aid olmayan olkələrin cəlb olunması prosesi gedir. Daha konkret desək, bu təşkilata müşahidəçi sifətilə şimali Afrika, Aralıq dənizi ölkələrinin cəlb olunması prosesi gedir ki, onlar da çoxlu problemləri  olan bu qurumu əlavə problemlərlə yükləyirlər. Mən özüm ATƏT Parlament Assambleyasının sonuncu sessiyasında söylədim ki, buraya gələndə hər dəfə  yeni məsələ, tamamilə bu məkana aid olmayan məsələ ilə qarşılaşırıq. Halbuki öz məkanınızda olan problemləri həll edə bilmirsiniz, mövqe ortaya qoymursunuz. Son zamanlar bu qurumda belə bir pozisiya da seçilib-status-kvonun qorunub saxlanılması. Bu, heç cür başadüşülən və qəbuledilən deyil. ATƏT-ə, onun Parlament Assambleyasına gələn, ərazisində münaqişə olan ölkələr, onların nümayəndələri artıq status-kvonu qoruyub saxlamaq istəmədiklərini bildirərlər...

- Elə bu status - kvonu saxlamaq Azərbaycan üçün də artıq sərfəli və məqbul deyil...

- Tamamilə, doğrudur. Şəxsən mənim üçün də  bu gün Dağlıq Qarabağ  məsələsində status - kvonun qalması qaneedici deyil. Mən bu problemin həlli üçün ATƏT-i, onun Parlament Assambleyasını seçmişəm və Dağlıq Qarabağ münaqişəsinin çözümü ilə əlaqədar burada öz həmkarlarımdan konkret münasibət, məsələnin gündəmə gətirilməsini istəyirəm. Moldova məsələsi, Kosova məsələsi, Gürcüstan problemi müzakirə olunub, amma nədənsə mənim məsələmin – Dağlıq Qarabağ məsələsinin üzərindən sükutla keçilir. Bu, nə qədər reallığa və gerçəkliyə uyğundur? Yəni, siyasi nüfuzunu bərpa etmək arzusunda olan bir qurum öz məkanındakı problemlərə, xüsusilə münaqişəli problemlərə konkret münasibət bildirməli, onun üstündən sükutla keçməməlidir. Sanki bu qurum zaman qazanmaq arzusu ilə yaşayır. Ona görə sözügedən qurumun Parlament Assambleyasında ATƏT-in rolunun, nüfuzunun artırılması ilə əlaqədar digər ölkələrin nümayəndələri də öz mövqelərini ortaya qoydular və qoyurlar...

- Konkret olaraq, hansı ölkələrin nümayəndələri və hansı ölkələrlə bağlı mövqelər?

- Məsələn,  burada Belarusla – oradakı sonuncu prezident seçkiləri ilə bağlı çox kəskin mövqe ortaya qoyuldu. Qeyd edim ki, bu məsələdə də fikir ayrılıqları özünü büruzə verdi. Amma birmənalı şəkildə Belarusa qarşı kəskin mövqelər sərgiləndi. Bununla belə, həmin kəskin mövqelərdən, təzyiq elementlərindən irəli gələn konkret nəticələr yenə özünü göstərmədi. Xüsusilə Rusiya Belarusa qarşı sərgilənən mövqelərin, təzyiqlərin əleyhinə çıxdı və bəyan etdi ki, əgər bu ölkə bu məkana üzv olubsa, ona ancaq yardım etmək lazımdır. Ona qarşı bu cür aqressiv çıxış etməyə, mövqe sərgiləməyə ehtiyac yoxdur. Yəni, deməkdə məqsədim odur ki, bəzən ATƏT strukturları bu məkanın səlahiyyətlərinə aid olmayan məqamlara da imza atır, qarışırlar.

- Yeri gəlmişkən, ATƏT məkanına aid olan ölkələrdə, xüsusilə Qərb ölkələrində zaman-zaman buraya köç edən miqrantlarla bağlı bir narahatçılıq, təşviş də yaşanmaqdadır...

