Modern.az

31 mart soyqırımı ilə bağlı qəzet tapılıb (FOTO)

31 mart soyqırımı ilə bağlı qəzet tapılıb (FOTO)

Media

10 Mart 2011, 20:30
Azərbaycan mətbuat tarixinin araşdırıcısı, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Siyasi Sənədlər Arxivindən erməni-bolşevik birləşmələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırıma həsr olunan qəzet aşkarlayıb. Məlumatı Modern.az saytına şərh edən A.Aşırlı bildirib ki, "Qardaş qayğısı" adlanan qəzet 1918-ci il noyabr ayının 12-də Tiflisdə nəşr olunub.

Böyük formatda, iki səhifəsi ərəb qrafikalı Azərbaycan əlifbasında, iki səhifəsi rusca çap olunan qəzet bütövlükdə ermənilərin Bakıda və Şamaxıda törətdikləri faciələrə həsr olunub.

"Turan" Gənclər Təşkilatı tərəfindən nəşr olunan "Qardaş qayğısı"nda Mirzəbala Məhəmmədzadənin, Xanım Sultanovanın, Ə.Naxçıvanlının, Ə.Zeynallının məqalələri dərc olunub.

"Rahat uyuyunuz, ey nahaq qurbanlar, rəhmətlər sizə" və "Azərbaycan istiqlaliyyəti uğrunda qırılmış qurbanları Azərbaycan gəncləri hörmətlə xatırlar" ifadələri qəzetin manşetində böyük şriftlərlə çap edilib.

"Qan dəryası", "Bakının mart hadisəsi", "Qanlı günlər", "Mədəni bir zərbə", "Bir az bitərəflik" kimi yazılarda tarixşünaslığımız üçün yenilik sayıla biləcək kifayət qədər faktlar var.

"İsmailiyyə" binasının, "Təzəpir" məscidinin, "Kaspi" və "Açıq söz" qəzeti redaksiyalarının yandırılması, Orucov qardaşlarının elektrik mətbəəsinin dağıdılması, Azərbaycan ziyalılarının məhv edilmə planları, Abbas Səhhətin ölümü kimi faktların əks olunduğu məqalələri ərəb qrafikasından müasir əlifbaya transleterasiya etdiyini söyləyən A.Aşırlı deyib ki, bu materialları kitab halında çap edib ictimaiyyətə təqdim etmək fikrindədir.



Modern.az      

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!