- Bu məsələ elə ATƏT Parlament Assambleyasının qış sessiyasında da gündəmə gəldi və hiss olunurdu ki, bunlar, xüsusilə  Afrika, Yaxın Şərq, Asiya ölkələrindən gələn miqrantlardan, bu dalğadan bir qorxu hissi yaşayırlar. Onlar gələcəklər, çünki bir sıra ölkələr artıq öz sərhədlərini açıblar, viza rejimini yüngülləşdiriblər. Yəni, Avropa bu dalğaya hazır olmalıdır. Mən çıxışım zamanı şəxsən qeyd etdim ki, yadıma Umberto Bekonun məşhur bir ifadəsi yadıma düşür: Üçüncü dünya artıq Avropanın qapılarını döyməkdədir. Siz istəsəniz də, istəməsəniz də onlar bu qapılardan  içəri girəcəklər və çox gözəl olardı ki, siz bu gün o qapıları açasınız, o insanları normal şəkildə qəbul edəsiniz. Başqa cür mümkün deyil, ola da bilməz. Üçüncü dünya ölkələrində gedən prosesləri Avropa ölkələri görürdülər, görürlər və “qızıl milyardlarla” qalan milyardlar arasındakı o kəskin fərqi də gözəl bilirdilər, bilirlər. Vaxtında bunun üçün tədbir görülmədiyinə görə də indi o axın gəlməkdə davam edəcək və bununla əlaqədar artıq Avropa, ATƏT öz mövqeyini ortaya qoymalıdır. Özü də, bu, birinci dalğa deyil, bu dalğalar hər zaman olub və olacaq. Onu da qeyd edim ki, ATƏT, Avropa məkanına yeni miqrantlar ordusunun gəlməsi ilə əlaqədar onlar çox çevik bir taktika hazırlamalıdırlar...

- Söhbət hansı taktikadan gedir?

- Bilirsiniz, bu məkana müxtəlif ölkələrdən müxtəlif xarakterli, müxtəlif mədəniyyətə malik insanlar gəlir. Ona görə burada ikili münasibət olmalıdır. Gələn miqrant daxil olduğu ölkənin adət-ənənəsinə uyğunlaşmalı və burada inteqrasiyaya maraqlı olmalıdır. Yəni, gettolar yaratmamalıdır. Eyni zamanda, həmin miqrantı qəbul edən dövlət özü də maraqlı olmalıdır ki, onu özünə inteqrasiya etdirə bilsin. Bu, proses qarşılıqlı olmasa, çox böyük ziddiyyətlər ola bilər və olacaq. Amma reallıqda o baş verir ki, Avropa məkanına gələn miqrantlar özləri üçün ayrı-ayrı icmalar – gettolar yaradırlar. Hətta həmin ölkənin yerli əhalisinin dilində belə danışmırlar. Çox az, məhdud sayda ifadələrlə öz mövcudluqlarını davam etdirirlər. Həmin məqam bizdə də yaşanır. Bura gələn çinlilər öz icmalarını yaradırlar və onlar bu ölkəyə inteqrasiya olmaq arzusunda olmurlar... Bu da gətirib ona çıxarır ki, cəmiyyət içərisində sanki başqa bir cəmiyyət yaranır. Dövlət özü də bir müddət bu məsələdə maraqlı olmur, göz yumur. Amma günün birində o böyük bir dalğaya çevriləndə, dövlət üçün böyük təhdidlərə çevrilir. Bu təhdidin qabağının alınması üçün isə miqrantları qəbul edən Avropa məkanı ölkələrində məktəblər açılmalı, kurslar təşkil edilməli, mədəniyyət mərkəzləri yaradılmalıdır və sair. Eyni zamanda, bu miqrantların fəaliyyəti, hərəkəti nəzarət altında saxlanmalıdır. Bununla yanaşı, sessiya zamanı çıxışımda da qeyd etdiyim və yenə də təkrar etmək istəyirəm ki, Avropa məkanında vahid bir miqrasiya sistemi yoxdur. Almaniya kansleri Angela Merkelin belə bir çıxışı olmuşdu ki, multikultiralizm Avropada iflasa uğradı. Mən isə dedim və yenə təkrar demək istəyirəm ki, multikultralizm heç cür iflasa uğraya bilməz. Sadəcə, Avropa məkanının inteqrasiya sistemi iflasa uğrayıb. Aparılan sosioloji sorğulara görə, 2050-ci ilə qədər Avropa 68 milyon insanı itirəcək və ona görə gərək Avropa 100 milyon insanı qəbul edə ki, onu gözləyə biləcək bu və digər böhrandan çıxa bilsin. Odur ki, Avropa ya bununla əlaqədar normal miqrasiya siyasəti yeritməli, ya da özünü böhrana gətirib çıxaracaq bir situasiyaya, sadəcə, seyrçi olmalıdır. Məqamı düşmüşkən, Avropa Birliyi buraya daxil olan ölkələr üçün vahid miqrasiya siyasəti formalaşdırıb. Məsələ burasındadır ki, bu miqrasiya siyasəti formalaşdırılarkən buraya xeyli miqdarda vəsait də ayrılıb. Çox təəssüflər olsun ki, Avropa Birliyindən fərqli olaraq ATƏT hələ də bu məkana daxil olan ölkələr üçün bu vahid miqrasiya siyasətini gündəmə gətirməyib, müzakirə etməyib. Mən çıxışım zamanı bildirdim və indi də bildirmək istəyirəm ki, Avropadakı beynəlxalq təşkilatların birgə fəaliyyəti nəticəsində məhz vahid miqrasiya sistemi formalaşdırılmalıdır. Hərə özü üçün bir şey formalaşdıra bilməz...

Kamil HƏMZƏOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü